Icma.az, Apasport portalına istinadən məlumat yayır.
“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Bakıda “Slaviya” ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, oyundan əvvəl keçirilən mətbuat konfransında “bayquşlar”ın müdafiəçisi Rəhman Daşdəmirov görüşlə bağlı fikirlərini bölüşüb.
– Komandanın daxilində ab-hava necədir? Matçın Bakı Olimpiya Stadionunda keçirilməsi sizin üçün həyəcanlıdır?
– Sabah çətin oyun olacaq. İlk ev matçımıza çıxacağıq. Ümid edirəm ki, stadion dolacaq, azarkeşlərimiz gələcək. Yaxşı nəticə qazanaraq xalqımızı sevindirməyə çalışacağıq. Oyuna yaxşı hazırlaşmışıq.
– Millidə üzərinizdə böyük təzyiq var idi. Psixoloji yorğunluq qalıbmı?
– Deməzdim ki, yorğunluq qalıb. Millidə qələbə qazandıqdan sonra heç bir yorğunluq hiss etmirəm. Allah qoysa, sabah da qalib gələrik. Hər şey qaydasındadır.
– Bakı Olimpiya Stadionu daha böyük arenadır. Burada oynamaqdansa, Tofiq Bəhramov adına Respublika Stadionunda çıxış etmək daha yaxşı olmazdımı?
– Məncə, burada azarkeş dəstəyi daha çox olacaq. Bakı Olimpiya Stadionu bizə daha uyğun olar. Tofiq Bəhramov adına Respublika Stadionu Azərbaycan üçün tarixi arenadır. Bakı Olimpiya Stadionunda daha çox azarkeş olsa, məncə, daha yaxşı olar.
– Meydançanın vəziyyəti necədir?
– Burada bir dəfə məşq etmişik. Stadionun ot örtüyü çox yaxşı vəziyyətdədir.