Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 3 fevral, AZƏRTAC
“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası ölkədə rəqəmsal texnologiyaların tətbiqi və informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığını dəstəkləyən unikal platformadır.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov deyib.
Elmar Qasımov bildirib, laboratoriyanın yaradılması Prezidentin rəqəmsal texnologiyalar sahəsində strategiyasına uyğun olaraq həyata keçirilir və bu sahədə tədrisin keyfiyyətini artırmaq üçün mühüm imkanlar yaradır. Rektor vurğulayıb ki, laboratoriya yalnız tələbələr üçün nəzərdə tutulmayıb.
“Burada dövlət qurumlarının əməkdaşları da beynəlxalq standartlara uyğun kiberinsident ssenariləri üzərində birgə çalışmaq, təlimlərdə iştirak etmək və praktik bacarıqlar əldə etmək imkanına malik olacaqlar. Bu əməkdaşlıq modeli tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla tamamlayaraq kibertəhlükəsizlik sahəsində peşəkar potensialın formalaşdırılmasına xidmət edir. Laboratoriya eyni zamanda, ali təhsil mühitində elmi-tədqiqat fəaliyyəti ilə dövlət əməliyyat təcrübəsini birləşdirən test platformasına çevrilir ki, bu da tələbələrin həm texniki, həm də praktik bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradır”, - deyə BANM rekoru əlavə edib.