Rəfibəylilər Xalq yazıçısı Anar yazır

23.01.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

Üzərində müəyyən fasilələrlə otuz il ərzində işlədiyim "Keçən keçdi, olan oldu" dastanını axır ki, bitirdim.

Çox-çox illər bundan əvvəl bu dastanın "Məmmədxanlılar" boyu "525-ci qəzet"in bir neçə sayında dərc edilmişdi. İndi qəzetin oxucularına əsərin "Rəfibəylilər" boyunu təqdim edirəm.

Bu kitab mənim ən uzun müddətdə yazdığım əsərdir...

Keçən əsrdə, keçən minillikdə, dəqiq desəm, 1996-cı ildə yazmağa başladığım bu "Anılar, düşüncələr" sənədli dastanı, - az qala otuz il ərzində qələmə alınır. "Qələmə alınır" dəqiq ifadə deyil. Romanı  əslində yarı kiril, yarı latın qrafikasıyla yazmağa başlamışdımsa, indi kompüterə alışdığımdan sonra noutbukda  işləyirəm. Əlyazması şəklində doqquz iri dəftərdə yazılmış mətni haçansa kompüterə köçürməyə gümanım azdı. Bütün başqa işlərim, o cümlədən yaradıcılıq planlarım da daxil olmaqla, bu zəhmətə qatlaşacağım vaxt gündən günə yubadılır, ildən ilə keçirilirdi.

2017-ci ilin noyabrında ağır açıq ürək əməliyyatı keçirməkçün İstanbula getdim. Şər deməsən, xeyir gəlməz. Əməliyyatın nəylə nəticələnəcəyindən əmin olmadığım üçün mətnin 9 dəftər əlyazmasını dəyərli yazıçı-alim, mənim yaradıcılığımı dərindən duyan, mənə həsr olunmuş qiymətli kitabların müəllifi Pərvin Nurəliyevaya verdim. Düşünürdüm ki, bu yazımla tanışlıq onunçün maraqlı ola bilər. Uğurlu əməliyyatdan Bakıya dönəndə nə görsəm yaxşıdır? Pərvin möcüzə yaradıb ilan-qurbağa xəttimlə yazdığım dəflərlərin böyük qismini  kompüterə keçirib, daha sonra bu  çətin işi tamamladı.

Bu Sizif əməyinə görə Pərvinə  dərin minnətdarlıq hissi duyuram. Amma digər cəhətdən bu fədakarlıq məni arxayınlaşdırdı. Əsərin mətni hazır şəkildə kompüterdə durursa, deməli, çapına tələsməmək də olar, başqa yaradıcılıq işlərimlə məşğul olmaq mümkündü. Bu - dastanın  yazılma və çap vaxtı arasında müddətin belə uzun olmasının əsas səbəbidir. Amma başqa səbəb də var.

Yazılışı mənimçün ən çətin olan "Rəfibəylilər" boyunun ildən-ilə keçirilməsinin, aydan-aya ötürülməsinin sadə bir səbəbi də var: Görkəmli yazıçı-alim, akademik Rafael Hüseynov Rəfibəylilər haqqında iki kitabında mövzunu elə müfəssəl, elə ətraflı və elə parlaq işləyib ki, bu barədə nə isə yeni bir söz demək asan məsələ deyil. Öz adımdan, ailəmiz adımdan dostum Rafaelə dərin minnəddarlığımı bildirməklə bərabər, zarafatla onu da əlavə edirdim ki, Rəfibəylilər haqqında mənim nə isə yazmağıma heç nə  qoymamısan. Amma axı bu ailə-xatirə dastanını Rəfibəylilərsiz təsəvvür etmək də olmaz. Rafaelin yazdıqlarını azacıq dəyişərək təkrarlamaq çıxış yolu deyildir.

Odur ki, ancaq mənim yaddaşımda yaşayan ailə söhbətlərini, eləcə də bu söhbətlərin iziylə araşdırdığım sənədləri, məktubları, özəlliklə rəhmətlik Nigar xanımın arxivində saxlanmış və üstündə öz əliylə yazdığı "Babam, atam və anam. Şəkillər, vəsiqələr" qovluqda toplanmış materiallara istinad edərək Rəfibəylilərin son dərəcə zəngin və son dərəcə çətin, məşəqqətli taleləri haqqında öz anılarımı və düşüncələrimi yazmağa  çalışdım.

Gəncənin ən qədim və köklü  nəsillərindən olan Rəfibəylilərin soyadı X1X əsrin birinci yarısında yaşamış Rəfi bəylə bağlıdır.

