Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Dünən Ermənistanda yeni konstitusiya layihəsi ictimaiyyətə təqdim olundu. Əslində söhbət təkcə ana qanunun dəyişdirilməsindən getmir. Bir xalqın dövlətçilik məfkurəsi, milli ideyaları, qonşularla münasibəti və gedəcəyi inkişaf yolu da yenidən müəyyənləşir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Zahid Oruc bildirdi.
O vurğuladı ki, Konstitusiya hər bir dövlətin quruluşunun baş planıdır:
“Millətin hansı məqsədlər uğrunda birləşdiyini, dövləti niyə yaratdığını və gələcək nəsillərə hansı siyasi mirası qoymaq istədiyini müəyyən edən əsas sənəddir.
1988-ci ildə İrəvan meydanlarına çıxan yüz minlərlə insanın əsas siyasi şüarı "Miatsum" idi. Ermənistanın dövlət müstəqilliyi Azərbaycan torpaqlarında elan olunurdu. O dövrdə respublikamızda hakimiyyətin zəifliyinə görə işğalçılıq ssenarisinə milyonlarla erməni səs vermişdi. Lakin 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də Ermənistan konstitusiyası və əsas milli ideyası üzərində qələbəsi oldu.
İndi İrəvanda zəfərin nəticələrinin qəbulu bir xalqın əsrlərlə apardığı düşmənçilikdən xilası deməkdir. 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində "Mülki müqavilə" partiyasına əvvəlkindən 38 min nəfər çox – 726 min 819 səs verildi. Savaşdakı məğlubiyyətə baxmayaraq, vətəndaşların yarısı keçmiş rəhbərlərin hakimiyyətə qayıtmasına və revanşa "yox" dedi. İndi yeni konstitusiyaya və sülh müqaviləsinə Ermənistan hakimiyyəti ilə bərabər xalq da səs verməlidir. Seçicilər artıq kimin baş nazir olacağını müəyyənləşdirmirlər, dövlətin hansı ideya əsasında idarə olunacağına münasibət bildirirlər. İrəvanda əliyev konstitusiyası adı ilə sənədə qarşı hücum edənlər son 30 ildə işğaldan qazanan, indi isə Qarabağdan əlləri çıxanlardır. Revanşist qüvvələr layihənin xalqın müzakirəsinə və səsverməsinə çıxarılmasına mane olurlar. Halbuki ərazi iddiasından əl çəkmək başqa dövlətin konstitusiyasının qəbulu kimi dəyərləndirilə bilməz”.
Millət vəkili nəzərə çatdırdı ki, Ermənistanın gələcəyi artıq tarixdə olduğu kimi digər mərkəzlərdə müəyyənləşmir:
“Yeni konstitusiya layihəsi nə deyir? Bir vaxtlar ABŞ prezidenti Donald Tramp tarixi TRIPP layihəsinin icrasının rəsmən başlandığını bəyan etdi. Bir vaxtlar Qarabağ münaqişəsi Cənubi Qafqazı hərbi qarşıdurmada və blokadada saxladığı halda, indi region böyük açılıma hazırlaşır. 35 il əvvəl Ermənistanda mütləq əksəriyyət Azərbaycan ərazilərinin qəsb olunmasını tələb edirdi. İndi isə respublikamız əsas hissəsi ilə Naxçıvanı quru yolla birləşdirməyə doğru gedir. Erməni cəmiyyətinin dinc qonşuluğu, yoxsa əbədi məhv olan məfkurəsi olan torpaq iddialarını seçəcəyi onların taleyini müəyyənləşdirəcək. Lakin referendumun nəticələri bir daha göstərəcək ki, bu, xarici dövlətlərin deyil, sadə vətəndaşların iradəsindən asılıdır. Regionda barış hər iki dövlətin üzərinə böyük məsuliyyət qoyur. 1988-ci ildə meydanlarda səslənən ərazi iddialarının üzərindən birdəfəlik xətt çəkilməlidir. Sülh konstitusiyasının qəbulu yeganə yoldur”.
NURİYYƏ