Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın rayon və şəhərlərinə rəhbərlik edən icra başçıları ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayır. Onların qəbul etdiyi qərarlar minlərlə, bəzən yüz minlərlə insanın gündəlik həyatına birbaşa təsir edir.
Bəs bu səlahiyyətli şəxslər hansı təhsil yolu keçiblər?
Ölkə.az xəbər verir ki, “Yeni Sabah” icra başçılarının təhsilini araşdırıb.
Məlum olub ki, onlar arasında tarixçilər, iqtisadçılar, hüquqşünaslar, mühəndislər, aqronomlar və hətta baytarlar da var.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (hazırki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Binəqədi rayonunun başçısı Elxan Allahverdiyev 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirib.
Qaradağın başçısı Süleyman Mikayılov 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov paytaxtdakı 23 saylı orta məktəbi qızıl medalla bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirəndən sonra aspiranturaya daxil olub. 2004-cü ildə elmi iş müdafiə edərək, Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi adı alıb. Hüquq sahəsində bir sıra elmi məqalələrin müəllifidir. Hüquq üzrə fəlsəfə doktorudur.
Nizami rayonunun rəhbəri Coşqun Cəbrayılovun təhsili haqda icra hakimiyyətinin rəsmi saytında və digər mənbələrdə heç bir məlumat yoxdur.
Nərimanovun icra başçısı Elgin Həbibullayev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, həmçinin Harvard Biznes Məktəbinin idarəetmə kurslarında təhsil alıb.
Nəsimi rayonunda hazırda icra başçısı yoxdur.
2013-cü il mart ayının 7-də yaradılan Pirallahı rayonunun həmin dövrdən ilk və hələlik yeganı icra başçısı olan Vasif İmanov 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Sabunçu rayonun rəhbəri Adil Vəliyev 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Səbail rayonu icra başçısı Vüqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur.
Suraxanının başçısı Adil Əliyev 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib və 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev 1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.
Xəzər rayonunun rəhbəri Elşən Salahov 2000-ci ildə Xəzər Universitetini Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr pilləsini, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə ixtisası üzrə magistratura pilləsini bitirib. 2017-ci ildə Azərbaycan Respulikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ikinci təhsil alıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun Sənaye iqtisadiyyatı fakültəsinin axşam şöbəsinə daxil olub və 1980-cı ildə həmin institutu bitirib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini, 1980-ci ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı yanında Ali Komsomol Məktəbini, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakültəsini bitirib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin Tarix, 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnistitutunun (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya, 2003-cü ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının Faydalı Qazıntı yataqlarının işlənməsi, Neft Qaz yataqlarının işlənməsi və istismarı fakültələrini bitirib.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2023-cü ildən York (İngiltərə) və Strasburq (Fransa) universitetlərində EMBA proqramı üzrə təhsilini davam etdirir.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub.
2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək, maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə qəbul olub. 2007-ci ildə magistraturanı bitirib. Elə həmin ildən kafedranın aspirantı və müəllimi olub.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev 1990-ci ildə Azərbaycan Texnologiya İnstitutunu, 2002-ci ildə Azərbaycan İqtisad Universitetini bitirib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin təhsili barədə məlumat yoxdur. O, əvvəllər Dövlət Təhlükəsizliyi Xidmətində çalışıb, qurumun Sumqayıt şöbəsinin rəisi olub.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov M.Əzizbəyov adına Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) bitirib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Tarixçi - tarix müəllimi ixtisası üzrə, 1998-2001-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi fakültəsində İnzibati Idarəetmə ixtisası üzrə bakalavr təhsili alıb.
Cəbrayılın icra başçısı Kamal Həsənov 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək, İqtisadçı ixtisasına yiyələnib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib.
Culfa rayonu - icra başçısı vəzifəsi boşdur.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 2005-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat uçotu və audit fakültəsinə 620 balla qəbul olub və fərqlənmə diplomu ilə bitirib.
Füzulinin icra başçısı Alı Alıyevin hansı universiteti bitirdiyinə dair məlumat yoxdur.
Gədəbəydə hazırda icra başçı yoxdur.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib.
Göyçayın icra başçısı Orxan Mürsəlov 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecmenti ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirib.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis-mexanik fakültəsində təhsil alıb.
Xaçmazın icra başçısı Elnur Rzayev 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznes üzrə menecment ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin universitetdə istehsal sistemlərinin idarəedilməsi ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr təhsili alıb.
2012-ci il aprelin 10-dan Xızı Rayon İcra Hakimiyyətinin başçısı olan Xəzər Aslanovun təhsili ilə bağlı icra hakimiyyətinin rəsmi saytında heç bir məlumat yoxdur. Mətbuatın vaxtilə yazdığına görə, onun ali təhsili yoxdur. X.Aslanovun ilk iş yeri Xırdalan süd fabrikində fəhləlik olub.
Xocalının icra başçısı Şahmar Usubov 1971-1972-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda dinləyici olub. Daha sonra 1974-1979-cu illərdə həmin institutun Maddi-Texniki təchizatın iqtisadiyyatı və planlaşdırılması fakultəsinin iqtisadçı ixisasının qiyabi şöbəsini bitirib.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 1976-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olub, 1981-ci ildə həmin institutun Elektron hesablayıcı maşınları fakültəsini bitirərək, mühəndis-sistemotexnik ixtisasına yiyələnib.
İmişlinin icra başçısı Elçin Rzayevin ali təhsili barədə məlumat yoxdur
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.
Kəlbəcərə rəhbərlik edən Azər Qocayev 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsindən məzun olub.
