Razılaşma olmazsa nə baş verəcək? Trampın İran strategiyası qorxu yaradır

28.01.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp ölkəsinin əsas hərbi qüvvələrinin İrana yaxınlaşdığını açıqlayıb və Tehranın razılığa gələcəyinə ümid etdiyini bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirdi ki,Trampın bu açıqlaması Vaşinqtonun Tehrana qarşı təzyiq siyasətində yeni və daha riskli mərhələyə keçdiyini göstərir:

"Tramp eyni zamanda İranın razılığa gələcəyinə ümid etdiyini bildirməklə hərbi ritorikanı diplomatik mesajla balanslaşdırmağa çalışır. Bu yanaşma Tramp administrasiyasına xas bir yanaşmadır. Yəni, bir tərəfdən güc nümayişi, digər tərəfdən isə qarşı tərəfi danışıqlara məcbur etmə cəhdi. 
Düşünürəm ki, ABŞ-nin hərbi qüvvələrinin regiona yaxınlaşması ilk növbədə psixoloji və siyasi təzyiq aləti kimi qiymətləndirilməlidir. Bu addım İrana verilmiş açıq mesajdır. Vaşinqton eskalasiyaya hazır olduğunu, amma alternativ variantların da masada olduğunu çatdırmağa çalışır. Bununla yanaşı, bu, ABŞ-nin regional müttəfiqlərinə təhlükəsizlik zəmanəti vermək və İranın mümkün cavab addımlarını önləmək məqsədi daşıyır.
İranın mövqeyi isə daha mürəkkəbdir. İran rəhbərliyi üçün ABŞ-nin qarşısında açıq şəkildə geri addım atmaq daxili siyasi baxımdan ciddi risklər yaradır. Bu, rejimin zəiflik görüntüsü formalaşdırması kimi qəbul edilə bilər. Buna görə də Tehran adətən maksimal təzyiq şəraitində belə tam təslimçi razılaşmaya getmir, əvəzində vaxt udmağa çalışır. Bu kontekstdə İranın sərt mövqedə qalması ehtimalı az deyil".

Politoloq vurğuladı ki, əgər Tehran razılığa gəlməsə, o zaman prosesin bir neçə mərhələdə inkişaf edəcəyini proqnozlaşdırmaq olar:

"Böyük ehtimalla ABŞ iqtisadi və hərbi təzyiqləri daha da gücləndirəcək. İran neftinin ixracına qarşı nəzarət mexanizmlərinin sərtləşdirilməsi, regionda hərbi mövcudluq genişləndirilməsi kimi addımlar atıla bilər. Bu, birbaşa müharibə demək olmasa da, faktiki olaraq İranın manevr imkanlarını daraldacaq. İran isə ABŞ ilə birbaşa toqquşmadan qaçaraq regiondakı müttəfiq qüvvələr vasitəsilə təzyiq göstərməyə, dəniz təhlükəsizliyini risk altına almağa və ABŞ-nin regional maraqlarını hədəfə almağa çalışa bilər. Bu isə vəziyyəti daha qeyri-sabit və nəzarətsiz hala gətirəcək deyə bilərik. Bütün bunlara baxmayaraq tammiqyaslı müharibə ehtimalı hələ də aşağıdır, çünki belə ssenari hər iki tərəf üçün son dərəcə baha başa gələr. Lakin razılaşmanın baş tutmaması riskli eskalasiya zəncirini işə sala bilər. Yəni başqa sözlə desək Trampın strategiyası hər nə qədər İranı qorxutmaqla razılaşmaya gətirməyə hesablansa da, Tehranın geri çəkilməməsi ilə bölgədə uzunmüddətli gərginlik və məhdud da olsa qarşıdurmalar baş verə bilər".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью