Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Azərbaycanda ali təhsil deyildikdə, bir çox gəncin ağlına ilk olaraq paytaxt universitetləri gəlir. Rayon universitetlərində oxuyan tələbələr isə tez-tez “iş tapmaq çətin olacaq”, “karyera imkanları məhduddur” kimi fikirlərlə üzləşirlər. Bəs bu yanaşma nə dərəcədə doğrudur? Rayon universitetlərində təhsil almış şəxsin uğurlu karyera qurması mümkündür?
Ölkə.Az xəbər verir ki, təhsil mütəxəssisi Qoşqar Məhərrəmov Valyuta.az-a bildirib ki, rayon universitetində təhsil alan şəxslər üçün iş tapmaq çətin olacaq:
“Bu zaman karyera imkanları məhdudlaşır. Ancaq bu, o mənaya gəlmir ki, onlar işsiz qalacaqlar. Onsuz da dünya o istiqamətə gedir ki, bir çox insanın gördüyü işi robot və süni intellektlər icra edəcək. Ancaq insan yeni dövr üçün yeni səriştələr öyrənməyə hazırdırsa, harda təhsil almağı o qədər də fərq yaratmır və onun üçün iş tapmaq problem olmayacaq. Çünki bu, fiziki əməyin yerini intellektual əməyin aldığı dövr olacaq. İnsanlar artıq öyrəndiklərini unudub, başqa yeniliklər öyrənməlidir. Abituriyentlər başa düşməlidir ki, bu gün universitetdə öyrəndikləri sabah işə yaramaya bilər. Əldə etdiyi diplom və sertifikatlar öz hökmünü itirə bilər. Onların istifadə müddəti çox qısadır. Onlar yeniliklərə açıq olmalıdırlar. Bu 21-ci əsrin yeni səriştəsidir. O zaman onlar əmək bazarının ehtiyacına uyğun bacarıqlar yaradıb, yeni karyera şansı əldə edəcəklər”.
Rayon universitetlərinə gəldikdə isə o bildirir ki, uğurlu olmaq mümkündür. “Uğur qazanmaq rayon və ya şəhər universiteti ilə bağlı deyil. Bu insanın özünün öz üzərində işləməsi ilə bağlıdır. Sadəcə mühit və universitetə daxil olarkən topladığı bal baxımından rayon universitetləri daha dezavantajlıdır. Çünki rayonda ingilis dili və kompüter bilikləri əldə etmək imkanları daha aşağıdır”.
“Bundan əlavə, mühit olaraq da ola bilər ki, onun qrup yoldaşları daha aşağı balla universitetə qəbul olublar və onları gələcək haqqında planları daha aşağıdır. Bu səbəblə də, tələbələrin rayon universitetində təhsil alıb, daha uğurlu olması imkanı daha aşağı görünür. Ancaq bu rayon təhsili alan şəxsin uğursuz karyera quracağı anlamına gəlmir. Əgər özü bacarıqlıdırsa və daim inkişaf etməyə çalışırsa rayon və ya paytaxt təhsilinin fərqi yoxdur. Realda paytaxtda təhsil alan bir çox tələbə də bu düşüncədən sıyrıla bilmir. Düşünürlər ki, onlar mütləq iş tapacaqlar. Ancaq özünü inkişaf etdirmədiyi təqdirdə iş tapa bilməyəcəklər. İnkişaf isə təkcə universitetin verdiyi təhsillə olmur. Bu təhsillə kifayətlənməyənlər özünü inkişaf etdirənlərdir” – o, əlavə edib.