Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan şahmatçısı Rauf Məmmədov dekabrın 5-8-də Portuqaliyanın Portiman şəhərində keçiriləcək rapid, blits və Fişer şahmatı üzrə Avropa çempionatlarında iştirak edəcək.
İdman.Biz xəbər verir ki, qrossmeysterimiz blits yarışının ilkin iştirakçı siyahısında 2648 reytinqlə birinci pillədə qərarlaşıb. Onun ən yaxın izləyiciləri FIDE bayrağı altında çıxış edən Denis Lazavik (2644) və ispaniyalı Hayme Santos Latasadır (2641). Çexiyalı David Navara (2628) və ukraynalı Vasili İvançuk (2621) da iştirakçılar arasındadır.
Məmmədov rapid üzrə ilkin siyahıda 2628 reytinqlə ikincidir. Bu növdə ona yalnız gürcüstanlı Baadur Cobava (2631) üstünlük verir. Lazavik və Santos Latasa hərəyə 2624, ermənistanlı Şant Sarqsyan isə 2622 reytinqlə növbəti pillələrdə yer alıblar.
Fişer şahmatında Azərbaycan təmsilçisi 2632 reytinqlə üçüncüdür. İlk iki pilləni Sarqsyan (2648) və Lazavik (2636) tuturlar.
Yarışlar “Portimão Arena”da Portuqaliya Şahmat Federasiyasının təşkilatçılığı və Avropa Şahmat İttifaqının himayəsi altında keçiriləcək. Tədbir Portuqaliya federasiyasının 100 illik yubiley tədbirləri proqramına daxildir. Çempionatlar ECU üzvü olan milli federasiyaların şahmatçıları üçün reytinq və titul məhdudiyyəti olmadan açıqdır. Hər federasiyadan iştirakçı sayına limit qoyulmayıb.
Rapid çempionatı dekabrın 5-6-da İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Hər şahmatçıya partiya üçün 15 dəqiqə veriləcək, ilk gedişdən başlayaraq hər gedişə 10 saniyə əlavə olunacaq. Dekabrın 5-də ilk beş, ertəsi gün isə qalan altı tur keçiriləcək.
Blits çempionatı dekabrın 7-də təşkil olunacaq. İsveçrə sistemi üzrə 13 turluq yarışda hər iştirakçıya üç dəqiqə vaxt ayrılacaq və hər gedişə iki saniyə əlavə ediləcək. İlk sessiyada beş, günün ikinci yarısında isə səkkiz tur oynanılacaq.
Fişer şahmatı üzrə çempionat dekabrın 8-də keçiriləcək. Bu yarış da İsveçrə sistemi ilə doqquz turdan ibarət olacaq. Vaxt nəzarəti hər gedişə beş saniyə əlavə olunmaqla 10 dəqiqədir. İlk sessiyada dörd, ikinci sessiyada beş tur nəzərdə tutulub. Beləliklə, hər üç yarışda tam iştirak edən şahmatçı dörd gün ərzində 33 partiya keçirəcək.
Noyabrın 17-də yenilənmiş qeydiyyat məlumatlarına görə, rapid yarışında 641, blitsdə 555, Fişer şahmatında isə 272 iştirakçı yer alıb. Eyni şahmatçı bir neçə növdə iştirak edə bilər.
Çempionatların ümumi mükafat fondu 40 min avro (74 828 manat) təşkil edir. Bunun 20 min avrosu rapidə, 12 500 avrosu blitsə, 7500 avrosu isə Fişer şahmatına ayrılıb. Rapid çempionu 5000, blits qalibi 2500, Fişer şahmatında birinci olan iştirakçı isə 1500 avro qazanacaq.
Hər üç yarışda ilk 15 yer üçün əsas pul mükafatları nəzərdə tutulub. Qadınlar, müxtəlif reytinq və yaş qrupları, həmçinin yerli şahmatçılar üçün xüsusi mükafatlar da veriləcək. Hər iştirakçı bir yarışda əsas və xüsusi mükafatlardan yalnız məbləği daha yüksək olanını ala bilər.
Qeydiyyat dekabrın 2-dək davam edəcək. Buna görə iştirakçıların sayı və ilkin reytinq sıralaması dəyişə bilər.