Rasim Balayevin qəbirüstü abidəsi belə olacaq

25.08.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır.

Moderator.az bildirir ki, bu barədə Musavat.com-a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib.

Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

“Layihə adi büst və ya ənənəvi qəbir daşı çərçivəsindən kənara çıxan, 4 hissədən ibarət xüsusi kompozisiya şəklində işlənib. Bir çox standart abidələrdən öz orijinallığı ilə fərqlənir. Kompozisiyada yalnız görkəmli aktyorun öz portret obrazı deyil, həm də onun böyük ekranda canlandırdığı unudulmaz rollar, sənət yolu və şəxsiyyətinin məziyyətləri öz əksini tapıb.

Sənətkarın ailəsi və dostları layihənin Rasim Balayevin şəxsiyyətinə və zəngin yaradıcılığına tam layiq bir əsər olduğunu deyirlər. Eskizlər həm sənətkarın ailəsi, həm də sənət dostları tərəfindən böyük bəyənmə ilə qarşılandı.

Abidənin hazırlanması fərdi təşəbbüs deyil, rəsmi dövlət sifarişidir. Bu səbəbdən layihənin ümumi konsepti və eskizləri kollegial qaydada müzakirə olunaraq yüksək dairələr tərəfindən təsdiqlənib. Artıq hazırlıq prosesinin son mərhələsinə qədəm qoyulub. Eskizlər əsasında istehsala veriləcək abidənin işlərinin tezliklə yekunlaşması və bu ilin payız aylarında Fəxri xiyabanda ucaldılması planlaşdırılır”.

Xatırladaq ki, Xalq artisti Rasim Balayev martın 29-da Türkiyədə Memorial Xəstəxanada vəfat edib. O, l Fəxri xiyabanda dəfn edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью