“Rəngli “tatu”ları olanların elektrik naqillərinin altında olması məsləhət deyil” Professor

26.01.2026

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Son illər cəmiyyətdə, xüsusilə gənclər arasında döyməyə (“tatu”) maraq nəzərəçarpacaq dərəcədə artıb.
Bir vaxtlar “tatu” etdirən insanlara nadir hallarda rast gəlinsə də, hazırda mənzərə xeyli dəyişib.
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan sosioloq Nailə İsmayılova bildirib ki, bu tendensiyanın əsas səbəbi şəxsiyyətin nümayişinə olan ehtiyacdır:
“Bəzən “müasir insan” “mən kiməm?” sualına cavabı bədəni üzərində axtarır. Təəssüflər olsun ki, “tatu” özünü fərqləndirmək, seçilmək və görünmək vasitəsinə çevrilir. Ənənə, ailə və icma əvvəlki kimi güclü “kimlik çərçivəsi” vermədikdə, insan öz kimliyini bədəni üzərindən qurmağa çalışır. Yəni “mən kiminsə davamı yox, özüməm” mesajını verməklə özünü tanıtmaq istəyir. Sosial media və vizual mədəniyyət – “Instagram”, “TikTok” və s. kimi sosial şəbəkələr “tatu” estetikasını normallaşdırdı. Əvvəllər marjinal sayılan şey bu gün trend və vizual kapital hesab olunur”.
“Fərqlənmək üçün “tatu” etdirir, amma nəticədə hamı bir-birinə daha çox oxşayır”
Sosioloqun fikrincə, bəzi hallarda “tatu” emosional ağrını örtmək və ya ona nəzarət etmək vasitəsinə çevrilir:
“İnsan həyatda mənanı itirdikcə onu simvollaşdırmağa çalışır. Yazılar, tarixlər, işarələr – bunlar çox vaxt nəyisə demək və diqqətə çatdırmaq cəhdidir. Bəzi insanlar üçün “tatu” fiziki ağrı ilə emosional ağrını örtmək üsuludur. İnsan öz ağrısına nəzarət etmək istəyir. Bir qrupa, ideyaya və ya subkulturaya məxsus olmaq üçün “tatu” burada sözsüz üzvlük kartı rolunu oynayır. Səssiz danışmaq ehtiyacı isə danışa bilmədiklərini bədən vasitəsilə ifadə etmə cəhdidir. Ailə daxilində və cəmiyyətdə ifadə olunmayan hisslər “tatu”ya çevrilir. İnsan danışmaq əvəzinə işarə edir, paylaşmaq əvəzinə göstərir. Ən maraqlı paradoks isə odur ki, hamı fərqlənmək üçün “tatu” etdirir, amma nəticədə hamı bir-birinə daha çox oxşayır”.
Bəs “tatu”ların dəri sağlamlığına təsirləri nələrdir?
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, həddən artıq böyük zonalara edilən “tatu”ların orqanizm üçün müəyyən problemləri ola bilər:
“Ümumiyyətlə, “tatu” bir boyadır və əslində o boyalar dəridə fiks olunur. Onların bir hissəsi ola bilsin ki, dəridən sorulsun və toksiki təsir göstərsin. Hətta rəngli “tatu”ların elektromaqnit sahəsinin təsiri altında orqanizmə ziyanı var. Məsələn, rəngli “tatu”ları olan şəxslərin uzun müddət yüksək gərginlikli elektrik naqillərinin altında, yəni elektrik daşıyan yerlərdə, maqnit sahəsində olması məsləhət deyil. Amma bütövlükdə bunlar məişətə girib, təəssüflər olsun ki, geniş yayılıb. Sadəcə bunlar dərinin derma qatında, yəni xüsusi dəridə oturur. Ona görə də yuyulduqda və s. getmir və uzun müddət fiks olunmuş halda dəridə qalır”.
“Boyaların tərkibi müxtəlif allergik xəstəliklərə yol aça bilər”
Dermatoloq Tünzalə Əzizli isə bildirib ki, “tatul”arda istifadə olunan boyaların tərkibi çox önəmlidir:
“Boyaların tərkibi kimyəvi və orijinal olmayan məhsullardan ibarət olduqda dəridə qıcıqlanma verə, allergik reaksiyalar yarada, qaşınmalara səbəb ola və müxtəlif allergik xəstəliklərə yol aça bilər. Bunun qarşısını almaq üçün ilk növbədə düzgün tərkibli məhsullar seçilməlidir. Ən vacib məqamlardan biri də bu prosesin düzgün məkanda, peşəkar tərəfindən icra olunmasıdır. Çünki burada həm sterilizasiya böyük əhəmiyyət daşıyır, həm də işi görən mütəxəssisin bacarığı çox önəmlidir. Boyanın dəriyə hansı dərəcədə və nə qədər dərinlikdə tətbiq olunması da vacibdir. Bu amillər mikrobların daxil olması və ya istifadə olunan maddənin təsiri ilə birbaşa əlaqəlidir”.
Fəridə Əsədzadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью