Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Real Madrid” futbol klubu 2014/15 mövsümündə istifadə etdiyi məşhur "Y-3 Dragon" formasını yenidən satışa çıxarıb.
İdman.Biz xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yapon dizayner Yohji Yamamoto tərəfindən hazırlanan forma klubun 2014/15 mövsümündəki üçüncü geyimi olub. Bu dizayn həm də “Real Madrid”lə Y-3 arasında ilk əməkdaşlığın məhsuludur.
Tünd rəngli formanın ön hissəsində əjdaha təsviri yer alır. Klubun açıqlamasına görə, ikibaşlı əjdaha güc, ambisiya və nüfuzu, quş motivi isə çevikliyi və uğur qazanmaq arzusunu simvolizə edir.
Yeni kolleksiyaya qısaqollu və uzunqollu formalar, gödəkçə və idman şalvarı daxildir. Məhsullar artıq seçilmiş “adidas” mağazalarında, şirkətin rəsmi internet saytında və “Real Madrid”in mağazalarında satışdadır.
Qısaqollu formanın qiyməti 110 avro (təxminən 220 manat), uzunqollu oyunçu versiyasının qiyməti isə 160 avro (təxminən 320 manat) təşkil edir.