Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycanda 2030-cu ilədək peşə təhsili infrastrukturunun genişləndirilməsi çərçivəsində yaradılacaq yeni müəssisələrin əsasən kənd təsərrüfatı potensialı olan regionlarda yerləşməsi planlaşdırılır”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumu”nun hesabat tədbirində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə səsləndirib.
Onun sözlərinə görə, son illərdə regionlarda istifadəyə verilən müasir peşə təhsili mərkəzlərində kənd təsərrüfatı üzrə praktik hazırlıq imkanları genişləndirilir:
“Ölkə başçısının tapşırığı ilə son illərdə Azərbaycanın regionlarında müasir dövlət peşə təhsili mərkəzləri istifadəyə verilib. Cəlilabad, Lənkəran və Bərdə Dövlət Peşə Təhsil mərkəzlərini buna nümunə göstərə bilərik. Sevindirici haldır ki, bu müəssisələrdə kənd təsərrüfatı sahəsində praktik hazırlıq üçün imkanlar yaradılıb”.
Nazir müavini həmçinin vurğulayıb ki, söhbət yalnız avadanlıq və laboratoriyaların qurulmasından getmir:
“Damlama suvarma sistemləri üzrə mütəxəssislərin cəlb edilməsi, qapalı istixanaların istifadəyə verilməsi və regionlardakı kənd təsərrüfatı müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində də işlər aparılır. Bu sahədə Kənd Təsərrüfatı Nazirliyi ilə də əməkdaşlıq edirik”.
K.Kərimzadə onu da əlavə edib ki, 2030-cu ilədək peşə təhsili müəssisələrinin inkişafı ilə bağlı genişmiqyaslı planlar mövcuddur (Azərbaycan müəllimi).