Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib.
Tədbirdə çıxışı zamanı bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlər, o cümlədən iqtisadi əlaqələrlə bağlı məsələlərə toxunub:
“Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq”.
Qeyd edək ki, ŞƏT çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib və görüşdən sonra rəsmi bəyanat yayımlayıb.
Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdə bir daha Ermənistan tərəfə sülh prosesinə ciddi yanaşmanın vacibliyi çatdırıldı:
“Liderlərlə yanaşı, iki ölkənin xarici işlər nazirlərinin görüşü oldu. Bundan başqa Ermənistanın Təhlükəsizlik Şurasının katibi ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirildi.
Yəni Ermənistan tərəfi ilə hərtərəfli görüşlərdə onları başa salmağa çalışırıq ki, sülh prosesinə olan əngəl aradan qaldırılmalıdır. Xüsusilə konstitusiyada dəyişiklik olmalıdır. Eləcə də anklav, delimitasiya məsələsi ilə bağlı proses dəyişməlidir.
Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın qoyduğu qaydalara əməl olunmalıdır. Bunların hamısını həyata keçirəcəklərsə, Azərbaycanla münasibətlərdən xeyir götürəcəklər. Eyni zamanda, son günlər erməni mətbuatı yazır ki, yaxın vaxtlarda Azərbaycana mal ixrac ediləcək.
İndiyədək yalnız Azərbaycan müəyyən mallar göndərirdi ki, burada xüsusilə eneri daşıyıcıları yer alır. Ancaq artıq Ermənistan da Azərbaycana müəyyən məhsullar ixrac etmək istəyir”.
Partiya sədri bildirib ki, ölkələr arasında iqtisadi münasibətlər də önəmlidir:
“Cənab Prezident dəfələrlə bildirib ki, bu münasibətlərdə maraqlıyıq. Azərbaycanla yanaşı, Ermənistan da mənfəət götürməlidir. Eyni zamanda, bu, regionda sabitliyin əsası ola bilər.
Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşarsa, regionda da sabitlik təmin olunacaq. Bişkek görüşləri və buradakı müzakirələr böyük əhəmiyyətə malikdir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: “ŞƏT plyus” Akif Nağı
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin