Idman.biz saytına istinadən Icma.az xəbər verir.
İspaniyanın “Real” futbol komandasında “Alaves”ə məğlubiyyətdən sonra Vinisius Juniorun çıxışı yenidən müzakirə mövzusuna çevrilib.
İdman.Biz “El Periodico” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi La Liqada son səkkiz qarşılaşmasının altısında qələbə qazanıb. Komandanın məğlub olduğu iki görüşdə - “Atletiko” ilə səfər və “Alaves”lə ev oyununda Vinisius əsas heyətdə yer alıb. Qələbə ilə başa çatan altı qarşılaşmada isə braziliyalı futbolçu ya ehtiyat oyunçular skamyasında olub, ya da diskvalifikasiya səbəbindən görüşü tribunadan izləyib.
Bəziləri bu statistikanı təsadüf hesab etsə də, Madrid azarkeşlərinin bir qismi fərqli düşünür. “Alaves”lə qarşılaşmanın 58-ci dəqiqəsində Joze Mourinyonun Espini Arda Gülərlə əvəzləyərək Vinisiusu meydanda saxlaması tribunaların etirazına səbəb olub. Rəqiblərini keçə bilmədiyi və top itirdiyi epizodlarda fitə basılan braziliyalı futbolçu hətta azarkeşlərlə mübahisə edib.
Ulduzlarla dolu, lakin sistemsiz komanda
Nəşrin fikrincə, “Real”ın problemlərini yalnız Vinisiusun çıxışı ilə əlaqələndirmək düzgün deyil. Ulduz futbolçularla zəngin olan Madrid təmsilçisinin oyununda sistemlilik çatışmır. Komanda daha çox Kilian Mbappenin qollarına, Cud Bellinqemin fərdi ustalığına və ya Federiko Valverdenin zərbələrinə ümid edir.
Cari mövsümdə 19 qarşılaşmada 20 qol vuran Mbappe komandanın əsas ümid yerinə çevrilib. Madrid təmsilçisi artıq dörd dəfə hesabda geri düşdüyü qarşılaşmada geridönüş etmək məcburiyyətində qalıb.
Mourinyodan baş hakimə istehzalı sözlər
“Alaves”in baş məşqçisi Kike Sançes Flores karyerası ərzində “Xetafe”, “Valensiya”, “Espanyol” və “Alaves”lə “Real”ı məğlub etməyi bacarıb.
Növbəti uğursuzluqdan sonra isə Mourinyo qarşılaşmanın baş hakimi Soto Qradonu tənqid edib:
“Hakim meydana atılan toplara və beş saniyə məsələsinə çox yumşaq yanaşdı. Bu hakim iki mövsüm əvvəl Mbappeni, ötən mövsüm Vinisiusu, indi isə Bellinqemi meydandan qovdu. Görək, gələn mövsüm növbə Kurtuaya çatacaqmı? Düşünürəm ki, bu hakim öz gücünü nümayiş etdirməyi, fenomen olduğunu göstərməyi xoşlayır”.
Portuqaliyalı mütəxəssis komandasının problemlərinə hələ də həll yolu tapa bilmədiyini gizlətməyib:
“Cavablar tapmalıyam. Mənim üçün bir məsələ aydındır - fiziki gümrahlıq çatışmırdı. Yalnız müdafiə olunmağa və əks-hücuma çıxmağa hazırlaşan komandaya qarşı oynadıq. Ancaq daha çox cavab tapmalıyam və bunun üçün zamana ehtiyacım var”.
“Santyaqo Bernabeu”nun ot örtüyü də problemə çevrilib
Madrid təmsilçisinin üzləşdiyi digər çətinlik stadionun ot örtüyünün vəziyyətidir. Nəşr NFL qarşılaşmasından sonra ot örtüyünün dəyişdirilməsinin və ya soyuq havaların başlamasının meydanın keyfiyyətinə təsir göstərə biləcəyini qeyd edib. Mövcud vəziyyət futbolçuların topa nəzarət etməsini və sürətli hücumlar qurmasını çətinləşdirir.
La Liqada 14 turdan sonra 33 xal toplayan “Real” əvvəlki iki mövsümün eyni mərhələsindəki göstəricisini təkrarlayıb. Madrid təmsilçisi həmin mövsümlərin hər ikisini titulsuz başa vurub.
Mourinyo mətbuat konfransında jurnalistlərə də istehzalı şəkildə müraciət edib:
“Real” məğlub olanda bu, əsas mövzuya çevrilir. Ən azı çərşənbə gününə qədər danışmağa mövzunuz var: “Real” uduzdu, “Real” pis oynadı, baş məşqçi əvəzetmələrdə səhvə yol verdi...”