Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Türkiyə televiziya sektorunda baş verən reklam böhranı serial bazarında ciddi maliyyə qərarlarının verilməsinə səbəb olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, telekanalların topladığı reklam gəlirlərinin bir seriyanın çəkiliş xərclərini qarşılamaması nəticəsində istehsalçı şirkətlər qənaət rejiminə keçib.
Məlumata görə, kanalların prodüserlərdən qiymət güzəşti tələb etməsindən sonra şirkətlər də başda aktyorlar olmaqla bütün çəkiliş heyətinin qonorarlarında azalmaya gedib.
Bu çərçivədə Türkiyənin aparıcı prodüser şirkətlərindən olan “Ay Yapım” istehsalı “Sevdiğim Sensin”, “Ömür Usta” və “Başkalarının Hayatı” seriallarının yaradıcı və texniki heyətinin maaşlarına 15 faiz endirim tətbiq edildiyi açıqlanıb.
Qeyd edək ki, mövsümün əvvəlində büdcə artımı edilməyən “Teşkilat” serialı ilə başlayan bu tendensiya reklam gəlirlərinin azalması fonunda digər layihələrə də sıçrayıb. Bir çox seriallar da bu səbəbdən final etmək qərarına gələrək layihələri sonlandırıblar.