Amma böyüklərimizdən eşitdiyim ailə rəvayətləri bu nəslin köklərini daha dərinlərə aparır və hətta ən ekzotik qohumluq əlaqələriylə bağlayır. Belə söhbətlərə görə, Rəfibəylilərin hətta məşhur şərqşünas Mirzə Kazım bəyə də qohumluğu çatırmış. Nə yolla, hansı əlaqələrlə? Bu barədə deyilənləri xatırlamıram. Amma Mirzə Kazım bəyin məlum bioqrafiyasıyla tanış olanda bu ehtimalın əsassız olduğu aydınlaşır. Başqa bir ailə rəvayətinə görə, Rəfi bəy Cavad xanla da  qohum imiş. Ümumiyyətlə, ailə şəcərəsini məşhur tarixi şəxsiyyətlərlə bağlamaq tək  Rəfibəylilərə xas deyil. Gəncənin başqa bir tanınmış nəsli, Rəfibəylilərlə də real qohumluğu çatan Şeyxzamanovlar Şeyx Nizamini əcdadları sayırlar. Nə dərəcədə haqlı olub-olmadıqlarını deyə bilmərəm, amma tarixən təsdiq olunmuş faktdır ki, daha bir tanınmış gəncəlilər nəsli Ziyadxanovlar (Ziyaduşağı) həqiqətən Cavad xanın nəvə-nəticələridir, Ədil xan Ziyadxanovun (1877, Gəncə -1957, İstanbul) atası Əbülfət xan - Cavad  xanın nəticəsi, anası İran şahzadəsi Bəhmən Mirzə Qacarın qızı idi.

Rəfibəylilər isə Ziyadxanovlarla yaxın dost olsalar da, qohum deyildilər.

Daha biri fantastik fərziyyəyə görə, Rəfibəylilər nəslinin Osmanlı sultanlarına da qohumluğu çatır. Ən qəribəsi odur ki, bu fərziyyə hətta Vikipediyada da əks olunub. Vikipediyada belə məlumat verilir:

Qədim bir nəslin kökü Rəfi bəyin adıyla bağlıdır, Rəfi bəy Osmanlı sultanı Üçüncü Mustafanın nəticəsidir. O həm də Cavad xanın kürəkənidir, onun qızı Püstə xanımla evlənib.

Bundan sonra gələn cümlə əvvəlki  məlumatların nə qədər yanlış olduğunu təsdiq edir:

Bu izdivacdan (yəni Rəfi bəy - Püstə xanım izdivacından - A.) oğulları Ələkbər və Qara bəy dünyaya gəlir.

Dəqiq məlumdur ki, Rəfi bəyin oğlu Kərbəlayi Həsən, onun oğlu isə Ələkbər bəy Rəfibəylidir. Ələkbər bəyin Qara bəy adlı qardaşı olmayıb. Bu əcaib "məlumatları" Vikipediya hardan götürüb, məlum deyil.

Bütün bu yarı real, yarı mifik fərziyyələri kənara qoyaraq, gerçək faktlara əsaslanaq. Bu faktların ən mühümü Türkiyəyə mühacirət etmiş böyük dayım Kamil Rəfibəylinin (Kamil Arranın) tərtib etdiyi Rəfibəylilər şəcərəsidir.

Şəcərənin başında "Gödək Rəfi" durur (bu ayamasından belə çıxır ki, Rəfi bəy qısa boyluymuş). Rəfi bəyin üç oğlu: Mirzə Kərim, Kərbəlayi Həsən, Molla Abdulla və iki qızı Məsmə və Həlimə göstərilir.

Kərbəlayı Həsən anamın babası, mənim ulu babam Ələkbər bəyin atasıdır. Şəcərənin digər nümayəndələrindən irəlidə yazacam, amma Rəfibəylilərin Azərbaycan tarixində mühüm  yerləri olan bir çox nümayəndələrindən ilk söz açmaq istədiyim də elə Ələkbər bəydir (1954, Gəncə - 1919, Gəncə).

