Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında 646,7 bal toplayaraq AzTU-nun informasiya təhlükəsizliyi (ingilis dilində) ixtisasına qəbul olunan Mehriban Şərifi ilə görüşüb.
Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib.
Mehriban Şərifini yüksək nailiyyəti münasibətilə təbrik edən rektor ona təhsil həyatında uğurlar arzulayıb. Vilayət Vəliyev AzTU-da əmək bazarının tələblərinə cavab verən, müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasına xüsusi önəm verildiyini bildirib.
Görüş zamanı informasiya təhlükəsizliyi ixtisasının perspektivləri, bu istiqamətdə AzTU-da tələbələr üçün yaradılan təhsil imkanları barədə məlumat verilib.
Rektor tələbənin qəbul imtahanında qazandığı yüksək nəticəni təqdir edib və onun universitetdə təhsil aldığı müddətdə də uğurlarını davam etdirəcəyinə əminliyini ifadə edib.
Mehriban Şərifi AzTU-da keyfiyyətli təhsil alaraq gələcəkdə informasiya təhlükəsizliyi sahəsində Azərbaycanın inkişafına töhfə vermək istədiyini bildirib.