Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Sabah” futbol komandasının müdafiəçisi Rəhman Daşdəmirov UEFA Çempionlar Liqasında İspaniyanın “Barselona” klubu ilə keçirəcəkləri qarşılaşma barədə danışıb.
İdman.Biz EFE-yə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu rəqibin gücünün ayrı-ayrı oyunçulardan deyil, komanda oyunundan qaynaqlandığını vurğulayıb.
“Biz “Barselona”nı ayrı-ayrı futbolçular kimi deyil, bütöv komanda şəklində təhlil edirik. Hazırlığımız da məhz buna əsaslanır. “Barselona”nın gücü kollektiv oyunundadır. Böyük komandalar konkret futbolçulardan asılı olmurlar. “Barselona” isə bütövlükdə ulduzlardan ibarət komandadır”, - deyə müdafiəçi bildirib.
Daşdəmirov Kataloniya təmsilçisinə qarşı oynamağın “Sabah” üçün qürur, hər bir futbolçu üçün isə arzu olduğunu qeyd edib:
“Böyük komandaya qarşı dolu tribunalar önündə oynamaq əlavə məsuliyyətdir. Lakin hakimin start fitindən sonra bütün bu emosiyalar unudulur. Həmin andan etibarən yalnız oyuna köklənirsən”.
Müdafiəçi komandanın litvalı baş məşqçisi Valdas Dambrauskasın düzgün taktiki plan hazırlayacağına inandığını bildirib:
“Belə güclü komandalara qarşı öz oyun üslubunu qorumaq çətindir. Ancaq baş məşqçimizin futbolçuların öz potensiallarını maksimum dərəcədə ortaya qoya biləcəkləri taktiki sistem hazırlayacağına inanıram”.
Azərbaycan millisinin üzvü doqquz il əvvəl yaradılan “Sabah”ın qısa müddətdə Çempionlar Liqasına yüksəlməsini klubda görülən böyük işin nəticəsi kimi qiymətləndirib:
“Avropanın belə böyük komandaları ilə Bakıda qarşılaşmaq artıq qarşıya qoyulan planın həyata keçirilməsi deməkdir. Lakin çərşənbə günü mümkün olan ən yaxşı nəticəni əldə etmək üçün meydana çıxacağıq. Azarkeşlərimiz stadionu sevinclə tərk etsələr, bu, bizim üçün məqsədimizə çatdığımız anlamına gələcək”.
Qeyd edək ki, “Vikinq”lə qarşılaşmada qırmızı vərəqə alan cənubi afrikalı müdafiəçi Aden Makkartinin cəzalı olması səbəbindən Rəhman Daşdəmirovun “Barselona” ilə görüşdə əsas heyətdə meydana çıxacağı gözlənilir.
Kataloniya təmsilçisi Çempionlar Liqasının liqa mərhələsində keçirdiyi dörd oyunda üç qələbə qazanıb və bir dəfə məğlub olub. “Sabah” isə yeganə qələbəsini Bakıda Çexiyanın “Slaviya” (Praqa) komandası üzərində qazanıb.