Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkəmizdə proqram mühəndisliyinin aktual elmi problemləri, əldə olunan nailiyyətlər və perspektivlərə dair mütəmadi olaraq elmi konfranslar, dəyirmi masa və seminarlar keçirilməli, bu məsələlərə geniş ictimaiyyətin və müvafiq dövlət qurumlarının diqqəti cəlb edilməlidir. Eyni zamanda, bu istiqamətdə daha səmərəli fundamental tədqiqatların aparılması üçün maliyyə resursları, qrantlar ayrılmalı və ümumilikdə proqram mühəndisliyinin inkişafına institusional dəstək gücləndirilməlidir.
KONKRET.az bildirir ki, AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev müasir dövrdə ölkəmizdə proqram mühəndisliyi sahəsində mövcud problemlər, əldə olunan nailiyyətlər, yeni çağırışlar və qarşıda duran vəzifələrlə bağlı azərtac-a açıqlama verib.
Akademik 20 ildən çoxdur İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyinin elmi-nəzəri və texnoloji problemlərinə dair çoxaspektli tədqiqatların aparıldığını, 2017-ci ildə ölkəmizdə ilk dəfə olaraq “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” mövzusunda respublika konfransının təşkil edildiyini xatırladıb.
Alim sivilizasiyanın yeni mərhələsində proqram mühəndisliyi sahəsində supergüc dövlətləri arasında qlobal miqyasda ciddi geosiyasi və iqtisadi rəqabətin getdiyini, bu reallıqlar kontekstində Azərbaycanda da bu sahədə elmi tədqiqatların genişləndirilməsi, dünyada mövcud olan tanınmış proqramlaşdırma dilləri və əməliyyat sistemlərindən istifadə etməklə milli iqtisadi və təhlükəsizlik maraqlarına xidmət edən müxtəlif təyinatlı proqram məhsullarının yaradılmasının zəruri olduğunu qeyd edib.
Proqram mühəndisliyini dövlətin kibersuverenliyinin əsas dayaqlarından biri kimi qiymətləndirən akademik bildirib ki, dövlət başçısının müəyyən etdiyi strateji vəzifələr və milli inkişaf prioritetlərinə uyğun olaraq bu sahədə kompleks və ardıcıl tədbirlərin həyata keçirilməsi son dərəcə vacibdir: “Proqram mühəndisliyi problemlərinə diqqət ayırmayan ölkələr başqa dövlətlərin proqram məhsullarından asılı vəziyyətə düşür ki, bu da dövlətin kibersuverenliyinə ciddi risklər və təhlükələr yaradır. Müdrik bir kəlamda deyildiyi kimi, öz ordusunu saxlamayan dövlət başqasının ordusunu saxlamağa məcbur qalacaq”.
“Qlobal çağırışlar, eləcə də ölkəmizdə İKT, rəqəmsallaşma və süni intellektin inkişafı sahəsində həyata keçirilən dövlət siyasəti proqram mühəndisliyi sahəsində yüksəkixtisaslı kadrların yetişdirilməsini zəruri edir”, – deyən alim rəqabətədavamlı peşəkar proqram mühəndislərinin hazırlanmasının milli təhlükəsizlik, rəqəmsal suverenlik və iqtisadi inkişaf baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Bu gün ölkəmizin ali təhsil müəssisələrində proqram mühəndisliyi ixtisası üzrə tədrisin məzmunu, istifadə olunan dərsliklər və metodiki vəsaitlərlə bağlı da müəyyən çatışmazlıqların mövcud olduğunu nəzərə çatdıran Rasim Əliquliyev bildirib ki, bu istiqamətdə institut əməkdaşlarının ali məktəblərlə sıx əlaqəsi və davamlı əməkdaşlığı təmin edilməlidir. Alim institut tərəfindən ali məktəblərdə proqram mühəndisliyinin tədrisi ilə məşğul olan professor-müəllim heyətinə elmi-metodiki dəstəyin göstərilməsinin, universitetlərdə tələbələrə ustad dərslərinin təşkilinin bu sahənin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
O, ölkəmizdə proqram mühəndisliyi istiqamətində fəaliyyət sahəsini tənzimləyən normativ-hüquqi baza, etik çərçivələr, vahid tədris standartları və metodiki yanaşmaların hələ tam formalaşmadığını vurğulayıb, bu istiqamətdə zəruri addımların atılmasının məqsədəuyğun olduğunu söyləyib.