Kəngərlinin icra başçısı Kamal Ələkbərov 1998-2003-cü illərdə Azərbaycan Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2007-2011-ci illərdə əlavə ali təhsil olaraq Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət İdarəçilik Akademiyasının davamlı inkişafın planlaşdırılması üzrə magistratura səviyyəsini bitirib.
Qaxın rəhbəri Elvin Paşayev 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Regionşünaslıq ixtisası üzrə bakalavr təhsilinə yiyələnib.
Qazaxın rəhbəri Rəcəb Babaşovun ali təhsili haqda məlumat yoxdur.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev özü haqqında informasiyaları ciddi-cəhdlə ictimaiyyətdən gizlədib. İllərdir bu vəzifəni icra edən başçı haqda hətta İcra Hakimiyyətinin rəsmi saytında belə hər hansı informasiyaya rast gəlmək olmur.
Qobustanın rəhbəri Adil Məmmədov 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub, 1975-ci ildə həmin institutu baytarlıq ixtisası üzrə bitirib.
Qubanın icra baaşçısı İlqar Mahmudov 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Daha sonra 2 əlavə təhsil də alıb: 2001-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər və 2007-2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi.
2001-ci ildən Qubadlıya rəhbərlik edən Malik İsaqov 1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirib.
Qusarın icra başçısı Sahir Məmmədxanov 1981-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili ixtisasına qəbul olub, 1985-ci ildə həmin universiteti bitirib.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini hüquqşünaslıq, Prezident yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirib.
Lerikin rəhbəri Əkbər Abbasov Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini ümumi iqtisadiyyat ixtisası üzrə bitirib. Avropa London Biznes Məktəbində maliyyə menecmenti ixtisası üzrə magistr və Azərbaycan Milli Elmlər Akademiyasında texnoloji innovasiyalar iqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib.
Neftçalanın icra başçısı Mirhəsən Seyidov 2006-cı ildə Azərbaycan Universitetinin Vergi və vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub. 2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. Təhsilini davam etdirən icra başçı 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBA magistr dərəcəsi əldə edib.
Ordubadın rəhbəri Rəcəb Rəhimli 1999-cu ildə Türkiyə Respublikası, Ankara şəhəri Qazi Universiteti, İqtisadiyyat və idarəetmə elmləri fakültəsinin dövlət idarəçiliyi ixtisasının bakalavr pilləsini, 2002-ci ildə həmin ali məktəbin yuxarıda qeyd olunan fakültəsinin dövlət İdarəçiliyi ixtisası üzrə magistratura pilləsini, 2008-ci ilə Ankara Universiteti Siyasət elmləri fakültəsi (SBF) siyasət elmi və dövlət idarəçiliyi ixtisası üzrə doktorantura pilləsini bitirib.
“Azerbaycanda memurlar: haklar, yükümlülükler, ve denetim” mövzusunda dissertasiya müdafiə edərək doktorluq elmi dərəcəsini, eyni zamanda 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İnsan hüquqları üzrə Elmi-tədqiqat İnstitutunda “Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər” ixtisası üzrə “Azərbaycanda yerli özünüidarənin yaranması və inkişafı (siyasi aspekt)” mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsini, 2011-ci ildə isə siyasi institutlar və sistemlər ixtisası üzrə dosent elmi adını alıb.
Oğuzun rəhbəri Cavid Əbdul-Qədirov 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin bakalavr, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov 2001-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər fakültəsinin politologiya ixtisası üzrə bakalavr pilləsini, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dünya siyasi prosesləri və beynəlxalq əlaqələrin nəzəriyyəsi ixtisası üzrə magistratura pilləsini fərqlənmə ilə bitirib.
2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani doktoranturasında oxuyub. 2008-ci ildə “Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Sabirabadın icra başçısı Siraqəddin Cabbarov 1981-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis-mexanikdir.
Salyanın rəhbəri Rüstəm Xəlilov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.
1986-cı ildə Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspiranturaya daxil olub, hərbi xidmətdən sonra 1988-ci ildən aspirantura təhsilini davam etdirərək 1991-ci ildə bitirib. 1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir.
Sədərək rayonunun rəhbəri Naim Cahidzadə 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb. 2011-2014-cu illərdə Naxçıvan Dövlət Universitetində maliyyə və kredit ixtisası üzrə magistratura pilləsində oxuyub.
Siyəzənin icra başçısı Novruz Novruzov 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.
Şahbuzun icra başçısı Rəfael Babayevin ali təhsili haqda məlumat yoxdur.
2018-ci ildən Şamaxıya rəhbərlik edən Tahir Məmmədov 1998-ci ildə Mingəçevir Politexnik İnstitutunu İqtisadçı ixtisası üzrə, 2011-ci ildə isə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində korporativ hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.
Şərurun rəhbəri Kamal Cəfərovun ali təhsili haqda məlumat yoxdur.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ixtisasca iqtisadçıdır.
Tərtərin icra başçısı Müstəqim Məmmədov 1992-ci ildə Azərbaycan Dövlət Texnologiya İnstitunu, 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ali təhsilli iqtisadçıdır.
2015-ci ildən Ucara rəhbərlik edən Mənsur Məmmədov 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-texnoloq ixtisası üzrə bitirib.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov ali təhsillidir. 1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib.
Zaqatalaın icra başçısı Mübariz Əhmədzadə 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini Mühəndis-mexanik ixtisası üzrə bitirib.
Zəngilanın rəhbəri Ramiz Həsənov 1982-1988-ci illər Bakı Dövlət Univеrsitеtinin Tariх fakültəsində təhsil alıb.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə Azərbaycan Dövlət Pedaqoji İnstitutu və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.