Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, direktor Ceyhun Salmanovla yanaşı, Reabilitasiya Mərkəzinin daha iki əməkdaşı – Elşad Məhərrəmov və Natiq Əliyev haqqında da həbs qətimkan tədbiri seçilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsə əzab vermə), 144.3 (ağır nəticələrə səbəb olan adam oğurluğu), 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.
Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
“İlkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq, 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, bu müddətdə yaxınları ilə əlaqə saxlamaq imkanından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib”, - prokurorluğun məlumatında bildirilir.
Qeyd olunan qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi məqsədilə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Aytən, Bizimyol.info