GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında Azərbaycanın hava məkanının və ya ərazisinin İrana qarşı hərbi əməliyyatlar aparılması üçün istifadə edilməyəcəyini bildirib.
İran beynəlxalq müstəvidə təzyiq dalğası ilə üzləşəndə Tehranda müəyyən dairələrin – mühafizəkar qanada bağlı ekspert və media resurslarının Azərbaycanı hədəfə alması ənənəsi mövcuddur. Analitiklərin fikrincə, rəsmi Bakının son bəyanatı da İranda Azərbaycanla bağlı səsləndirilən əsassız iddialara aydınlıq gətirilməsi məqsədilə verilib.
Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, ABŞ donanmasının Fars körfəzinə irəliləməsi, Vaşinqton–Tehran danışıqlarının intensivləşməsi fonunda müharibə ehtimalları artıb:
“Azərbaycan həmişə regionda baş verəcək proseslərlə bağlı öz mövqeyini açıqlayıb. Bizim mövqeyimiz beynəlxalq hüquq prinsipləri əsasında olub. Təbii ki, hadisələrin bu mərhələsində Azərbaycan özü üçün mühüm olan mövqeyini ortaya qoymalı idi. Ötən ilin iyulunda baş verən 12 günlük müharibə zamanı da əsassız iddialar səsləndirilirdi. Guya İsrail Azərbaycan ərazisindən istifadə edərək İrana zərbələr endirib. Lakin bu əsassız ittihamların heç bir sübutu olmadı.
Xəyal Bəşirov
Azərbaycan öz mövqeyini açıq şəkildə bəlli edib. Həmin vaxt da, bu gün də durum dəyişməyib. Biz heç bir ölkənin ərazisinin işğalını və ya müdaxiləni qəbul etmirik. Bakı münaqişələrin sülh yolu ilə, danışıqlar vasitəsilə həllində maraqlıdır. Əlbəttə, mövqeyimiz nüvə silahının yayılmasına qarşıdır. Çünki bu silahın olduğu regionlar təhlükəli bölgələr kimi tanınır.
Amma Azərbaycan problemlərin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Rəsmi Bakı situasiyadan asılı olmayaraq regiondan və ölkə ərazisindən başqa dövlətlərin istifadəsini qəbul etmir. Azərbaycan üzərindən heç bir ölkə İrana zərbə endirə bilməz. Tehrandan gələn eyhamlı mesajların isə bizə heç bir aidiyyəti yoxdur. Bakı öz mövqeyini açıqlayıb və bundan geri addım atmayacaq”.
Turan Rzayev
Globalinfo.az