Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Madrid "Real"ı klub prezidentliyinə namizəd Enrike Rikelmenin səsləndirdiyi iddialarla bağlı rəsmi açıqlama yayıb.
QOL.az xəbər verir ki, "Kral klubu"nun bəyanatında Rikelmenin seçki prosesinin şəffaflığı və poçt vasitəsilə göndərilən səslərin təhlükəsizliyi ilə bağlı fikirlərinin həqiqəti əks etdirmədiyi bildirilib.
Klubun Seçki Komissiyası qeyd edib ki, iyunun 7-də keçiriləcək prezident seçkilərində iştirak edən namizədlərdən heç birinə klub üzvlərinin siyahısı təqdim olunmayıb. Həmçinin hər iki namizədə seçki materiallarının üzvlərə necə çatdırılması proseduru barədə yazılı və şifahi məlumat verildiyi vurğulanıb.
Açıqlamada poçtla göndərilən səslərin saxlanılması və təhlükəsizliyi məsələsinə də toxunulub. Bildirilib ki, şəffaflığın artırılması məqsədilə namizədlər istədikləri halda xüsusi akkreditasiyadan keçmiş müşahidəçilər təyin edərək bülletenlərin saxlandığı əraziyə nəzarət edə bilərlər.
Seçki Komissiyası bütün prosesin qüvvədə olan qaydalara uyğun həyata keçirildiyini və seçki proseduruna hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl prezidentliyə namizəd Enrike Rikelme seçki prosesini tənqid edərək onu Venesueladakı kommunist diktaturası ilə müqayisə etmişdi.
Xatırladaq ki, iyunun 7-də keçiriləcək seçkilərdə hazırkı prezident Florentino Perez və ispaniyalı iş adamı Enrike Rikelme mübarizə aparacaqlar.