“Rəmiş” dastanı Tural Cəfərov yazır

15.06.2026

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aqil Abbasın “Rəmiş” povestini oxudum. 

Əslində bu povest deyil, bu bir dastandır.

Rəmiş dastanı...

Çünki Rəmiş ifaçı deyil, Rəmiş ozandır.

Ozanlar xalqın ruhunu ifadə edir. 

Aqil Abbas, dastandakı adı ilə Şair Rəmişin internetdəki musiqilərinin ya toyda ya da televiziyadan olduğunu deyir. Onun peşəkar səsyazması yoxdur. 

Bu da təbiidir, çünki ozanın sənəti itib-getməlidir.

O, ancaq müasirlərini sehrləyə bilər.

Dədə Qorqud dastanının əlyazması tapılmasaydı o da itib gedəcəkdi.

Çünki Dədə Qorqud dastanı heç kimin yadında qalmamışdı. Bir möcüzə ilə Dits onu tapmasaydı Dədə Qorqudun adını da heç kim bilməyəcəkdi.

Eləcə də minlərlə aşıq... Və minlərlə şair... Minlərlə ozan... 

Birinin şeiri digərinin adına çıxıb, bir imza altında bəzən beş şairin irsi toplanıb, bəzi əlyazmalar, cünklər isə ümumiyyətlə ortalıqdan buxarlanıb. 

Onların irsi ancaq və ancaq son əsrlərdə yığılıb, o zamana qədər isə yaddaşlarda qalan fraqmentlər istisna olmaqla qalanı itib gedib.

Deyirlər ki, müsəlmanın qəbri itməlidir. 

Eləcə də ozanın irsi itməlidir. 

Şair dastanın ön sözündə belə yazır: “Tarixdə Paqanini adlı bir skripka dahisi olub. Təbii ki, təxminən 250 il bundan əvvəl yaşamış Paqanininin necə ifa elədiyinin bir şahidi qalmayıb, ağızdan ağıza keçib. Deyilənə və yazılanlara inanmaq məcburiyyətindəyik. Yazırlar ki, Paqanini skripka çalanda zaldakı adamların ürəyi gedirmiş”.
Eynilə də Rəmişin irsi...

Kafka Yanoux ilə söhbətlərində ozanı belə təsvir edir. “Ozan azad adamdır, onun ürəyinin səsi, daxili instintktləri çox güclüdür. O, bir gün burdadır, sabah başqa yerdə. Ancaq mənim ömrüm bir mənzildə keçir, ona görə də ozanın azadlığı qarşısında utanıram. Ozan həyatın ağırlığını, məşəqqətini digər insanlardan daha güclü formada hiss edir. Ozanın türküsü hayqırışdır, fəryaddır. ”

Sanki Rəmiş haqdadır... 

Rəmişin insanlarla ünsiyyəti ancaq musiqi ilədir. 

O, sanki sözlə ünsiyyət qurmaqda çətinlik çəkir, ancaq elə ki, əlinə gitaranı götürür, sanki insanlarla danışır və hətta onları sehrləyir. 

“Kamança”da deyildiyi kimi... “Haramzada elә çalır ki, keçәn günlәri gәtirir qoyur adamın qabağına”.

Rəmiş nə məktəb oxuyub, nə də kitab. Bircə Şairin verdiyi “Netaçka Nezvanovanı oxuyub, onu da dürüst başa düşməyib. 
O bütün varlığı ilə təbiidir, həyatın özüdür, ruhun yazılı ədəbiyyatdan əvvəlki xalis, saf formasını ifadə edir, o ruhu duyur, ifa edir, insanlara çatdırır, sözün deyə bilmədiyini sazla deyir. 

Rəmiş öləndə yazmışdım ki, Rəmiş və Rəmiş kimi adamlar vəfat etmirlər, dünyadan köçmürlər, eləcə ölürlər... 

Çünki onların həyat qədər gerçəkdir, əsl ozan həyatıdır, Dədə Qorqud həyatıdır. 

Əzəl söz olmayıb, əzəldən səs olub. Rəmiş də o səsin ozanıdır, o səsin vəhyinə, ilhamına vaqifdir. 

Şairin dastanında sehrli realizmin bütün elementləri var: Rəmiş Paqanini ilə görüşür, Əmir Teymurun hüzuruna çıxır.

Mələklər, şeytanlar... Ancaq bu dastandır və dastanlara mifik elementlər xasdır. Və bütün bunlar o qədəır təbiidir ki, nəinki inanırsan, hətta heç şübhəyə də düşmürsən... 

Və əlbəttə ki, heç bir dastan sözü ifadə edə, sözü yaza bilməz. 

Rəmişin necə ifa etdiyini, onun musiqisini bəlkə də gələcək nəsillər heç zaman bilməyəcək, bəlkə Aqil Abbasın müəllifliyi də unudulacaq,  amma “Rəmiş” dastanı qalacaq. 

Dastanların taleyi budur...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью