sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Real"ın prezidentliyinə namizəd Enrike Rikelme mümkün qələbəsi halında komandanın baş məşqçi postuna gətirmək istədiyi şəxsin adını açıqlayıb. Sport24.az xəbər verir ki, Rikelmenin idman direktoru vəzifəsinə nəzərdə tutduğu Raul Qonsales komandanın sükanı arxasında məhz almaniyalı mütəxəssis Yurgen Kloppu görmək istəyir.
Bildirilib ki, Klopp bu məlumatın ictimaiyyətə açıqlanmasına etiraz etməyib və namizədliyin yaydığı bəyanatı təsdiqləyib. Əgər bazar günü keçiriləcək seçkilərdə Rikelme qalib gələrsə, Raul iyunun 8-də Kloppla əlaqə saxlayaraq ona idman layihəsini təqdim edəcək.
Rikelmenin seçki qərargahı Kloppu "Real"a rəqabət ruhunu, peşəkarlığı, nizam-intizamı və qalibiyyət mədəniyyətini qaytara biləcək ideal lider kimi xarakterizə edib.
Açıqlamada vurğulanıb ki, məhz Raul baş məşqçi postu üçün ilk gündən yalnız bir namizədin adını irəli sürüb:
"Çempionlar Liqasını qazanan, Liverpulu uzun fasilədən sonra yenidən Avropa və İngiltərə futbolunun zirvəsinə çıxaran, "Borussiya"nı maliyyə nəhənglərinə qarşı çempion edən və çalışdığı hər yerdə özünəməxsus oyun fəlsəfəsi formalaşdıran məşqçi – Yurgen Klopp."
Qeyd edək ki, hazırda Klopp heç bir klubda çalışmır və son aylarda bir sıra təklifləri geri çevirib.