Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
"Tanıyırıq"- dedilər.
"Flober" deyəndə gözlərimizin qarşısında ən azı iki möhtəşəm monumental roman canlanır: "Xanım Bovari", "Hisslərin tərbiyəsi".
Bax, həmin Flober yeni əsərindən parçaları xiyabanda - cökə ağaclarının altında ucadan oxuyurdu. Mario Varqas Lyosa "Cavan romançıya məktublar"ında bu çökə parkını "qışqırıq xiyabanı" adlandırıb. Ya da bəlkə Floberdən sonra adı belə qalıb.
Usta yazıçı niyə belə "qəribə" hərəkət edirdi?!
O, mətnin melodiyasını "eşitmək" istəmişdi. Axı mətnin musiqisi var. Melodik ritmi var. Bu ritmi, mətnin dərinliklərindəki intonasiyanı duymaq - yazdığı cümlənin, işlətdiyi kəlmənin mətndə yerinə, istədiyi "lada" uyğun gəlib-gəlmədiyini "eşitmək" üçün Flober sözün səsini dinləyirdi. Özünün - müəllifin ifasında.
Səsin rəngi olduğu kimi, sözün də melodiyası var. Bu anlamda Söz sənətində olan adam, o cümlədən, publisist həm də... bəstəkardır. O səsin rəngini də duyur; reallığın rəsmini sözlə çəkir - rəssamdır. Söz adamı mətnin poetik ritminə qapılıb yazır - şairdir. Sözdən istədiyi formada konstruksiyanı - mətnin arxitekturasını qurur - memardır.
Bəli, jurnaist - gündəmin ədəbiyyatını yaradır - yazıçıdır...
Gör, neçə və NECƏ yaradıcı başlanğıcları özündə cəmləşdirir söz sənəti.
Sual verildi: "Bütün yazdıqlarınız itsə, hansı cümləni xatırlayarsınız?"
Cavab: "Söz - sevginin sənətidir. Jurnalistika vicdan işidir".
Bu gün çox şeydən danışdıq. Təbii ki, əsas mövzularımızdan biri də süni intellekt və jurnalistika idi.
Dedim: "Süni intellektdən qorxmayın. O, sizin köməkçinizdir. Süni intellekt jurnalisti əvəz etməyəcək. Ancaq süni intellektlə işləməyi bacaran jurnalist bunu bacarmayan jurnalisti əvəz edəcək"...
Bütün söhbətimizi burada yazmaq fikrim yoxdur; gənclərin təəssüratlarını yönləndirmək istəmirəm. Kim nə eşidibsə, eşidib. Ancaq mənim təəssüratım çox zəngindir.
Report İnformasiya Agentliyinə, Report Media Məktəbinə və görüşdə iştirak edən gənc həmkarlarına, əlbəttə ki, ayrıca ustad Söz, qələm adamı İsmayıl Rafiqoğluna dərin təşəkkürümü bildirirəm.
Bahəddin Həzi,
bizimyol.info