Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Rayon yollarında baş verən yol-nəqliyyat hadisələri bəzən yol kənarındakı təhlükəli ərazilər səbəbindən daha ağır nəticələnir. Xüsusilə avtomobilin idarəetmədən çıxaraq su arxına və ya dərin kanala aşması sürücünün həyatını təhlükə altına qoyur.
Avtosfer.az xəbər verir ki, avtomobilin idarəetmədən çıxması zamanı sürücünün düzgün manevr etməsi qəzanın ağır nəticələrinin qarşısını almaqda mühüm rol oynayır. Bəs belə hallarda sürücülər necə davranmalı və yol kənarındakı su arxlarının yaratdığı təhlükələrdən necə qorunmalıdırlar?
Mövzu ilə bağlı qəza əleyhinə məşqlərin kurscusu Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, yol-nəqliyyat hadisələrinin üç əsas səbəbi var:
''Birinci səbəb sürətin düzgün seçilməməsidir. Buraya həm sürət həddinin aşılması, həm də yol şəraitinə uyğun olmayan sürətlə hərəkət etmək daxildir. Sürücülər xüsusilə döngələrə və körpülərə yaxınlaşarkən sürəti azaltmırlar. Rayon yollarında dar körpülərdən keçərkən qarşıdan gələn avtomobillə qarşılaşdıqda belə, bəzən sürəti azaltmadan hərəkəti davam etdirirlər. Nəticədə avtomobil idarəetmədən çıxaraq dərəyə və ya körpüdən aşağı düşə bilər. İkinci səbəb isə digər sürücülərin yol hərəkəti qaydalarına əməl edəcəyinə həddindən artıq güvənməkdir. Hətta təcrübəli sürücülər də bəzən qarşı tərəfin qaydaları pozmayacağını düşünürlər. Lakin digər sürücü gözlənilmədən qaydanı pozduqda, yaranmış təhlükəli vəziyyətdən çıxmaq üçün vaxtında reaksiya verə bilmirlər. Üçüncü səbəb isə aqressiv sürücülükdür. Bəzi insanlar həqiqətən aqressiv davranır, digərləri isə özlərini belə aparmağa çalışırlar. Cəmiyyətdə belə yanlış fikir formalaşıb ki, Azərbaycanda aqressiv sürməsən, heç kim sənə yol verməyəcək. Halbuki bundan daha təhlükəli yanaşma yoxdur. Bir sürücünün aqressiv hərəkəti ondan da aqressiv başqa bir sürücü ilə qarşılaşana qədər davam edir. Məhz belə vəziyyətlər faciəvi nəticələrə səbəb ola bilər.
Sürücülər aqressiv davranmasalar, sürəti yol şəraitinə uyğun seçsələr və digər hərəkət iştirakçılarından hər zaman ideal davranış gözləməsələr, yol-nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə azala bilər''.
Fatimə