 Ələkbər bəy Rəfibəyli

Babası gödək Rəfidən fərqli olaraq Ələkbər bəy boylu-buxunlu bir kişi olub. Türkiyədə Azərbaycan mühacirətinin görkəmli nümayəndələrindən Hüseyn Baykara (1904-1984) "Azərbaycan İstiqlal mübarizəsi tarixi" kitabında yazır:

"Eşitdiyimə görə, Ələkbər bəyin yaxşı cəhətlərini saymaqla bitməz. Ucaboy, enlikürək, sərt baxışlı, ciddi görkəmli, gözütox, məntiqlə danışan, mərd, mədəni, vətənsevər bir xalq rəhbəri imiş. Milli mübahisələrin həll olunmasını öz üzərinə götürmüş və Gəncə camaatına olduğu kimi, Azərbaycan xalqına da çox xeyri dəymişdir. Gəncədə "Difai" partiyası yarandığı zaman partiyanın rəhbərliyini üzərinə götürmüş və Gəncədə ermənilərə qarşı müvəffəqiyyətlə aparılan döyüşü ustalıqla və cəsarətlə idarə etmişdir.

Sovet tarixçiləri azəri xalqının qəhrəman oğullarının adlarının unudulması üçün əllərindən gələni edirdilər. Bu səbəbdən Azərbaycanda Ələkbər bəy kimi yüzlərlə igidin adları "adsız" şəhidlər siyahısına qarışmış və yox olmuşdur".

Nağı bəy Şeyxzamanlı da Ələkbər bəy haqqında demək olar ki, eyni ifadələrlə danışır:

"Ələkbər bəy 70 yaşlarında, uzun boylu, gen kürəkli, sərt baxışlı, açıq sözlü, məntiqlə və ölçü ilə danışan, mədəni, cəsarət sahibi və möhtəşəm xalq xadimi idi".

Türkiyədə əsasən ticarətlə məşğul olsa da, Nağı bəy "Dərdləşmə" və "Azərbaycan istiqlal mücadiləsi xatirələri" adlı dəyərli kitabların  müəllifidir. Adı sonuncu çəkilən kitabda yazır ki, Ələkbər bəyin atası  "Həsən bəy o dövrdə xalqın mütəəssüb və fanatik dindar durumuna baxmayaraq, oğlunu Gəncədə rusların açmış olduğu progimnaziya adlı məktəbdə oxutmuşdur".

Anam altı yaşındaykən gördüyü  babası Ələkbər bəydən danışanda bir faktı xüsusi qeyd edirdi. Rəfibəylilərdən Ələkbər bəy və onun əmioğulları Hadı bəy, Mirzə bəy 9 ay at belində Gəncədən Peterburqa təhsil almağa gediblər. Təhsillərini bitirəndən sonra isə artıq Gəncəyə qədər çəkilmiş dəmir yoluyla qayıtmışlar.

Ələkbər bəy Peterburqda kənd təsərrüfatı üzrə təhsil almışdısa da, vətənə qayıdandan sonra inzibati  işlərdə çalışmışdır. Gəncədə, Şəkidə, Ərəş mahalında pristav işləmişdir. O vaxt Göyçayın Ərəş mahalına daxil olduğunu nəzərə alsaq, Ələkbər bəyin ata babam Mirzə İbrahim Məmmədxanlıyla tanış olması istisna edilmir.

Bir müddətdən sonra tutduğu vəzifələrdən könüllü surətdə istefa edən Ələkbər bəy ictimai siyasi sahələrdə səmərəli və yorulmaz  fəaliyyətinə görə tezliklə  "Gəncənin atası" kimi tanınır. Ələkbər bəyin ictimai-siyasi fəaliyyəti əsasən iki yöndə  gedirmiş: maarifçilik və milləti mənəvi təcavüzdən, silahlı təhlükələrdən müdafiə etmək, qorumaq. Maarifçilik fəaliyyətinin iki əsas istiqaməti olub: Birincisi, Gəncədə şagirdlərə təhsil verə biləcək məktəblərin açılması və bu məktəblərə əhalinin kasıb, imkansız ailələrindən uşaqların cəlb olunması, ikincisi, təhsil almaq üçün gənclərin müxtəlif yerlərə, o sıradan Türkiyəyə yollandırılması. Özünün maddi imkanları məhdud olsa da, Ələkbər bəy bu işləri şəxsi nüfuzu sayəsində varlı-karlı adamlara təsir etmək vasitəsiylə həyata keçirirdi.

Bu cəhətdən Ələkbər bəyin məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevlə (1838-1924) ortaq cəhətləri göz qabağındadır. Haqlı olaraq "Millət atası" sayılan Hacıyla "Gəncənin atası" adlandırılan Ələkbər bəyin bir-birini ən azı tanıması sənədlərlə təsdiq edilir. Hacının mühasibət sənədləri arasında onun 1909-cu ildə Gəncəyə - Ələkbər bəy Rəfibəyovun adına Nizaminin qəbrinin bərpası üçün 100 rubl keçirməsi qeyd olunur.

Tağıyevlə Ələkbər bəyin adlarını yanaşı çəkərkən mən heç də hər iki böyük şəxsiyyətin gördüyü işlərin miqyas fərqini unutmuram. Əgər Bakı milyonçusunun vəsaitiylə  qəzet və jurnallar nəşr olunurdusa, Ələkbər bəy qəzetin redaktoru Ceyhun bəy Hacıbəylidən - intizarla "Azərbaycan"ımız nə vaxt çıxacaq əşi? - deyə soruşurdu və gücü ancaq mürəttibə təsir etməklə qəzetini çapını tələsdirməyə çatırdı.

Ələkbər bəyin təşəbbüsüylə və nüfuzu sayəsində bir neçə gəncəli gənc - İstanbula təhsil almağa yollanır. Onların arasında Abdulla Sur da vardı. Böyük Hüseyn Cavidlə birlikdə məşhur şair və filosof Rza Tofiqin tələbəsi olmuş Abdulla Sur təhsilini bitirib  Gəncəyə dönəndən sonra mətbuatda bir çox parlaq məqalələrlə çıxış edir.

Ələkbər bəyi xatırlayaraq ondan yazan çağdaşları və onun barədə  böyüklərindən eşitdiklərini qələmə alanların hamısı bu müdrik insanın  həm də çox güclü məntiqə  əsaslandığını, çar məmurlarıyla mübahisələrində - onlara möhkəm dəlillərlə üstün gəlməsini xüsusi  qeyd edirlər.

Rafael Hüseynovun kitabından sitat:

"Vali: - Nə istəyirsiniz?" soruşur. Ələkbər bəy: - Bizə savadlı alim adamlar lazımdır. Lakin əcnəbi məmləkətlərdə təhsil almış müsəlmanların Rusiya daxilində vəzifə icra etməyə nə hüquqları, nə  səlahiyyətləri var. Rusiya daxilində isə dini və milli məktəblərimiz yoxdur. Ona görə də rica edirik ki, həm öz işlərimizə əncam çəkmək, həm də hökumət tədbirlərini həyata keçirməkdən ötrü alim, bilikli adamlar hazırlamaq üçün bizə milli məktəb açmağa icazə verəsiniz".

Bu məntiqli sözlərə məntiqsiz bir cavab verilir:

- Olmazmı ki sizin uşaqlar rus məktəblərində "Quran"ın rusca tərcüməsini oxuyaraq sonra sizlərə axundluq, mollalıq, əfəndilik etsinlər?

Ələkbər bəyin bu sözlərə verdiyi qarşılıq sərrast və inkarolunmazdır:

- Olmazmı ki, sizin rus uşaqları yəhudi dilində təlim və tərbiyə alandan sonra yəhudi dilindəki "İncil" ehkamını elə həmin təhər sizlərə təbliğ etmək üçün kilsələrinizdə işə başlasınlar?"

Bu səpkidə aparılan uzun söz-söhbətdən sonra Ələkbər istəyinə nail olur: Gəncədə milli məktəblərin açılmasına icazə verilir.

Ələkbər bəyin müdrikliklə həll etdiyi daha bir mühüm məsələ müsəlmanların əsgər aparılmasıyla bağlıdır.

Azərbaycanı zəbt etdikləri zamanlardan başlayaraq Çar  siyasətinin bir ehkamı da müsəlmanların əsgər aparılmaması idi. Bu davranışın İkinci Dünya müharibəsində azərbaycanlı döyüşçülər üçün nəyə başa gəlməsi barədə Rəsul Rzanın "Babamın səhvi" adlı ibrətamiz şeiri var.

Birinci Cahan hərbində cəbhədə  almanlar tərəfindən rus ordusu sıxışdırılarkən Çar hökumətinin "yadına düşür" ki, tabeliyində olan  milyonlarla müsəlman əhalisi var. Nədən onları güllə qabağına göndərməsin? Birinci Dünya müharibəsində almanlar həm də Osmanlı dövlətiylə müttəfiq idi. Deməli, Rusiya müsəlmanlarını, o sıradan Azərbaycan türklərini cəbhəyə göndərmək həm də qardaş türklərlə ölüm-dirim savaşına girmək deməkdi. Qoy türklər hər iki tərəfdən bir-birini qırsın.    

Azəri türklərinin, o cümlədən gəncəlilərin bu çağırışdan boyun qaçırmaq istəyi tamamilə təbii idi. Ələkbər bəy bunu çox gözəl dərk edirdi. Bu münasibətlə Yelizavetpol valisiylə görüşündə azərilərdən əsgər çağırılmasından boyun qaçırdıqlarını deyəndə vali qəti etirazını bildirir: "Fərman artıq imzalanıb".

Belə olduqda Ələkbər bəy valiyə gözlənilməz sual verir: "Vali həzrətləri, doğrudanmı hökumətin bizlərin axırına çıxmaq barədə gizli qərarı var?"

Çaşıb qalmış vali: - Siz nə danışırsınız - deyir - əsla belə bir niyyətimiz yoxdur.

- Onda məni dinləyin - deyə Ələkbər bəy sözünə davam edir:

- Daima bizlərə kölə kimi baxmısınız, təbəənizliyə belə qəbul etməmisiniz. Gürcülərə, ermənilərə məktəblər açdığınız halda bizi qaranlıqda saxlamağa çalışmısınız. İndi savadsız, cahil saydığınız kütlədən nə istəyirsiniz? Belə kütlədən etibarlı əsgərmi olar? Topladığınız cahil insanların içində həm də onları belə qaranlıqda saxlayan üsul-idarəyə bir kin var. Hətta silahları qisas almaq üçün öz komandanlarına qarşı çevirə bilərlər. Dediklərimi bu qərarı verənlərə çağdırmağınızı xahiş edirəm.

Nəticədə Ələkbər bəy azəri türklərinin yalnız öz xahişiylə könüllü olaraq əsgər aparılmasına nail olur.

Günlərin bir günü Ələkbər bəy xəbər tutur ki, üç qadın yol gedərkən kefli rus soldatları onların  çadralarını dartıb çıxarır və onları kazarmaya aparmağa cəhd edirlər. Qadınların haray-qışqırığına adamlar tökülüb gəlir, soldatların çirkin niyyətlərinin qarşısını alırlar. Bunu eşidən Ələkbər bəy qərara gəlir ki, məsələ bununla bitməməlidir. Bu məlunlar layiqli cəzalarını almasalar, belə yaramazlıqlar davam edə bilər.

Gəncənin əfsanəvi qəhrəmanlarından biri Qaçaq Məmmədqasımın Türkiyədə dayım Kamil Arran tərəfindən qələmə alınmış xatirələrində bu məsələylə bağlı belə bir epizod canlandırılır:

"Ələkbər bəy on beş nəfər dəliqanlını toplayıb dedi: Hamınız qadın paltarı geyib üstündən çarşaba bürünəcəksiniz. Silahınız da çarşab altında olmalıdır. Rus əsgərləri həyasızlığa başlayanda atəş açacaqsınız.

Onun tapşırığı yerinə yetirildi və nəticədə rus əsgərləri rədd olub getdilər.

Mərhum Ələkbər bəyi öldürmək üçün ermənilər və ruslar nə qədər hiylə qursalar da, xalq onu qoruyurdu".

Ələkbər bəyin danılmaz millətsevərliyiylə bərabər, dar mənada millətçi olmaması da faktlarla sübut olunur. Elə həmin Birinci Dünya hərbində almanlarla vuruşan Çar hökuməti artıq yüz ildən bəri Azərbaycan torpaqlarında məskunlaşmış almanları yerindən dəbərdib Sibirə sürgün etmək qərarına gəlir.

Bu məsələylə əlaqədar olaraq Ələkbər bəy Yelizavetpol valisi Kovalyovla görüşür və fikrini ona  çatdırır:

- Rusiyanın o biri ucunda Almaniya ilə müharibə aparılırsa, buradakı almanların nə suçu var? Buradakı almanlar vaxtlı-vaxtında vergi ödəyir, hətta rus ordusuna əsgər belə verirlər. Nəyə görə onlar yuvalarından qoparılıb Sibirə sürgün edilməlidirlər? Xalqımız bu məsələdə almanlarla tamamilə  həmrəydir. Həm də "bu gün almanlara olunan sabah bizə tətbiq olunacaq" deyə düşünürük. Əgər hökumət qərarında israrlıdırsa, müsəlmanlar almanların tərəfində olacaq və buna görə məsuliyyəti  hökumət daşıyacaq.

Uzun sözün qısası, möcüzə baş verir. Çar fərmanının əksinə olaraq almanlar ta Stalin dövründə sürgün edilənə qədər yaşadıqları torpaqlarda qalırlar.

Ələkbər bəyin ictimai fəaliyyətində, maarifçilik  davalarında Gəncədə teatr tamaşalarının təşkili önəmli yer tutur.

Gəncədə yaşayan yazıçı və tərcüməçi - Cahanbəxş Cavadzadə Nigar Rəfibəyli və Rəsul Rzayla keçən əsrin otuzuncu illərində Moskvada tələbəlik dövründən tanış idilər və xoş münasibətləri vardı.

Anamın arxivində Cahanbaxşın Gəncədən Nigar Rəfibəyliyə və Rəsul Rzaya yolladığı bir neçə məktubu, atamın ona bir cavab məktubu saxlanılıb. Cahanbaxşın məktublarından məlum olur ki, anam da ona cavab yazıbmış, amma surətini  saxlamayıb.

1970-ci ildə Cahanbaxş anama Gəncədən iri bir paket göndərib. Bu "Ələkbər bəy Rəfibəyov" adlı yazdığı povestin makinada mətni  idi. Qovluğun üstündə: "Başlandı 10 oktyabr 1969, qurtardı 5 dekabr 1970" sözləri yazılıb. Üç ay sonra anama Cahanbaxşın məktubu gəlir:

"Əziz bacım Nigar.

Nəhayət ki, povestin əl-ayağını yığdım... Nə çıxdığını mən özüm təyin etməkdən acizəm...

Qoy atam-anam Niyar öz babası haqqında, Rəsul Rza öz qayınatası haqqında nə yazdığımı insafla qiymətləndirsinlər, amma nasir Anar oğlumuz lap obyektiv şəkildə dəyərləndirsin. Artıq-əysiyini hər üçünüz müəyyənləşdirin, görsəniz ki, çapa layiqdir, onda Anar "Ulduz" jurnalının redaksiya heyətinin üzvü kimi öz mövqeyindən yaxşı mənadə istifadə etsin... bu povestimi həmin jurnalda buraxdırsın...

Qardaşlıq salamları ilə  Cahanbaxş

16 fevral 1970-ci il Gəncə.  

Qocaman yazıçının arzusunu və yəqin ki, anama boyun olduğum işi görmədiyim üçün hələ də əzab çəkirəm.

İndi bu kitab üzərində işləyərkən və Cahanbaxşın povestini yenidən oxuyarkən gördüm ki, bu yazı hər halda çapsız qalmamalıdır. Təkcə  müəllifin çəkdiyi ağır zəhmətə görə yox, həm də ona görə ki,  Cahanbaxş yaşına görə hələ Ələkbər bəyi həyatda görmüş, onu canlı  xatırlayan insanlarla görüşmüş, onların söhbətlərini dinləmiş və qələmə almışdır. Başqa heç bir mənbədə tapa bilməyəcəyimiz çox sayda faktları və məlumatları Cahanbaxşın povestindən öyrənirik. Yazıya sırf sənədli mənbə kimi  baxılarsa, müəyyən redaktəylə çap etmək olar. Bu işi boynuma götürə bilməyəcəyimdən çəkinərək bunu edəcəyimə söz vermək istəmirəm. Amma hər halda nəşrinə çalışacam.

Kiçik bir bəraətimdən də söz açım. Povesti bütünlüklə çapa hazırlamağa macal tapmasam da,  önəmli bir parçasını - Gəncədə teatr tamaşalarının təşkilində Ələkbər bəyin misilsiz xidmətlərini əks etdirən səhifələri hazırlayıb "Mədəniyyət" qəzetində (26 mart 1992) çap etdirdim.

Elə burda da qəzetdə çap etdirdiyim mətnə əsaslanaraq ulu babamın bu sahədəki xidmətlərindən söz açıram.

Cahanbaxşın povestində bu parçanın özəl önəmi ondadır ki, müəllif Gəncədə ilk teatr tamaşasının yaranmasını, bu işin  iştirakçısı və icraçısı, görkəmli sənətkar Sidqi Ruhullanın öz dilindən dinləyib yazıb.

"1905-ci ildən, yəni Gəncədə Cəmiyyəti-xeyriyyə Ələkbər bəyin başçılığı ilə müxtəlif maarif  tədbirlərini həyata keçirmək üçün vəsait topladığı və qızğın fəaliyyətə keçdiyi günlərdən Ələkbər bəy əlavə vəsait mənbələri axtarırdı. Xeyli fikirləşəndən sonra tapdı, Şəhər klubunda teatr tamaşaları vermək, bunlardan əldə edilən gəliri xeyriyyə cəmiyyətinin bankdakı hesabına keçirmək. Bəs teatr tamaşalarını nə cür vermək olar? Bunun üçün həvəskarlar da olsa, artistlər lazımdır, rejissor lazımdır"... 

Ələkbər bəy məşhur aktyor və rejissor Sidqi Ruhullayla danışır və onu Gəncəyə dəvət edir.

Yerli  həvəskarların iştirakıyla  bir truppa yaranır. Cahanbaxş povestində həvəskar artislərin bir-bir adlarını da çəkir. Sidqi Ruhulla tez-tez Gəncəyə gəlib məşqlərə başlayır. Sidqi Ruhullanın xatirələrindən: 

"Pyesi tamaşaya qoymağa düz dörd ay vaxt sərf etdik. Tamaşa axşam 8-də başladı. Salon dolu idi. Ələkbər bəy tamaşaya baxmağa kifayət qədər adam gətirilməsini təmin etmişdi".

Sidqi Ruhulla söhbətini davam edir:

"Tamaşa qurtardıqda adamlar bizə yaxınlaşdı, minnətdarlığını bildirdi, şəxsən məndən çox razılıq elədilər. Bu, məni - cavan aktyoru çox həyəcanlandırırdı... Ələkbər bəy hamıdan sonra ayrıldı, yaxınlaşdı, əlimi sıxdı, sonsuz razılıq etdi.

Mən bu pak vicdanlı el atasının nəzakətindən, alicənablığından və mədəniyyətindən kövrəldim, ixityarsız olaraq dedim:

Hörmətli Ələkbəy bəy! Siz nə danışırsınız? Fanatiklərin, cəhalət bayquşlarının ağalıq etdiyi bu şəhərdə bu cür tamaşa hazırlaya bilməyimizi, onu göstərməyimizi, camaatı hədsiz razı sala bilməyimizi Siz təmin etmisiniz. Biz hamımız sizdən razılıq etməliyik! Qabaqcıl kişilərin, maarifpərvərlərin ağıllı, vicdanlı başçısısınız, bütün həvəskarlar Sizi bağrına basmalıdır, belə atası və havadarı olması ilə öyünməlidirlər!" 

Sidqi Ruhulla sözünü qurtarmamış həvəskarlardan bir qrup Ələkbər bəyi yerdən götürüb atıb-tutmağa başlayırlar. Kişi əsasını yuxarı qaldırıb: - axmaqlıq eləməyin, yıxarsınız - desə də, kimsə ərklə cavab verir: - sən bizi dikəldirsən, biz səni necə yıxa bilərik?

Tamaşanın böyük uğurundan ruhlanan Ələkbər bəy Sidqiyə daha bir təklif edir: Məhz qadınlarçün tamaşa hazırlamaq. Sidqi razılaşır və Üzeyir bəyin "Məşədi İbad" komediyasını təklif edir. Ələkbər bəy bərkdən gülür və: - Razıyam, hazırlayın - deyir.

Böyük maarifçinin və istedadlı aktyor-rejissorun bu birgə niyyətləri də baş tutur, tamaşa hazırlanır, amma son anda yeni bir əngəl üzə çıxır. Yenə Sidqi Ruhullanın xatirələrinə müraciət edək:

Kefimin kök çağında iki nəfər göy çuxalı, arxalıqlı oğlanın mənə doğru yanaşdığını gördüm. Fikir vermədim. Yorğun olduğum üçün arxamı onlara çevirdim. Elə yenicə çay tərəfə çevrilmişdim ki, arxadan acıqlı bir səs eşitdim:

- A kişi, biz sənin yanına gəlirik, sən də g...nü bizə çevirirsən. Deməli, bizi saymırsan?

- Sizə nə lazımdır? - dedim.

O, üç tərəfini yuxarıya, qoltuğunun altına doğru qaldırdığı iri xəncərinin dəstəsindən yapışdı, üzüaşağı çevirdi, sonra iti, axşam işığında şimşək kimi şığıyan tiyəsini çıxardıb təzədən qınına yeridib yavaşca dedi:

- Bunu görürsən? Səni tikə-tikə doğraram. Ən balaca tikən qulağın boyda olar. Buradan bu saat elə itilib gedərsən ki, bir də tozun görünməz. Köpək oğlu! Arvadlarımızı qəhbəliyə həvəsləndirməyə gəlmisən?

Sidqi sidq ürəklə etiraf edir ki, əməlli-başlı qorxub. Bir çıxış yolu tapa bilmədiyi üçün elə o cavanların gözü qabağında tələsik uzaqlaşıb vağzala doğru gedib. Gediş vaxtından çox qabaq Bakı qatarına minib. İndidən vaqona minməyinə dəmiryolçular təəccüb qalıblar. Birdən gülüş səsləri eşidib vaqon pəncərəsindən boylanır.

"Gördüm orada nəyə isə bərk gülürlər. Ələkbər bəy də oradadır. Dərhal ürəkləndim. Təkidlə çağrıldığımı görüb vaqondan düşdüm. Ələkbər bəy:

- A kişi, bura niyə gəlmisən? - deyə soruşdu.

Mən əhvalatı olduğu kimi danışdım.

O, bərk qəzəbləndi. - İt uşağına baxırsanmı? -  dedi - bu top - alhasanlı gədələrinin, ya da hacıməlikli çaqqallarının işidir, tapacam, hökman onları tapacam".

Sidqi ürəklənib qayıdır və tamaşa uğurla keçir.

Bu tamaşa haqqında anamın söhbəti də yadıma düşür. O da bu əhvalatı anası Cəvahir xanımdan eşidibmiş. Gəncədə qadınlar üçün verilən ilk tamaşaya Ələkbər bəy zövcəsi Xeyransa xanımla, bacısı Xədicə xanımla və bacısı qızı, həm də gənc gəlini - Cəvahirlə gəlir (Ələkbər bəyin bacısı Xədicə xanım əmisi oğlu Mirzə bəyə ərə gedib, Ələkbər bəyin oğlu Xudadat isə onların qızı Cəvahirlə evlənib).

Xudadat bəy və Cəvahir xanım

Beləliklə, Nigar xanımın anasından eşitdiyi söhbətə görə, Ələkbər bəydən əvvəl heç kəs tamaşa salonuna girməyib. Ələkbər bəy üç qadınla gələndə toplananlar ikiyə bölünüb onlara yol açırlar. Ağsaqqal nümayişkaranə sürətdə  üç qadınla içəri keçəndən sonra digər xanımlar da ürəklənib ərləri, qardaşdarıyla salona daxil olurlar.

Maarifçilik yolunda teatrın böyük əhəmiyyətini Ələkbər bəy də   H.Z.Tağıyev kimi yaxşı dərk edirdi. Amma bu sahədə təşəbbüsləri təbii ki, fərqli miqyasda idi. Əgər Ələkbər bəy Gəncədə həvəskarların iştirakıyla yalnız bir neçə tamaşa təşkil etmişdisə, Hacı Bakıda professional aktyor truppasını dəstəkləyir, hətta indiyəcən fəaliyyət göstərən böyük bir teatr binasını onlara bəxş edirdi. Bu belədir. Amma o da var ki, Hacı bunu öz milyonları hesabına edirdi, maddi imkanları məhdud olan Ələkbər bəy isə məqsədə ancaq şəxsi nüfuzu və zəhmiylə çatırdı.

Hər iki millət xadiminin təhsilə, məktəbə münasibətlərini də tutuşdurmaq olar. Əgər Ələkbər bəy şəxsi hörməti sayəsində bir neçə gəncin İstanbulda təhsil almasına nail olmuşdusa, Tağıyevin şəxsi vəsaitiylə ali savad alanların siyahısı çox böyük göstəricidir. Bakı milyonçusu kimləri Rusiya şəhərlərində və xaricdə oxutmayıb?

Bu nüfuzlu siyahıyla Ələkbər bəyin oxutduğu bir iki nəfəri müqayisə etmək olmaz. Amma bir də təkrar edim ki, bəzi başqa xəsis milyonçulardan fərqli olaraq Hacı varını-yoxunu maarifə, mətbuata, teatra xərcləyirdi, Ələkbər bəyin isə ancaq böyük nüfuzu vardı.

Onu da unutmayaq ki, Ələkbər bəy  ali savadlı adam idi. Hacının isə heç orta təhsili da yoxdu. Və bu "savadsız" və dindar adam Bakıda -  müsəlman qadınlarının çadralar altında gizləndiyi şəhərdə - Qızlar məktəbi açırdı.

Bütün oxşarlıqlardan  və fərqlərdən başqa, Hacı Zeynalabdin Tağıyevi  Ələkbər bəy Rəfibəylidən fərqləndirən bir mühüm cəhət də vardı - siyasətə münasibət, Hacının vəsaitiylə oxuyan tələbələr arasında  gələcəyin siyasətçiləri - müsavatçıları, kommunistləri, ittihadçıları yetişirdi. Amma özü  heç bir firqəyə yaxın durmurdu.

(Ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью