Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Ramiz Mehdiyev barəsində hazırlanmış ittiham aktı artıq ona təqdim olunub və hazırda ev dustaqlığında olan sabiq PA rəhbərinə məhkəməyə çağırışla bağlı bildiriş də göndərilib. Məlumata görə, Ramiz Mehdiyev məhkəməyə müraciət edərək səhhətində problemlərin olduğunu əsas gətirib və prosesdə onlayn qaydada iştirak etmək istəyini bildirib.
Sabiq PA rəhbərinin bu müraciətinə məhkəmənin münasibəti sentyabrın 21-də keçiriləcək hazırlıq iclasında məlum olacaq. Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur. Bu ittihamlar üzrə cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində araşdırılıb və daha sonra məhkəməyə göndərilib.
Ümumiyyətlə, Azərbaycanda "online" məhkəmə təcrübəsi varmı və hansı məqamlarda keçirilə bilər?
Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, ölkəmizdə onlayn məhkəmə sistemi var və pandemiya dövründə məhkəmə bağımlılığının təmin edilməsi üçün bu sistemə şərait yaradılıb:
“Onlayn məhkəmə prosesləri əsasən cinayət işləri ilə bağlı keçirilir. Mülki işlərlə bağlı təcrübədə bu prosesdən demək olar ki, istifadə olunmur. Ancaq cinayət işlərində təqsirləndirilən şəxslər bir çox hallarda barələrində həbs qətimkan tədbiri seçilirsə, saxlama yerlərində, təcridxanada olurlar.
Onların məhkəməyə gətirilməsi və aparılması kifayət qədər vaxt aparan, əziyyətli və problemli məsələ olduğu üçün təqsirləndirilən şəxslərin bütün proseslərin gedişatında fiziki iştirakı olmadan, onlayn məhkəmə prosesinə qoşulmaqla məhkəmə prosesinin keçirilməsi mümkündür". Onlayn məhkəmə dedikdə hakimlər, vəkillər və dövlət ittihamçısı məhkəmə zalında olur, yalnız təqsirləndirilən şəxs onlayn sistemlə saxlanıldığı yerdən, təcridxanadan və ya həbsxanadan məhkəmə prosesinə qoşulur: "Təcrübədə onlayn prosesdə daha çox bu formatdan istifadə edilir”.
Hüquqşünasın sözlərinə görə, prosesdə vətəndaş şahid qismində iştirak etsə, onun gəlməsi və ya gətirilməsi qeyri-mümkün olarsa, ancaq şəxsiyyətin müəyyən olunmasında heç bir problem yoxdursa, o zaman məhkəmə ona onlayn ifadə vermək imkanı yarada bilər:
“Ümumiyyətlə, qanunvericilikdə onlayn məhkəmənin keçirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Sadəcə olaraq onlayn məhkəmənin keçirilməsinin effektivliyini və ya məhkəmənin gedişatına müsbət, yaxid mənfi təsirlərini qiymətləndirərək o imkanı yarada bilər.
Məhkəmə müəyyən etsə ki, şəxsin onlayn iştirakı məhkəmənin gedişatına heç bir maneə törətməyəcək, şəxsin səhhəti, yaşı nəzərə alınaraq belə keçirilməsi mümkündür. Əgər məhkəmə hesab etsə ki, təqsirləndirilən şəxsin, şahidin və yaxid digər şəxsin onlayn iştirakı məhkəmə prosesinin effektinə, dindirilmə prosesinin gedişatına maneə törədə bilər, o halda şəxsin birbaşa fiziki olaraq məhkəmə prosesində iştirakını tələb edə bilər”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: Ramiz Mehdiyev Ruslan Mustafayev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin