Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukraynanın “Bukovina” futbol komandasına keçən Renat Dadaşov yeni klubu ilə bağlı ilk təəssüratlarını bölüşüb.
İdman.Biz Ukrayna mediasına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu “Bukovina” variantının ona agenti tərəfindən təklif olunduğunu bildirib.
“Əvvəlcə agentim zəng edib Ukraynadan variant olduğunu dedi. Klubun mənimlə maraqlandığını bildirdi. Bundan sonra “Bukovina” barədə məlumat toplamağa başladım. Klub nümayəndələri ilə danışdım və bu komandaya qoşulmaq ideyası xoşuma gəldi”, - Dadaşov deyib.
Azərbaycanlı futbolçu baş məşqçi Sergey Şişçenkonun oyun fəlsəfəsini də bəyəndiyini vurğulayıb. Onun sözlərinə görə, transferdən əvvəl “Bukovina”nın bir çox matçını izləyib:
“Baş məşqçinin futbol baxışı, oyun modeli və işi mənə çox uyğundur. Keçidə hazırlaşarkən komandanın çoxlu oyununa baxdım. Klubun məni heyətdə görmək istəyi məni həqiqətən təsirləndirdi”.
Dadaşov seçimindən tam əmin olduğunu da bildirib:
“Dərhal hiss etdim ki, məhz bu klubda olmalıyam. Burada məni gəlməyə razı salmaq üçün hər şeyi yüz faiz etdilər. Qərarıma o qədər əmin idim ki, müqaviləni imzaladım. “Bukovina”nın futbolçusu olduğum üçün xoşbəxtəm”.
Qeyd edək ki, Dadaşov daha əvvəl “Eştoril”, “Vulverhempton”, “Qrasshoppers”, “Ankaragücü”, “Radomyak” və “Motor” kimi klubların futbolçusu olub. Ötən mövsüm hücumçu 22 oyunda ümumilikdə 513 dəqiqə meydanda olub.