Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Rayonlarda vətəndaşların gündəlik qarşılaşdığı problemlərin həllində deputatlarla yerli icra hakimiyyəti orqanları arasında əməkdaşlıq mühüm rol oynayır. Xüsusilə yol, içməli su, elektrik enerjisi, kommunal xidmətlər və sosial məsələlərlə bağlı müraciətlərin aidiyyəti qurumlara çatdırılması ilə yanaşı, onların nəticəsinin izlənilməsi də vacibdir.
Bəs deputat–icra hakimiyyəti münasibətləri necə qurulmalıdır? Seçicinin probleminin bir quruma yönləndirilməsi onun həlli üçün kifayətdirmi? İmişlidə sakinləri daha çox hansı məsələlər narahat edir və bu problemlərin həllində hansı mexanizmlərdən istifadə olunur?
"Cebheinfo.az" xəbər verir ki, "Versus.Az"-ın suallarını deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev cavablandırıb.
- Təmsil etdiyiniz rayonun icra başçısı ilə işgüzar münasibətlərinizi necə qiymətləndirirsiniz?
- Mənim üçün burada əsas məsələ şəxsi münasibətlərdən çox, rayon sakinlərinin problemlərinin həllinə yönəlmiş əməkdaşlıqdır. Deputat kimi mənə müraciət edən vətəndaşın problemini dinləyirəm, məsələni araşdırıram və hansı qurumun səlahiyyətindədirsə, həmin qurum qarşısında qaldırıram. İcra hakimiyyəti də yerli səviyyədə bu prosesin əsas tərəflərindən biridir.
İmişlidə kəndlərin, yaşayış məntəqələrinin və rayon mərkəzinin özünəməxsus problemləri var. Bəzən bir kənddə yol, başqa bir yerdə içməli su, digər ərazidə sosial və kommunal məsələ daha aktual olur. Bunların hamısını eyni mexanizmlə həll etmək mümkün deyil. Ona görə mənim üçün vacib olan odur ki, qaldırılan məsələ müzakirə olunsun, aidiyyəti müəyyənləşdirilsin və imkan daxilində həllinə istiqamət verilsin.
Əlbəttə, deputatla icra hakimiyyətinin funksiyaları fərqlidir. Mən icra hakimiyyətinin fəaliyyətini həyata keçirən tərəf deyiləm. Mənim vəzifəm seçicinin səsini, problemini və tələbini dövlət qurumlarına çatdırmaqdır. Bu baxımdan qarşılıqlı işgüzar əlaqənin olması həm deputatın fəaliyyətini, həm də rayon sakinlərinin müraciətlərinin həllini asanlaşdırır.
- Seçicilərinizdən daxil olan problemlərlə bağlı icra hakimiyyətinə etdiyiniz müraciətlərə operativ reaksiya verilir?
- Əksər hallarda müraciətlərimizə reaksiya verilir. Amma burada “operativ reaksiya” anlayışını yalnız cavab məktubunun göndərilməsi kimi başa düşmürəm. Vətəndaş deputata müraciət edirsə, onun üçün əsas məsələ cavab məktubu deyil, problemin həllidir. Ona görə də mənim üçün müraciətin araşdırılması, məsələ ilə bağlı konkret addım atılması və mümkün nəticənin əldə olunması daha vacibdir.
Mənə edilən müraciətlərin bir hissəsi birbaşa icra hakimiyyətinin səlahiyyətinə aid olur. Məsələn, yerli ərazidə abadlıq, müəyyən kommunal məsələlər, küçə və yollarla bağlı problemlər, yaşayış məntəqələrində yaranan bəzi sosial və infrastruktur məsələləri bu qəbildəndir. Belə hallarda məsələni icra hakimiyyətinin diqqətinə çatdırırıq və nəticəsini izləyirik.
Amma elə məsələlər də var ki, onların həlli icra hakimiyyətinin imkanlarından kənardadır. Məsələn, böyük infrastruktur layihələri, meliorasiya və su təminatı, elektrik, qaz, yol infrastrukturu, torpaq məsələləri və digər sahələr üzrə müxtəlif mərkəzi qurumların səlahiyyəti var. Belə məsələlərdə deputat olaraq mən yalnız icra hakimiyyətinə müraciət etməklə kifayətlənmirəm. Aidiyyəti nazirlik və dövlət qurumları qarşısında da məsələ qaldırılır.
Əsas prinsipim budur ki, seçicinin problemini bir quruma yazıb məsələni bağlanmış hesab etmək olmaz. Müraciətin nəticəsini izləmək lazımdır. Bəzən problemin həlli müəyyən vaxt tələb edir, amma vətəndaş bilməlidir ki, onun məsələsi gündəmdədir və bununla bağlı iş aparılır.
- İcra hakimiyyəti deputatın təklif və tövsiyələrini kifayət qədər nəzərə alırmı?
- Qaldırdığım məsələlərə münasibət bildirilir. Bunu normal iş münasibətinin yalnız bir hissəsi kimi qiymətləndirirəm. Çünki deputatın seçicilərlə keçirdiyi görüşlər, rayon ərazisində apardığı iş və ona daxil olan müraciətlər icra hakimiyyətinin gündəliyində olmayan bir sıra problemləri də üzə çıxara bilir.
Yanaşmam ondan ibarətdir ki, deputat hansısa məsələnin həlli ilə bağlı təklif verirsə, bunun konkret əsaslandırması da olmalıdır. Biz seçicinin problemini görürük, onu yerində öyrənirik və sonra aidiyyəti qurum qarşısında qaldırırıq. Bu baxımdan təkliflərimizin müzakirə olunması və imkan daxilində nəzərə alınması əməkdaşlığın vacib hissəsidir.
