Ratko Mladiç Serbiyada dəfn olunacaq

04.09.2026

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Srebrenitsa qatilinin dəfn mərasimi 7 sentyabrda Serbiyada keçiriləcək

Keçmiş serb komandiri, general Ratko Mladiçin dəfn mərasimi 7 sentyabrda Serbiyada keçiriləcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, keçmiş generala həsr olunmuş anım tədbiri 5 sentyabrda Serbiya Ordusu Evində baş tutacaq.

Mladiçlə vida mərasimi Müqəddəs Luka Kilsəsində keçiriləcək. Bundan sonra o Topçider qəbiristanlığında dəfn olunacaq.

Serbiya Prezidenti Aleksandr Vuçiç generalın dəfn mərasimində "on minlərlə" insanın iştirak edəcəyini proqnozlaşdırıb.

Cinayət Tribunalları üçün Beynəlxalq Qalıq Mexanizmi Mladiçin cəsədinin Rotterdam-Haaqa Hava Limanında ailəsinə təhvil verildiyini təsdiqləyib.

“Informer”in məlumatına görə, Mladiçin cəsədini gətirən təyyarəni Belqrad Hava Limanında serblər "General, təşəkkür edirəm!" və "Evə xoş gəlmisiniz, general!" yazılı bannerlərlə qarşılayıblar.

Qeyd edək ki, Ratko Mladiç 84 yaşında müharibə cinayətlərinə görə ömürlük həbs cəzası çəkdiyi Haaqa həbsxanasında vəfat edib. Mladiç Yuqoslaviyanın parçalanması zamanı Serb Respublikası qüvvələrinə rəhbərlik edib. Haaqadakı Beynəlxalq Cinayət Tribunalı onu Srebrenitsada müharibə cinayətləri və soyqırımı ilə bağlı ittiham edib. General 2011-ci ildə həbs olunaraq Haaqaya ekstradisiya edilib. 2017-ci ildə ömürlük həbs cəzasına məhkum olunub. 2026-cı ilin may ayında məhkəmə onun tibbi müalicə üçün azadlığa buraxılması ilə bağlı tələbini rədd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью