Regional əməkdaşlıqdan qlobal dialoqa...

10.09.2026

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın yaratdığı reallıqlar davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün münbit zəmin formalaşdırıb

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət müstəqil Azərbaycanı zirvələrə yüksəldib. Bu gün dünyada orta güc dövləti kimi qəbul edilən respublikamız regionun əsas aktoru olmaqla yanaşı, beynəlxalq miqyasda izlənilən proseslərdə də yüksək fəallıq göstərir, qlobal həmrəyliyin möhkəmlənməsinə davamlı töhfələr verir.

Əlamətdar haldır ki, ölkəmizin beynəlxalq səviyyədə artan rolu dünyada tanınan nüfuzlu siyasətçilər və müxtəlif beyin mərkəzlərinin analitikləri tərəfindən də yüksək dəyərləndirilir. Bu günlərdə baş tutan “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda ifadə olunan fikirlər bunu bir daha təsdiqlədi. Müxtəlif ölkələrin və dünyada tanınan ayrı-ayrı siyasi, iqtisadi platformaların təmsilçilərinin qatıldıqları konfrans Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və İsveçrənin Sent-Qallen Universitetinin nəzdində fəaliyyət göstərən Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin (Center for Governance and Culture in Europe - GCE-HSG) birgə təşkilatçılığı ilə keçirilib. İki gün davam edən tədbir çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlığın gələcəyi, 44 günlük müharibədən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı, yeni infrastruktur layihələri, iqtisadi inteqrasiya, TRIPP layihəsi, mümkün xarici risklər, eləcə də Avropa İttifaqının regionda dayanıqlı əməkdaşlığın və bağlantıların gücləndirilməsində rolu əsas müzakirə istiqamətlərini təşkil edib.

Sülh təşəbbüsünün regional təhlükəsizlik və əməkdaşlıq üçün yaratdığı imkanlar

İkinci Qarabağ müharibəsindən əvvəlki və sonrakı dövrlərdə Cənubi Qafqazdakı vəziyyət tamam fərqli olub. Ötən əsrin səksəninci illərinin sonlarında və doxsanıncı illərinin əvvəllərində keçmiş ittifaq məkanında cərəyan edən proseslər nəticəsində Azərbaycan, Gürcüstan və Ermənistan müstəqillik əldə etmək imkanı qazansalar da, sabitlik,  təhlükəsizlik və əməkdaşlıq  baxımından vəziyyət arzuolunmaz idi. Belə vəziyyətin yaranmasına isə ilk növbədə Ermənistanın havadarlarının dəstəyi ilə Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirməsi səbəb olmuşdu. Elan olunmamış müharibə regionu təhdidlərlə və davamlı risklərlə üz-üzə qoymuşdu. Xüsusilə də Ermənistandan, Qarabağdan, zəbt olunan ətraf rayonlardan bir milyondan artıq qaçqın və məcburi köçkün qəbul edən Azərbaycan humanitar fəlakətlə qarşılaşdı. Ermənistan silahlı qüvvələri keçmiş təmas xətti boyunca tez-tez təxribatlar törədir və ətraf ərazilərə hücum çəkməklə dinc əhalini öldürür, mülki infrastruktura böyük ziyan vururdu. Təbii ki, təxminən 30 il ərzində sülhə sadiqliyini nümayiş etdirən və aparılan danışıqlarda konstruktiv mövqe sərgiləyən Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin pozulması faktı ilə barışa bilməzdi və barışmadı da. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu düşmənin növbəti genişmiqyaslı təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başladı və cəmi 44 gün ərzində  Ermənistanı tam kapitulyasiyaya məruz qoydu. Müharibənin nəticələrinə uyğun olaraq ölkəmiz ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. Bundan sonra 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror əməliyyatı da uğurla nəticələndi, Qarabağda separatizmin kökü tamam təmizləndi və suverenliyimiz bütün ölkə üzrə təmin edildi.

Bəhs olunan konfransda yaxın tariximizdə baş verən və sonrakı mərhələdə regional proseslərə güclü şəkildə təsir göstərən bu hadisələrə xüsusi diqqət çəkilib. Konfrans çərçivəsində keçirilən “İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz: Yeni regional düzən?” adlı panel müzakirəsində çıxış edən  hüquqşünas, araşdırmaçı, İspaniya Deputatlar Konqresinin və Senatının keçmiş üzvü Jordi Xucla Cənubi Qafqazda son dövrdə sülhün möhkəmlənməsi və regional inteqrasiyanın inkişafı istiqamətində mühüm proseslər baş verdiyini bildirib. O, 2020-ci il İkinci Qarabağ müharibəsini mühüm dönüş nöqtələrindən biri kimi səciyyələndirib və bunun sonrakı mərhələdə regional proseslərə təsir göstərdiyinə diqqət çəkib. Onun sözlərinə görə, 2025-ci ilin avqustundan etibarən regionda baş verən proseslər sülhün möhkəmləndiyini və regional inteqrasiyanın irəlilədiyini göstərir. Bu dəyişikliklər Cənubi Qafqazda əvvəlki geosiyasi reallıqların tədricən aradan qalxmasına və yeni əməkdaşlıq imkanlarının meydana çıxmasına şərait yaradır.

Oxşar fikirləri həmçinin beynəlxalq konfransda çıxış edən Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin (GCE-HSG) Akademik Şurasının üzvü Ulrix Şmid də ifadə edib. Onun sözlərinə görə, Cənubi Qafqazda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında yeni sülh təşəbbüsünün regional əməkdaşlıq üçün yaratdığı imkanlar beynəlxalq ekspert dairələrinin diqqət mərkəzindədir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazandığı qələbələr sayəsində Cənubi Qafqaz coğrafiyasında yeni reallıqlar yaranıb. Bu reallıqlar Ermənistanın işğalçılıq siyasəti aparması səbəbindən onilliklər boyunca davam edən münaqişədən sonra regionda davamlı sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün münbit zəmin formalaşdırıb.

Eyni zamanda, postmüharibə dövründə regionda sülh quruculuğunun təşəbbüskarı da Azərbaycandır. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra respublikamız qalib tərəf olmasına rəğmən, heç bir üstün şərt irəli sürmədən qarşı tərəfə 5 bəndlik sülh paketi ünvanladı. Ötən dövrdə tənzimləmə prosesinin 2025-ci il 8 avqust tarixində baş tutan Vaşinqton sammitinədək irəliləməsi məhz Azərbaycanın davamlı səyləri sayəsində mümkün oldu. Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə yekun sülh sazişinin paraflanması göstərdi ki, beynəlxalq birlik ölkəmizin sülh gündəliyini qəbul və təqdir edir.

Regonda artıq real sülh bərqərar olub və hazırda etimad quruculuğu istiqamətində addımlar atılır. O cümlədən sülhə sadiqlik nümayiş etdirən Azərbaycan öz ərazisindən Ermənistana tranzit daşımalarına imkan yaradıb, həmçinin bu ölkəyə strateji əhəmiyyətli enerji məhsullarının ixracına başlayıb.

Azərbaycan-Mərkəzi Asiya: Vahid siyasi və iqtisadi məkan

Son vaxtlarda Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi bütün Avrasiya coğrafiyası üçün böyük önəm daşıyır. Təsadüfi deyildir ki, beynəlxalq konfran?da Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında starteji tərəfdaşlıq münasibətlərinin daha üst səviyyəyə yüksəldilməsi və bu proseslərin regional inkişafa mümkün təsirləri ilə bağlı geniş müzakirələr aparılıb. “Azərbaycan müstəqil xarici siyasət yürüdür, eyni zamanda, Mərkəzi Asiya ölkələri ilə inteqrasiyanı və əməkdaşlığı dərinləşdirir. Ölkənin regional proseslərdə artan rolu onun Avrasiyanın mühüm geosiyasi və geoiqtisadi aktorlarından birinə çevrildiyini göstərir”. Bu fikirləri Yeni Avrasiya Observatoriyasının (ONE) həmtəsisçisi, Mərkəzi Asiya və Rusiyanın Asiya siyasəti üzrə eksperti Mişel Leviston  beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, Azərbaycanın regiondakı həlledici roluna diqqət çəkib. “Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizi vasitəsilə ixracı artırmaq məqsədilə Aktau və Kurık limanlarının inkişafına xüsusi diqqət yetirir. Özbəkistan isə Azərbaycanın ən fəal xarici tərəfdaşlarından biridir. Tərəflər 2024-cü ildə müttəfiqlik sazişi imzalayıblar. Avqust ayında isə ölkələr arasında əbədi dostluq sazişi bağlanıb. Bundan əlavə, Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerji dəhlizinin yaradılması istiqamətində əməkdaşlıq edirlər”, - deyə ekspert bildirib.

Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursunda  Mərkəzi Asiyada yerləşən dövlətlərlə əlaqələrin genişləndirlməsi xətti xüsusi yer tutur. Əvvəllər ölkəmizlə bu region dövlətləri arasında münasibətlər ikitərəfli formatlarda və ayrı-ayrı beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilirdi. 2025-ci ilin noyabr ayında isə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə quruma  tamhüquqlu üzv qəbul edilib. Bundan başqa, respublikamızın Amerika Birləşmiş Ştatları ilə Mərkəzi Asiya dövlətlərini birləşdirən C5+1 formatında yer alması perspektivləri də kifayət qədər böyükdür. Artıq bu platformanın Azərbaycan vasitəsilə C6+1 formatında genişləndirilməsi ilə bağlı müzakirələr intensivləşib.

Bütün bunlar Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin dərinləşməsinin həm region və Avrasiya məkanı, həm də daha geniş çoğrafiya üçün nə qədər böyük önəm daşıdığını aydın şəkildə göstərir. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda sualları cavablandırarkən bildirib ki,  Mərkəzi Asiya Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurası artıq Azərbaycan da daxil üzv dövlətlərin gələcək koordinasiyalı fəaliyyətləri üçün müstəsna önəm daşıyan bir qurumdur. Mərkəzi Asiya + formatında qarşılıqlı fəaliyyət güclənir və region nüfuzlu beynəlxalq forumlarda vahid mövqedən çıxış edir. Azərbaycanın bu formata qoşulması ilə regionun qlobal birlikdə səsinin daha da əhəmiyyətli olacağına böyük əminlik var.

Qeyd edək ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bu ölkələri çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Bu əlaqələr əsrlər boyunca  qorunub saxlanıb və daha da zənginləşdirilib. Əlamətdar haldır ki, bu gün tarixdən gələn ənənələrin yeni reallıqlara uyğun davam etdirilməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, həm də cəmiyyətlər, xalqlar buna böyük istək ortaya qoyurlar. Dövlət başçıları arasında yaranan səmimi münasibətlər, çoxsaylı mədəni tədbirlər, intensivləşən qarşılıqlı səfərlər bunun əyani təsdiqidir. Prezident İlham Əliyev 2025-ci il 16 noyabr tarixində baş tutan Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə söylədiyi nitqində maraqlı statistika təqdim edərək bildirib: “Son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son üç ildə mən Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olmuşam. Bu müddət ərzində həmkarlarım ölkəmizə 23 dəfə səfər ediblər”.

Bu statistika özlüyündə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi əlaqələrin nə qədər yüksək səviyyədə olmasının göstəricisidir. Dövlət başçıları arasında yaranan xoş münasibətlər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalanması ilə daha da genişlənir. Həmçinin mütəmadi olaraq mədəniyyət günləri, sərgilər, konsertlər keçirilir ki, bu da xalqlarımızı və cəmiyyətlərimizi bir-birinə daha da yaxınlaşdırır. Eyni zamanda, iqtisadi əlaqələr dərinləşir, qarşılıqlı ticarət dövriyyəsi, investisiya qoyuluşu sürətlə artır, birgə layihələrin icrasında yaxşı təcrübə qazanılıb. 

Azərbaycan bağlantılar yaradan ölkədir

Cənubi Qafqazın Avropa, Qara dəniz və Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi  regional əməkdaşlığın və qarşılıqlı etimadın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Konfransda bildirildiyi kimi, bu prosesdə ticarət, infrastruktur, iqtisadi inkişaf və sərhədlərarası layihələr əsas istiqamətlərdən biri kimi çıxış edir. İsveçrənin Azərbaycan və Türkmənistandakı səfirliyinin Regional Əməkdaşlıq bölməsi rəhbərinin müavini Qay Bonvin Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı regional əməkdaşlıqda respublikamızın roluna diqqət çəkib. Q.Bonvin bildirib ki, Cənubi Qafqazın coğrafi mövqeyi regionu Avropa, Qara dəniz və Mərkəzi Asiya arasında mühüm bağlantı məkanına çevirir. Azərbaycanın bu prosesdə mühüm rol oynadığını deyən diplomat ölkənin son 30 ildə keçdiyi inkişaf yolunun və regional əlaqələrin genişlənməsinin diqqətəlayiq olduğunu vurğulayıb.

Hazırda dünyada müşahidə edilən geoiqtisadi və geosiyasi kataklizmlər fonunda Azərbaycanın regional əməkdaşlığın mühüm seqmenti olan bağlantılar sahəsində önəmi daha da artıb. BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycanın coğrafi mövqeyi və həyata keçirdiyi nəqliyyat layihələri onu Şimal və Cənub istiqamətlərində mövcud geosiyasi qarşıdurmalar arasında mühüm bağlantı məkanına çevirib. Bu baxımdan, Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhlizin fəaliyyəti regionun nəqliyyat və iqtisadi əlaqələrinin genişləndirilməsində xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan bu müzakirələrdə həm coğrafi mövqeyi, həm də həyata keçirdiyi regional təşəbbüslərlə xüsusi yer tutur.

Azərbaycan son dərəcə əlverişli coğrafi mövqeyi ilə körpülər yaradan ölkə kimi çıxış edir. Lakin respublikamızın üstünlüyü yalnız coğrafiya ilə bağlı deyil. Bu  üstünlük həm də ölkə ərazisində bütün beynəlxalq dəhlizlər boyunca son dərəcə müasir infrastruktur qurulması ilə şərtlənir. Avropa ilə Asiya arasında ən optimal və təhlükəsiz marşrutlar sayılan Şərq-Qərb, Şimal-Cənub dəhlizləri və Transxəzər (Orta Dəhliz) marşrutu məhz respublikamızın ərazisindən keçir. Bəhs olunan dəhlizlərdə Avrasiyanın müxtəlif dövlətləri təmsil olunurlar. Azərbaycan isə yeganə ölkədir ki, hər üç marşrutun fəal üzvüdür və onların inkişafına müstəsna töhfələr verir.

Azərbaycanın nəqliyyat-logistika imkanlarını artıraraq Avrasiyanın mühüm nəqliyyat hablarından birinə çevrilməsindən bəhs edərkən ölkəmizin liderliyi ilə inşa olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun və Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının önəmini ayrıca qeyd edə bilərik. Şərq-Qərb marşrutunun və Orta Dəhlizin funksionallığının artmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti məhz Azərbaycanın moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanın dəmir yolları şəbəkələrinin birləşdiillməsini təmin edib. Layihəyə əsasən, polad magistralla növbəti illərdə 17 milyon ton və daha çox yük daşınması nəzərdə tutulur. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-nin ötürücülük imkanlarının genişləndirilməsi üzrə layihə də artıq yekunlaşıb.

Beynəlxalq dəhlizlərin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qabiliyyəti ilə də sıx bağlıdır. Bu baxımdan, Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Bakı Beynəlxalq Ticarət Limanının birinci fazasının illik yükdaşıma qabiliyyəti 15 milyon tondur. Genişləndirmə layihəsi çərçivəsində limanın avtomatlaşdırılması nəticəsində buradan keçən tranzit yüklərin daha sürətli ötürülməsinə imkan yaranacaq.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью