Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünya Bankının “Business Ready” indeksində Azərbaycanın mövqeyinin yaxşılaşması müsbət haldır, lakin bu cür reytinqlər iqtisadiyyatı birbaşa dəyişmir, daha çox xarici sərmayədarlarda inam yaradır.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü iclasında səsləndirib.
Deputat bildirib ki, real iqtisadi irəliləyiş üçün əsas diqqət yerli biznes mühitinin yaxşılaşdırılmasına yönəlməlidir. Onun sözlərinə görə, hazırda biznes qurmaq istəyən şəxslər ideya yaratmaq və inkişaf etdirmək əvəzinə, müxtəlif icazələr, razılaşmalar və paralel qurum tələblərini yerinə yetirməyə vaxt sərf edirlər. Bu isə sahibkarların enerjisini istehsal və investisiya prosesindən uzaqlaşdırır.
Razi Nurullayev qeyd edib ki, məşğulluğun artımında əsas rol dövlətə deyil, biznesə məxsusdur və sahibkar yalnız sadə, proqnozlaşdırıla bilən mühitdə inkişaf edə bilər. Onun fikrincə, əmək münasibətlərində şəffaflıq vacib olsa da, mexanizmlərin həddən artıq mürəkkəbliyi işəgötürənləri qeyri-rəsmi fəaliyyətə yönəldə bilər.
Parlament hesab edir ki, islahatların əsas hədəfi biznesdə sənədləşmə və icazə mexanizmlərinin köklü şəkildə sadələşdirilməsi olmalıdır:
“Sahibkar dövlət orqanı ilə yox, bazar rəqabəti ilə mübarizə aparmalıdır”.
Nurullayevin sözlərinə görə, beynəlxalq reytinqlərdə yüksək bal toplamaq mümkündür, lakin real nəticə yalnız biznesə başlamağın asan, sərmayə qoymağın təhlükəsiz və iş yerləri yaratmağın cəlbedici olduğu şərait formalaşdırıldıqda əldə olunacaq.
Əli Hüseynov