Alimin fikrincə, dünyada proqram mühəndisliyi sahəsində aparılan qabaqcıl tədqiqatların Azərbaycana transfer edilməsi, ölkəmizin elm və təhsil mühitinə uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır: “Əldə olunan bilik və təcrübənin elmi seminarlar vasitəsilə gənc tədqiqatçılara, doktorant və dissertantlara ötürülməsi yeni ideyaların formalaşmasına şərait yaratmaqla, bu sahənin inkişafında əhəmiyyətli rol oynayacaq”.
AMEA-nın vitse-prezidenti proqram mühəndisliyi sahəsində ABŞ, Avropa ölkələri, Çin, Türkiyə və digər dövlətlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələsinə də toxunub. Akademikin fikrincə, institut bu istiqamətdə təşəbbüskar mövqe nümayiş etdirməli, proqram mühəndisliyi üzrə elmi konfranslara yüksək səviyyədə hazırlaşmalı və aidiyyəti elmi müəssissə və təşkilatların, ali məktəblərin, dövlət qurumlarının diqqətini bu məsələyə yönəltməlidir.
Akademik Rasim Əliquliyev proqram mühəndisliyinin ölkənin rəqəmsal inkişafında və kibersuverenliyinin təmin olunmasında strateji rolunu nəzərə alaraq bir sıra mühüm təkliflər də irəli sürüb. Alim bildirib ki, ilk növbədə, proqram mühəndisliyinin müasir vəziyyəti və aktual elmi problemləri kompleks şəkildə təhlil edilməli, bu sahədə mövcud çağırışlar və inkişaf tendensiyaları elmi əsaslarla qiymətləndirilməlidir.
Alim institutda proqram mühəndisliyinə dair tədqiqatlar aparan şöbənin kadr potensialının gücləndirilməsinin vacibliyini önə çəkib. Bildirib ki, bu istiqamətdə fundamental tədqiqatların genişləndirilməsi, gənc alimlərin, fəlsəfə və elmlər doktorlarının yetişdirilməsi institutun qarşısında duran mühüm vəzifələrdəndir. İnstitutun əməkdaşları proqram mühəndisliyinin təbliği və təşviqi prosesində də öndə getməli, sosial media platformalarında çıxışlar etməli, monoqrafiyaların, dərs vəsaitlərinin, metodik materialların, broşür və maarifləndirici nəşrlərin hazırlanmasında fəal iştirak etməlidirlər.
Akademik proqram mühəndisliyinin çoxaspektli problemlərinin araşdırılması məqsədilə mütəmadi olaraq seminarların təşkili, birgə tədqiqatların aparılması və multidisiplinar yanaşmanın tətbiqinin əhəmiyyətini xüsusi vurğulayıb: “Bu istiqamətdə həyata keçirilən ardıcıl kompleks tədbirlər nəticəsində proqram mühəndisliyi Azərbaycanın texnoloji suverenliyini təmin edən aparıcı sahələrdən birinə çevrilə bilər”.
Baş direktor proqram mühəndisliyinin müasir texnoloji çağırışlar fonunda inkişaf perspektivlərinə də toxunub. Data analitika, süni intellekt, big data, əşyaların interneti və s. kimi texnologiyaların proqram mühəndisliyi sahəsinə tamamilə yeni tələblər qoyduğunu, bu sahədə süni intellektin tətbiqi zamanı yaranan problemlərin, alqoritmik qərəzlilik, kibertəhlükəsizlik və etibarlılıq məsələlərinin araşdırılmasının vacibliyini qeyd edib.
Akademik müasir dövrdə proqram mühəndisliyinin əmək bazarında təkcə peşə fəaliyyəti ilə məhdudlaşmadığını, eyni zamanda, geniş mənada kütləvi xarakter daşıyan bir sahəyə çevrildiyini, bu baxımdan rəqəmsal savadlılığın tərkib hissəsi kimi cəmiyyətdə vətəndaşların proqram mühəndisliyi mədəniyyətinin formalaşdırılmasının da zəruri olduğunu söyləyib.