Rəhman Daşdəmirov: “Tənqid varsa, bunu normal qəbul etmək lazımdır”

14.09.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Sabah"ın müdafiəçisi Rəhman Daşdəmirov "Şəfa" üzərində qazandıqları qələbəni şərh edib. Sport24.az xəbər verir ki, futbolçu qarşılaşmada komanda olaraq istədikləri oyunu nümayiş etdirdiklərini və yaradılan imkanlardan yararlandıqlarını söyləyib:

"Ümumilikdə, yaxşı oyun alındı. Meydanda yaxşı mübarizə apardıq. Rəqib də qarşılaşmaya ciddi hazırlaşmışdı. Biz isə yaratdığımız fürsətləri dəyərləndirməyi bacardıq və sonda qələbə qazandıq. Bu münasibətlə komanda yoldaşlarımı və azarkeşlərimizi təbrik edirəm".

Daşdəmirov Çempionlar Liqasında "Mançester Yunayted"lə qarşılaşmadan sonra Premyer Liqa oyunlarına kökləşməyin xüsusi çətinlik yaratmadığını qeyd edib. O bildirib ki, "Sabah"da rəqibin adına görə hazırlıq prosesi dəyişmir:

"Bizim üçün yanaşma həmişə eynidir. Rəqibin kimliyindən asılı olmayaraq, hər oyuna ciddi hazırlaşırıq. İstər "Mançester Yunayted", istər "Şəfa", istərsə də "Kəpəz" olsun, bütün komandalara qarşı eyni ciddiyyətlə meydana çıxırıq".

"Mançester Yunayted"lə oyundan sonra komandaya ünvanlanan tənqidlər barədə də danışan müdafiəçi bunu futbolda normal hal kimi dəyərləndirib:

"Düzü, həmin tənqidlərlə qarşılaşmamışam. Amma tənqid varsa, bunu normal qəbul etmək lazımdır. Futbolda səhvlər qaçılmazdır. Əsas odur ki, həmin səhvlərdən nəticə çıxaraq üzərində işləyək. Biz də çalışacağıq ki, gələcək qarşılaşmalarda belə səhvlərə yol verməyək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью