Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son vaxtlar marketlərdə müxtəlif məhsulların üzərində endirimli qiymətlərin təqdim olunmasına tez-tez rast gəlinir.
Lakin bəzi hallarda müştəri rəfdə məhsulun üzərində göstərilən endirimli qiyməti gördükdən sonra kassaya yaxınlaşdıqda həmin qiymətin yalnız bonus kartı olan şəxslər üçün keçərli olduğu məlum olur.
Bu isə alıcılarda endirimin bütün müştərilərə şamil edildiyi barədə yanlış təsəvvür yarada və qiymətlərin təqdim olunması ilə bağlı suallar doğura bilər.
Belə yanaşmanın marketlərin müştəri etibarına və marketinq siyasətinə təsiri də müzakirə mövzusudur.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan marketinq mütəxəssisi Müşviq İskəndərov bildirib ki, məhsulların üzərində bonus kartına özəl qiymətlərlə bağlı məlumatın aydın şəkildə göstərilməsi vacibdir:
"Deməli, məhsulların üzərindəki karta özəl qiymətlərin məlumatlandırıcı şəkildə qiymət cədvəllərində göstərilməsi mütləqdir. Müştəri müqayisəli şəkildə loyalty kartı ilə ödəniş edəcəyi halda hansı məbləği ödəyəcəyini, normal qiymətdən hansı fərqin yarandığını bilməlidir.
Müqayisəli vəziyyətlərdə müştəri haqlıdır. Necə ki, kassa ilə vitrindəki qiymət arasında fərq formalaşır, eyni hal bu vəziyyətlərdə də şamil edilə bilər. Əgər qiymətin üzərində bunun loyalty kartına aid olması ilə bağlı məlumat yoxdursa, bu, müştərinin xeyrinədir.
Bundan əlavə, qeyd etmək istəyirəm ki, toxunduğumuz mövzu beynəlxalq təcrübədə də mövcuddur. Beynəlxalq təcrübədə endirimli qiymətlərin loyalty proqramı çərçivəsində təqdim olunması geniş yayılıb. Bu, müştəri bazasının loyalty kartları üzərindən formalaşdırılması və qorunması məqsədinə xidmət edir".
Fəridə Əsədzadə