Amma təbii ki, hər təklifin dərhal həyata keçirilməsi mümkün deyil. Bəzən maliyyə imkanları, texniki məsələlər və ya başqa qurumların səlahiyyəti buna imkan vermir. Belə hallarda da məsələnin niyə həmin anda həll edilə bilmədiyini bilmək vacibdir. Çünki deputat seçiciyə də real vəziyyəti izah etməlidir. Doğrusu, həll olunması mümkün olmayan məsələ ilə bağlı vətəndaşa boş vəd verməyi düzgün yanaşma hesab etmirəm.
- Son illər qaldırdığınız hansı məsələnin həllində icra hakimiyyəti ilə səmərəli əməkdaşlıq əldə etmisiniz?
- İmişli rayonunda müxtəlif istiqamətlər üzrə məsələlər qaldırmışıq. Xüsusilə kənd və yaşayış məntəqələrinin yolları, içməli su, elektrik təminatı, abadlıq, kommunal xidmətlər, sosial xarakterli müraciətlər və insanların gündəlik həyatına birbaşa təsir edən digər məsələlər diqqətimizdə olub.
Burada bir məsələni ayrıca qeyd etmək istəyirəm. Deputatın işi yalnız Milli Məclisdə çıxış etməkdən ibarət deyil. Seçicilərlə görüşlər zamanı insanların hansı problemlərlə üzləşdiyini görmək, həmin məsələləri yerində öyrənmək və sonra onların həlli üçün aidiyyəti qurumlarla işləmək də deputat fəaliyyətinin mühüm hissəsidir. İmişlidə də bu istiqamətdə kifayət qədər iş aparmışıq.
İcra hakimiyyətləri ilə əməkdaşlıq etdiyimiz məsələlərdə əsasən belə bir mexanizm tətbiq olunur: əvvəlcə problem bizə çatdırılır, sonra onun yerində araşdırılması aparılır, hansı qurumun səlahiyyətində olduğu müəyyənləşdirilir və bundan sonra məsələ aidiyyəti üzrə qaldırılır. Əgər məsələ icra hakimiyyətinin imkanları daxilindədirsə, onların müdaxiləsi ilə həllinə çalışılır. Əgər məsələ başqa dövlət qurumunun səlahiyyətindədirsə, artıq həmin qurum qarşısında məsələni biz qaldırırıq.
Əlbəttə, bütün problemlərin həll edildiyini söyləmək düzgün olmaz. Rayonun hələ də həllini gözləyən onlarla vacib məsələləri var. Xüsusilə böyük maliyyə və infrastruktur tələb edən problemlər bir gündə həll olunmur. Amma vacib olan odur ki, bu məsələlər gündəmdə saxlanılsın və onların həlli üçün ardıcıl iş aparılsın.
- Deputat və icra hakimiyyəti arasında koordinasiyanın daha da gücləndirilməsi üçün hansı addımlara ehtiyac var?
- Məncə, burada ən vacib məsələ əlaqənin daha sistemli qurulmasıdır. Deputat seçicilərlə birbaşa təmasdadır və insanların gündəlik olaraq hansı problemlərlə üzləşdiyini görür. İcra hakimiyyəti isə rayonun ümumi vəziyyətini, yerli imkanları, mövcud resursları və hansı məsələnin hansı formada həll oluna biləcəyini daha yaxşı bilir. Bu iki məlumat mənbəyi bir-birini tamamlayır.
Məsələn, mən seçicilərlə görüş zamanı müəyyən kənddə ciddi problem olduğunu eşidirəmsə, həmin məsələni yalnız özümün qaldırmağım kifayət etmir. Yerli icra strukturlarının da həmin problemdən məlumatlı olması və real vəziyyəti qiymətləndirməsi lazımdır. Əksinə, icra hakimiyyətinin qarşılaşdığı və rayonun imkanlarından kənarda qalan məsələlər də deputat vasitəsilə mərkəzi dövlət qurumlarının qarşısında daha fəal şəkildə qaldırıla bilər.
Bu baxımdan, deputatların seçicilərlə görüşləri nəticəsində ortaya çıxan məsələlərin müəyyən dövrlərlə icra hakimiyyəti ilə birgə müzakirə olunması faydalı olardı. Hətta rayon üzrə problemlərin prioritetləşdirilməsi də mümkündür. Hansı məsələ təcili həll tələb edir, hansı məsələ orta müddətdə həll oluna bilər, hansı problem isə mərkəzi dövlət qurumunun müdaxiləsini tələb edir kimi məsələlər əvvəlcədən müəyyənləşdirilsə, iş daha səmərəli gedər.
Ən vacibi isə vətəndaşın müxtəlif qurumlar arasında qalmasının qarşısını almaqdır. Seçici deputata müraciət edir, deputat icra hakimiyyətinə, icra hakimiyyəti başqa quruma yönləndirir və nəticədə aylar keçir. Bu, vətəndaş üçün normal vəziyyət deyil. Hər qurum öz səlahiyyəti daxilində üzərinə düşən işi vaxtında görməlidir. Deputatla icra hakimiyyəti arasında güclü koordinasiya da məhz bu prosesin sürətlənməsinə xidmət edə bilər.
Fikrimcə, deputat-icra hakimiyyəti münasibətlərinə rəqabət və ya səlahiyyət mübarizəsi kimi yox, eyni rayonun vətəndaşına xidmət edən iki fərqli institutun əməkdaşlığı kimi yanaşmaq daha doğrudur. Burada əsas meyar da çox sadədir: görülən iş və əldə olunan nəticə.
"Cebheinfo.az"
Açar sözlər: seçici Razi Nurullayev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin