Reç Pospolita, “Bəyaz gecələr” və samovar çayı TƏƏSSÜRAT

26.09.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli komanda Tacikistan qələbəsinin səhəri çarter reyslə birbaşa Kaunasa uçdu. Dünəndən burdayıq və bir az tez gəlməyin səbəbi qrupun ən ciddi oyununa yaxşı hazırlaşmaqdır.

Vacib detallardan olan adaptasiya üçün bir gün daha tez gəlmək də böyük qənimətdir. Bakıda isti, bürkü sentyabr günündən 11 dərəcəlik yağışla Kaunas havasına düşmüşük…

4.5 saatlıq uçuş, komanda üçün bilmirəm, mənimçün yorucu oldu. Məskunlaşdığımız “İbis”də şam yeməyindən sonra ətrafı bir az dolaşıb avropasayağı rejimdə yatdım ki, səhər paytaxt Vilnüsə getmək üçün enerji toplansın…

***

Taciklərlə oyunda dizindən zədələnən Mahir Əmrəlinin son vəziyyəti hələ ki naməlumdur. Dünən Lixtenşteyn səfərindən 2 cavabsız qolla qayıdan litvalıların motivasiyası yüksək, bizimkilərsə bir az qayğılıdır. Ümumi hal-əhval, ab-hava təyyarədə hiss olunurdu. Uçuş heyətindən maksimum sakitlik xahiş edilmişdi ki, oyunçular istirahət edə bilsin. Məncə, nə qədər qayğılı görünsələr də, Litvaya qarşı motivasiya proqramı “öz işini görəcək”.

Qrupun ən vacib oyunudur və baş məşqçi Ayxan Abbasovun belə dramatik vəziyyətlər üçün özünəməxsus yanaşmaları olur. Fransa və Polşada Ukrayna ilə səfər oyunlarını bu mənada yaxşı xatırlayırıq.

***

AFFA-nın xahişi ilə milli üzvlərindən və məşqçilər heyətindən heç kəs mətbuat üçün danışdırılmadı. Ancaq fərdi söhbətlərimizdə həm yenilərin, həm təcrübəlilərin özünü inamlı hiss etdiyi göründü. Onların bu sakitliyinə mane olmadan Kaunasdan müxtəlif istiqamətlərə “dağılışdıq”. Kimisi Polşaya, kimisi başqa yerlərə, biz də paytaxt Vilnüsə yola düşdük.

Avtovağzal otelin yanında yerləşir – vaxta qənaət baxımından əlverişli seçim edilib. Vay-faylı, komfortlu avtobusla saat yarımlıq yol üçün 10 avro (20 azn) ödədim. Pribaltikanın ağcaqayınlı, melanxolik əhvallı mənzərələrini gözümdə sürüşdürə-sürüşdürə 700 yaşı haqlamış Vilnüsə çatdım. İlk qarşılaşdığım nostalgiya oldu – “bistro”. Bakıda yoxa çıxmaq üzrədir, bəlkə Səməd Vurğun bağı tərəfdə qalar…

Sovetin “fast food”una “fransız qala bilməzdim. Borş, püre-kotlet, kompot…

***

Əhval düzəlib, deməli, şəhəri ələk-vələk eləməyə dəyər.

Avtovağzal ərazisini tərk edən kimi ənənəvi, “where is city centre?” sualımı cavablandıra biləcək adamı hədəfləyib yaxınlaşdım. “Ay dont spik inqlış” deməyindən, “du yu spik raşa?” eşitmək istədiyini icad elədim. Gözlərinə işıq gəldi. Həvəslə və detallı anlatdı. Necə anlatmışdısa, dediyi istiqamətlə gəlib samovarlı, xalçalı restoran gördüm. İçəri girmək həvəsi güc gəldi. Sən demə, milli ruh çağırırmış…

Vilnüsün mərkəzində sağı kitabxana, solu dönərxana dizaynlı, milli ornamentlərlə bəzədilmiş restoranda Səyyad Əlizadənin “Bəyaz gecələr”i səslənəndə cəsarətlənib dindim:

– “Bura azərbaycanlınındır?”
– ⁠Bəli, buyurun. Xoş gəlmisiniz. Qonaqsınız, yoxsa burda qalan?

İdman jurnalisti olduğumu, milli komandanın Millətlər Liqasında Litva ilə qarşılaşmasına görə gəldiyimi dedim, qardaş deyəsən, futbola yaxın deyildi:
– Hə, nə yaxşı, Səncə, kim udar?

Sualdan hiss elədim ki, qardaş oyuna görə nəinki Kaunasa, heç Vilnüsdə keçirilsəydi də özünə əziyyət verməzdi. Zövqlər müxtəlifdir.

İnteryerin tərtibatı elə xoşuma gəlmişdi ki, böyük həvəslə video çəkirdim. “Şəhəri gəzək, yeməyə bura gələcəyik” deyib çıxırdım, qonaq olmağı təklif etdi.

– Yox-yox, vaxt itirməyək, şəhəri gəzək, gələrik bura onsuz da.

– Heç olmasa, samovar çayı süzüm. Pulsuzdur…

Həmsoydaşımız niyə elə dedi, bilmədim, ancaq Vilnüsü gəzib dolaşandan sonra geri qayıdarkən ora dönməyə utandım. Görəsən, hansı həmyerlimiz ondan çayı pulsuz verməyi istəyib? Hmm..?

***

Tarix və Coğrafiyanı yaxşı oxuduğumu dostlarım “əzbərləyib”. Həmişə Reç Pospolita adını xüsusi simpatiya ilə səsləndirdiyimi bilirlər. Əfsanəvi respublikanın bir tayı – Polşada iki dəfə (2012, 2025) olmuşam, bu biri tayını da gördüm. Xüsusi hissdir. Ona görə digər səfərlərə nisbətən, hər detala incəliklə fikir verirəm.

Vilnüsdən Kaunasa qədər qələmə aldıqlarım bu qədər. Qismət olsa, söhbətimizi davam etdirərik…

Elçin Cəlilov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью