Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun mümkün ölümü fonunda respublikada yarana biləcək hakimiyyət boşluğunun aradan qaldırılması yolları üzərində “iş aparılır”. Kadırovun ölümcül xəstəliyi ilə bağlı yeni məlumatlar və onun varisi kimi göstərilən 18 yaşlı oğlu Adam Kadırovun qəzada xəsarət alması fonunda regiondakı vəziyyət son dərəcə ağırdır.
Ölkə.Az-ın məlumatına görə, bu barədə Rusiya media orqanı olan "Важные истории" (Vacib hekayələr) Kremldəki mənbəsinə istinadla yazır.
“Mövcud vəziyyətlə bağlı Çeçenistanda baş verənlərin hamısı ciddi şəkildə gizlədilir. Orada çox mürəkkəb proseslər gedir. Xalq ciddi şəkildə qorxu altına alınıb, heç kim baş verənlər barədə danışmır. Yerli əhaliyə deyilib ki, əgər hər hansı məlumat sızarsa, bütün ailəni yeddinci nəsilə qədər məhv edəcəyik”, – deyə mənbə bildirib.
Kreml üçün mümkün variantlardan biri müvəqqəti rəhbərin təyin edilməsidir. Adam Kadırovun 30 yaşına çatmamış ailənin maraqları naminə hərəkət edərək respublikada sabitliyi qoruyacaq.
Praqadakı Karlov Universitetinin müəllimi, politoloq Dmitri Dubrovskinin sözlərinə görə, “Adamın nüfuzu onun soyadı və mənşəyi ilə bağlıdır. Rusiya daxilində hakimiyyətin sülalə yolu ilə ötürüldüyü, şəxslərə əsaslanan diktatura tipli bir subyekt formalaşıb”.
Digər mümkün ssenari isə Kadırova sadiq bir şəxsin Çeçenistan rəhbəri təyin edilməsidir. Bu vəzifə üçün böyük Benoy tayfasından olan, artıq Çeçenistanın bütün hakimiyyət strukturlarında təmsil olunan bir şəxs uyğun ola bilər.
Onlardan biri – Çeçenistandan Dövlət Dumasının deputatı və Kadırovun uzun illərdir silahdaşı olan, çeçen diasporlarını nəzarətdə saxlayan Adam Delimxanovdur. Kadırov Adamı “hazırlamaq”, ona əlaqələrini, o cümlədən kriminal mühitdəki əlaqələri ötürmək tapşırığını məhz Delimxanova verib.
Digər namizəd isə Çeçenistan hökumətinin başçısı, Kadırovun daha bir yaxın silahdaşı olan və regiondakı repressiyalara cavabdeh sayılan Maqomed Daudovdur. Nəşrin mənbələrinə görə, bu iki fiqur arasında hakimiyyət uğrunda artıq qarşıdurma başlayıb.
Adam Delimxanov və Maqomed Daudov
Dubrovskinin fikrincə, Kadırovun ölümü və mümkün hakimiyyət mübarizəsi kütləvi etirazlara və ya vəziyyətin kəskin şəkildə destabilizasiyasına gətirib çıxarmayacaq. “Ukraynada müharibəyə başı qatılan Moskvanın bir də qeyri-sabit Çeçenistana ehtiyacı yoxdur. Moskva üçün status-kvonu təmin edəcək istənilən fiqur qənaətbəxşdir”, – deyə o vurğulayır.
Politoloq Abbas Qallyamov isə Kadırovun ölümünün həm klanlararası mübarizəyə, həm də kütləvi çıxışlara səbəb ola biləcəyini istisna etmir. “Çeçenistanda narazıların sayı çoxdur və bu narazılıq xüsusilə elitalar daxilində geniş yayılıb. Əgər onlar sistemin zəiflədiyini hiss etsələr və baş qaldırıb mübarizəyə başlamağın mümkün olduğunu düşünsələr, bunu mütləq edəcəklər”, – deyə Qallyamov bildirir.
Varis seçiminə gəldikdə isə, ekspert hesab edir ki, Moskva ilk növbədə riskləri minimuma endirəcək şəxsə üstünlük verəcək: “Çeçenistan prioritet deyil. Əsas prioritet resursları israf etməməkdir. Mövcud bütün resurslar Ukrayna məsələsinə yönəldilib”.
Ölkə.Az