Rauf Arifoğlu İlham Əliyevə məktub yazdı

08.08.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.
Modern.az xəbər verir ki, Prezidentin rəsmi saytında yerləşdirilmiş məktubda deyilir:
“Hörmətli cənab Prezident!

Məni Azərbaycan Respublikasının II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyinizə görə Sizə ən dərin ehtiramımı və səmimi minnətdarlığımı bildirirəm.

Bu ali dövlət təltifini həyatımın ən böyük şərəflərindən biri hesab edirəm. Mənim üçün bu orden yalnız dövlət mükafatı deyil. Bu, ömrünü Azərbaycan milli mətbuatına, istiqlal ideyasına, dövlətçiliyə və milli maraqların müdafiəsinə həsr etmiş bir jurnalistə göstərilən yüksək etimadın ifadəsidir.

Mən milli azadlıq hərəkatının içindən çıxmış bir insanam. Bütün ömrüm boyu Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı, Şuşaya, Xankəndiyə, Xocalıya, Laçına, Kəlbəcərə, Ağdama, Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya və digər doğma torpaqlarımıza qovuşmaq ən böyük amalım, həyat kredom olub. Bu müqəddəs arzunun gerçəyə çevrilməsi mənim nəslimin ən böyük tarixi xoşbəxtliyidir.

Sizin Ali Baş Komandan kimi rəhbərliyiniz altında Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər xalqımızın əsrlər boyu yaşayacaq qürur mənbəyinə çevrildi. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, dövlət suverenliyimizin bütün ərazimizdə tam bərpa olunması təkcə hərbi qələbə deyil, həm də milli ləyaqətin, tarixi ədalətin və dövlət iradəsinin təntənəsi oldu. 44 günlük Vətən müharibəsi günlərində Sizin dünyanın aparıcı media orqanlarına verdiyiniz çoxsaylı müsahibələri xüsusi maraq və diqqətlə izləyirdim. Həmin çıxışlarda nümayiş etdirdiyiniz yüksək hazırlıq, faktlara mükəmməl bələdliyiniz, tarixi yaddaşınız, məntiqiniz, hazırcavablığınız, siyasi uzaqgörənliyiniz və Azərbaycanın haqq səsini inamla dünyaya çatdırmağınız məni bir jurnalist kimi heyran etmişdi. O günlərdə Siz təkcə dövlət başçısı kimi deyil, həm də Azərbaycanın ən güclü siyasi söz sahibi və informasiya cəbhəsinin lideri kimi tarix yazırdınız.

Bu gün həmin tarixi Zəfərin memarı olan Prezidentin imzası ilə təltif olunmaq mənim üçün xüsusi mənəvi dəyər daşıyır. İnanıram ki, Azərbaycan dövləti yaşadıqca, Türk dünyası var olduqca, Qarabağ Zəfəri də, onun müəllifi kimi Sizin adınız da tariximizdə əbədi yaşayacaq. Belə bir şəxsiyyətin mübarək imzasını daşıyan ordeni ömrümün ən qiymətli mükafatlarından biri kimi böyük qürurla qoruyacağam.

Mənə göstərdiyiniz yüksək etimada görə Sizə bir daha dərin təşəkkürümü bildirir, möhkəm cansağlığı, uzun ömür, Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram».

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью