Icma.az bildirir, 525.az portalına istinadən.
«Xüsusilə qeyri-neft və qeyri-ərzaq məhsullarının ixracında yalnız iyun ayında 26 faizlik artım qeydə alınıb: “Yeddi aylıq göstəricilərə əsasən, əsas artım şəkər ixracında - 2,6 dəfə, heyvan mənşəli yağlar və piylərdə - 40 faiz, pambıq ipliyində - 82 faiz, qara metallar və onlardan hazırlanan məmulatlarda - 23 faiz, çay ixracında - 20 faiz, meyvə-tərəvəz ixracında - 16 faiz, spirtli və spirtsiz içkilərin ixracında isə 3 faiz təşkil edib. Qeyd olunan 400 milyon dollarlıq artım da əsasən bu məhsul qrupları üzrə ixrac dinamikasının təsiri ilə formalaşıb. Bu göstəriciləri, əlbəttə, müsbət nəticə hesab etmək olar. Lakin Azərbaycanın qeyri-neft və qeyri-resurs ixracının ümumi həcmi hələ də aşağı səviyyədədir. Bu səbəbdən 18 faizlik artım aylıq orta hesabla 50-60 milyon dollar əlavə gəlir demək olsa da, ölkənin ümumi iqtisadi mənzərəsini ciddi şəkildə dəyişmir”.
Bunu iqtisadçı ekspert Rəşad Həsənov 525.az-a deyib. Ekspert qeyd edib ki, region ölkələrinin iqtisadi strukturu da sürətlə dəyişir. Artıq bəzi ölkələr yaxın gələcəkdə süni intellekt və informasiya texnologiyaları məhsullarının, eləcə də yüksək əlavə dəyər yaradan məhsulların iri ixracatçılarına çevrilməyə hazırlaşırlar:
“Azərbaycanda isə ixrac artımı əsasən resurs tutumlu aqrar və ağır sənaye məhsulları hesabına formalaşır”.
Sevinc Qarayeva