Regionun həmkarlar ittifaqlarının Tbilisi görüşü

23.01.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Təhsil üzrə Avropa Həmkarları İttifaqı Komitəsinin təşəbbüsü ilə “Cəmiyyətə açıq olaq, təhsili maliyyələşdirək!” kampaniyası çərçivəsində sub-regional görüş keçirilib.

Mərasimdə Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın təhsil işçiləri həmkarlar ittifaqlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Məclisdə təhsil işçilərinin əmək və sosial şəraitinin yüksəldilməsi, onlara hərtərəfli sosial dəstəyin göstərilməsi, peşəkar inkişaf imkanlarının genişləndirilməsi, təhsilin maliyyələşdirilməsi və davamlı sosial dialoq mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Gürcüstanın elm, təhsil və gənclər naziri Givi Mikanadze, Beynəlxalq Təhsil Birliyinin kampaniya üzrə koordinatoru Angelo Gavrielatos və Təhsil üzrə Avropa Həmkarları İttifaqı Komitəsinin direktoru Jelmer Evers UNESCO və BMT-nin müəllimlik peşəsi ilə bağlı tövsiyələrini diqqətə çatdırıb, bu sahədə qlobal çağırışlardan danışıblar.

Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev tədbirdə sürətli rəqəmsallaşmanın əmək bazarına təsirləri, Azərbaycanda müəllimlərin işə qəbulu və sertifikatlaşdırma mexanizmləri, eləcə də təhsil sahəsində həyata keçirilən peşəkar inkişaf proqramları barədə məlumat verib. O, son bir ildə komitənin reallaşdırdığı sosial layihələrdən bəhs edib, elm və təhsil işçilərinə göstərilən dəstək tədbirləri və təqdim olunan xidmətlərə əlçatanlıqdan danışıb.

Yekunda sub-regional əməkdaşlığın genişləndirilməsi və növbəti iclasın cari ilin oktyabrında Tacikistanda keçirilməsi qərara alınıb.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью