Regional liderlik və sülh quruculuğu

06.11.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Zəfərdən sonrakı strategiyası məhz bu iki aspektə əsaslanır

2026-cı ilin 8 noyabrı Azərbaycanın II Qarabağ müharibəsində qazandığı Qələbənin altıncı ildönümüdür. Siyasi nəticələrin formalaşması və möhkəmlənməsi baxımından altı il artıq kifayət qədər uzun müddətdir. Bu dövr ərzində Qələbəyə dair ilkin emosional qiymətləndirmələr tədricən yerini daha sistemli və analitik yanaşmalara verib. Məhz bu mərhələdə hadisələrə soyuqqanlı siyasi baxış Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik müstəvidə əldə etdiyi üstünlüyün vahid strateji prosesin bir-birini tamamlayan iki mərhələsi olduğunu aydın göstərir. 

Siyasi elmdə sülh proseslərinin təsnifatı adətən iki sxem üzərində qurulur: ya qalib tərəfin şərtlərinin qəbul etdirilməsi, ya da tərəflər arasında qarşılıqlı güzəştlər əsasında razılaşma. Azərbaycanın təcrübəsi bu iki sxemin hüdudlarına sığmır, tamamilə fərqli bir siyasi ardıcıllıq ortaya qoyur. Əvvəlcə otuz ilə yaxın davam edən danışıqlar prosesinin münaqişənin həlli baxımından heç bir nəticə vermədiyi qənaətinə gəlindi, sonra hərbi-siyasi həll mexanizmi işə salındı və nəhayət, əldə edilmiş strateji üstünlük yeni sülh gündəliyinin təməlinə çevrildi. Bu ardıcıllığın arxasında uzun illər formalaşmış strateji qərarvermə məntiqi dayanır və həmin siyasi xəttin formalaşmasında, ən əsası, ardıcıl şəkildə həyata keçirilməsində Prezident İlham Əliyevin rolu həlledici olmuşdur.

Prezident İlham Əliyevin 2020-ci ilin sentyabr-oktyabr aylarında səsləndirdiyi bəyanatlar, xüsusilə münaqişənin həllində güc amilinin və tərəflərin siyasi mövqelərinin dəyişən nisbətinin önə çıxarılması sonrakı proseslərin siyasi çərçivəsini müəyyənləşdirdi. Altı il ərzində beynəlxalq kontekstin, qlobal siyasi gündəmin və regional güc balansının dəyişməsinə baxmayaraq, Azərbaycanın müəyyən etdiyi strateji xəttin əsas istiqamətlərinin qorunub saxlanılması dövlət siyasətində ardıcıllığın və uzunmüddətli hədəflərə əsaslanan qərarvermənin ən aydın göstəricisidir.

44 günlük Vətən müharibəsi nəticəsində yaranan yeni reallığın iki səviyyəsini ayırmaq lazımdır. Birinci səviyyə hüquqidir: Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə beynəlxalq hüququn fundamental prinsiplərini – suverenlik, ərazi toxunulmazlığı, sərhədlərin toxunulmazlığı – faktiki olaraq yenidən qurdu. İkinci səviyyə siyasi-psixoloji səviyyədir: 8 noyabrda Şuşanın azad edilməsi və ardınca imzalanan üçtərəfli bəyanat haqqı uğrunda mübarizə aparan tərəfin masaya hansı şərtlərlə əyləşəcəyini müəyyən etdi. Burada İlham Əliyevin siyasi üslubunun iki xarakterik cəhəti önə çıxır: birincisi, qərar qəbulunda qeyri-müəyyənliyə yer verməmək; ikincisi, qazandığı mövqeni yenidənqurma aləti kimi istifadə etmək. Məhz bu ikinci cəhət Azərbaycanı qalib dövlət statusundan sülhün memarı statusuna keçirən əsas mexanizmdir.

***

Azərbaycanın 2022-ci ilin martında irəli sürdüyü beş bəndlik təşəbbüs sülh quruculuğu funksiyanı yerinə yetirdi: qarşılıqlı suverenlik və ərazi bütövlüyünün tanınması; qarşılıqlı ərazi iddialarının olmamasının təsdiqi və bunun hüquqi öhdəlik kimi qəbulu; güc tətbiqi hədələrindən imtina; dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat-kommunikasiya xətlərinin açılması və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq. Sonrakı illərdə aparılan danışıqların mahiyyət etibarı ilə müzakirə gündəliyi və hüquqi arxitekturası məhz bu sənədin məntiqi üzərində quruldu. Başqa sözlə, sülh müqaviləsinin müəllif məntiqi Azərbaycana məxsusdur: nəyin müzakirə predmeti olduğunu və nəyin prinsipial olaraq müzakirə predmeti ola bilməyəcəyini qalib tərəf müəyyənləşdirdi. 

Qələbə anı lider üçün ən rahat, eyni zamanda, ən riskli andır. Rahatdır, çünki cəmiyyətin dəstəyi maksimumdur; risklidir, çünki həmin dəstəyi konstruktiv gündəmə çevirməmək onu tez tükədilən emosional kapitala çevirir. Azərbaycan təcrübəsində bu riskdən qaçınıldı və qələbənin enerjisi sülh quruculuğuna yönəldildi. Altı il sonra geriyə baxdıqda görünən odur ki, həmin an qəbul edilən qərarların dəyəri zaman keçdikcə artdı və onlar sonrakı bütün addımların istinad nöqtəsinə çevrildi. 2020-ci ilin noyabrından 2026-cı ilin noyabrına qədər dünya siyasətində çox şey dəyişdi. Qlobal güc balansı, iqtisadi prioritetlər, beynəlxalq təşkilatların rolu, regional təhlükəsizlik arxitekturası. Lakin Azərbaycanın müəyyən etdiyi xəttin əsas vektoru dəyişmədi, çünki həmin xətt prinsiplərə söykənmişdi: ərazi bütövlüyünün toxunulmazlığı, qarşılıqlı tanınma, güc tətbiqindən imtina, kommunikasiyaların açılması. 

Azərbaycanın sülh strategiyasının digər sütunu danışıqların institusional formatının dəyişdirilməsi oldu. Onilliklər boyu mövcud olmuş vasitəçilik arxitekturası faktiki olaraq sıradan çıxdı və proses birbaşa, ikitərəfli danışıqlar müstəvisinə keçdi. 2021–2022-ci illərdə Brüssel, Praqa və digər platformalarda aparılan görüşlər, 2022-ci ilin oktyabrında Praqada əldə olunan razılaşmalar, sonrakı mərhələdə isə Vaşinqton formatının ön plana çıxması göstərdi ki, Bakı üçün məqbul olan sülh yalnız bərabərhüquqlu, şərtləri əvvəlcədən müəyyən edilmiş və vasitəçi maraqlarından azad bir prosesdə mümkündür. 

2025-ci ilin 8 avqustunda Vaşinqtonda sülh müqaviləsi layihəsinin paraflanması və nəqliyyat xətlərinin açılması barədə bəyanatın imzalanması ölkənin subyektliyinin qorunması prinsipinin təbii nəticəsi oldu. Sənədin imzalanması ilə bağlı razılıq, TRIPP nəqliyyat marşrutunun konseptual olaraq qəbulu və Ermənistan tərəfinin konstitusiya müstəvisindəki iddiaları gələcəkdə həll etmək öhdəliyini boynuna götürməsi Bakının müəyyən etdiyi parametrlər çərçivəsində baş verdi. 

***

Qələbənin çoxölçülülüyü konsepsiyası siyasi elmdə yeni deyil, lakin Cənubi Qafqaz miqyasında unikal tətbiq tapıb. Ənənəvi yanaşma hərbi qələbə ilə siyasi qələbəni rəqib kəmiyyətlər kimi görür: nə qədər çox güzəşt, o qədər az qələbə. Azərbaycan təcrübəsi bu sıfır cəm məntiqini inkar edir. Burada hərbi qələbə sülhün şərti, sülh isə hərbi qələbənin təsdiqi kimi çıxış edir və bu əlaqə üç ölçüdə izlənə bilər. Hüquqi ölçüdə sülh müqaviləsi hüququn təsdiqidir: qarşılıqlı ərazi bütövlüyünün tanınması, iddialardan imtina, güc tətbiqindən çəkinmə öhdəliyi zəif tərəfin ədalətsizlik kimi təqdim edə biləcəyi şərtlər deyil, universal beynəlxalq hüquq normalarıdır. 

Reputasiya ölçüsündə qalib, lakin sülhsevər dövlət imici strateji aktiv kimi işləyir və Azərbaycana qlobal müstəvidə də danışıq mövqeyi qazandırır: ölkə artıq regionun yenidən qurulmasının memarı kimi qəbul olunur. İqtisadi ölçüdə isə sülh dividend gətirir, dividend isə sülhü konsolidasiya edir: nəqliyyat-kommunikasiya xətlərinin açılması, Orta dəhlizin genişlənməsi, enerji və tranzit layihələri Azərbaycanı regionun düyün nöqtəsinə çevirir. Burada vacib olan odur ki, qarşı tərəf də sülhün pozulmasının qiymətini maddi olaraq hiss edir. İlham Əliyevin bu üç ölçünü eyni vaxtda tənzimləməsi onun siyasi üslubunun ən çox diqqət çəkən xüsusiyyətidir: hüquqi arqument, reputasiya kapitalı və iqtisadi maraq bir-birini tamamlayan üç kanal kimi fəaliyyət göstərir. Altı ilin yekunu göstərir ki, bu kanalların heç biri təkbaşına işləmədi, məhz sinxron fəaliyyət nəticəni davamlı etdi.

Tarixdə sülh müqavilələri çox vaxt tərəflərin tükənməsi ilə imzalanır; Cənubi Qafqazda isə sülh tərəflərdən birinin qəti üstünlüyü şəraitində, digər tərəfin isə alternativinin olmaması fonunda qurulur.  Azərbaycanın sülh prosesindəki təşəbbüskarlığını strateji rasionalın tələbi kimi oxumaq daha düzgündür: qalib dövlət üçün sülh maraqdır, çünki qazandığını qorumağın ən səmərəli yolu onu hüquqi və iqtisadi arxitekturaya köçürməkdir. 

Azərbaycanın həm hərb meydanında, həm də sülh masasında qalib gəlməsi eyni siyasi iradənin iki fazasıdır: qələbə sülhün alternativi deyil, onun zəmanətidir. 2026-cı ildə bu zəmanətin altı ili tamam olur və altı il, siyasətdə davamlılığın ölçüsü sayılır.

Şəbnəm ZEYNALOVA,

XQ-nin siyasi analitiki, 

Dövlət İdarəçilik Akademiyasının dosenti, 

siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью