Regionda nəhəng gedişat: nüvə ölkəsi Bakını seçdi Siyahıda başqaları da var

31.01.2026

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hindistanın Azərbaycan iqtisadiyyatına yönəltdiyi birbaşa xarici investisiyaların (BXİ) həcmi son illərdə sürətlə artıb. Belə ki, 2016-cı ildən 2025-ci ilin birinci yarısının sonunadək BXİ 480 milyondan 1,26 milyard ABŞ dollarına çatıb.

Bir nüvə ölkəsinin bu siyasətinin arxasında nə dayanır? Dehlinin investisiyaları ölkəmizə nə qazandırır?

Globalinfo.az-a danışan iqtisadçı Turab Rzayev deyib ki, Hindistan hazırda dünyaya açılmağa çalışan, iqtisadi və siyasi baxımdan böyüməyi hədəfləyən qlobal gücdür:

“Bu ölkə üçün əsas prioritetlər xammal mənbələri və inkişaf üçün yeni bazarlardır. Məhz bu məqsədlə Hindistan dörd prioritet region müəyyən edib və bunlardan biri də keçmiş MDB ölkələridir. Azərbaycan da bu kateqoriyaya daxildir. Hindistan bu regionda möhkəmlənməyə, xammal əldə etməyə və öz məhsullarını satmağa maraq göstərir. Bu istiqamətdə Hindistan hökuməti sistemli şəkildə fəaliyyət göstərir. Hazırda Hindistanın dövlət neft şirkəti Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində payçıdır və bunu artırmaqda maraqlıdır. Digər tərəfdən, Hindistan Azərbaycana öz hazır məhsullarının ixracını genişləndirməyə çalışır. Məsələn, son vaxtlar “Lukoil”in Azərbaycan bazarından çıxması ilə bağlı səslənən fikirlər fonunda Hindistanın bu payı əldə etməyə maraq göstərə biləcəyi istisna edilmir”.

Turab Rzayev

İqtisadçı bildirib ki, kənd təsərrüfatı və sənaye məhsulları sahəsində Hindistan Çinlə rəqabət aparır:

“Bu rəqabətdə Azərbaycan bazarında mövqelərini gücləndirməyə çalışır. Turizm sahəsi də Hindistan üçün cəlbedicidir. Hər il təxminən 300 min hindistanlı turistin Azərbaycana səfər etməsi iki ölkə arasında turizm sektorunun qarşılıqlı inkişafına təkan verir. Bundan əlavə, logistika məsələləri də gündəmdədir. İki ölkə arasında nəqliyyat-logistika əməkdaşlığının inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Xüsusilə Azərbaycandan Şərqi və Cənubi Asiyaya uçuşların Hindistan üzərindən həyata keçirilməsi, eyni zamanda Hindistanın Avropa istiqamətində Azərbaycanı tranzit ölkə kimi istifadə etməsi mühüm əhəmiyyət daşıyır”.

Turab Rzayevin sözlərinə görə, digər mühüm məqam Hindistanın Avropa İttifaqı (Aİ) ilə gömrük və vergi maneələrinin aradan qaldırılmasını nəzərdə tutan saziş imzalamasıdır:

“Bu saziş Hindistanın Avropa bazarına daha sürətli çıxışını təmin edəcək və qarşılıqlı inteqrasiyanı gücləndirəcək. Arzuolunandır ki, Azərbaycan da müəyyən mexanizmlər vasitəsilə bu prosesdən faydalana bilsin. Mövcud şəraitdə Azərbaycanın maraqları baxımından xarici düşmən və rəqiblərin sayını artırmaq yox, dostluq, tərəfdaşlıq münasibətlərini genişləndirmək daha məqsədəuyğundur. Bu səbəbdən rəsmi Bakı bütün ölkələrlə iqtisadi, mədəni və mümkün olduqda siyasi əməkdaşlığı inkişaf etdirməlidir. Vaxtilə Çinlə münasibətlərdə müəyyən məsafə müşahidə olunsa da, hazırda iki ölkə arasında yaxın və intensiv əlaqələr mövcuddur. Eyni yanaşma Hindistanla münasibətlərə də tətbiq edilə bilər. Mövcud problemlər və fikir ayrılıqları varsa, onların konstruktiv dialoq yolu ilə həll edilməsi üzərində düşünülməlidir. Nəzərə almaq lazımdır ki, Hindistan cəmiyyəti emosionaldır və siyasi məsələlərə həssas reaksiya verir. Buna görə də hər hansı məlumat yaxud hadisə ilə bağlı vəziyyətin düzgün və vaxtında idarə olunması xüsusi əhəmiyyət kəsb edir”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью