Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
II MƏQALƏ
Qlobal təhdidlər və müstəqillik
Bu mövzuda I məqalədə təhlükəsizliyin təmininin qlobal geosiyasi dinamika ilə sıx bağlı olduğunu vurğulamışıq. Siyasi liderlər, strateqlər, analitiklər və ekspertlər bu əlaqənin mövcudluğundan bəhs edirlər – hər bir müstəqil dövlətin təhlükəsizliyinin regional və qlobal konteksti bir-biri ilə sıx əlaqəlidir. O halda Azərbaycanın təhlükəsizlik strategiyasının mühüm cəhətlərindən biri regional və qlobal miqyaslarda meydana gələn riskləri ciddi surətdə nəzərə almaqdan ibarət olmalıdır.
Bu anlamda rəqəmsallıq, yeni informasiya texnologiyaları və kiberalətlər Azərbaycan üçün sadəcə ən son elmi, informasiya və mədəni nailiyyətləri cəmiyyətə tətbiq etmək deyildir. Burada mühüm bir nəzəri və praktiki-tətbiqi məqam mövcuddur ki, üzərində dayanmağa ehtiyac vardır. Onun dərin və geniş konseptual əsası Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşü zamanı söylədiyi bir neçə fikirdə ifadəsini tapmışdır.
Dövlət başçısı demişdir: “Müstəqillik - bu, böyük nemətdir, böyük nailiyyətdir. Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin. Bax, Azərbaycan o ölkələrdəndir. İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri doğrudan da müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq. Buna görə də dünyada böyük şöhrət qazanmışıq”.
Bu fikirlərdən aydın olur ki, ölkənin təhlükəsizliyi, əslində, xüsusi seçilmiş faktorların elə sintezidir ki, kompleks halında dövlətin, ölkənin, cəmiyyətin müstəqilliyini təmin edən sinergetik effekt yaratmaq mümkün olsun. Burada “sinergetik effekt” ifadəsinin izahını vermək gərəkdir.
Birincisi, sinergetik effekt yuxarıda işlədilən anlamda müstəqilliyin daimi, dinamik və yeniliklərə açıq sistem olaraq var olmasını təmin etməyin elmi ifadəsidir. Bu anlamda sinergetik effekt substantiv və funksional aspektləri özündə ehtiva edən “yekun faktor-obraz”dır.
İkincisi, təhlükəsizlik kontekstində sinergetik effektdən yalnız dövlət, ölkə və cəmiyyətin qarşılıqlı əlaqədə təhlükəsizliklərinin təmin olunduğu halda danışmaq olar.
Bu iki tezisin mənası Prezident İlham Əliyevin yuxarıda vurğuladığımız görüşdə ifadə etdiyi aşağıdakı fikrin işığında daha aydın dərk edilir. Dövlət başçısı demişdir: “İndi hər şey göz qabağındadır. Müharibələr yan-yörəmizi əhatə edib: istər Şimalda, istər Cənubda, istər başqa yerlərdə. Yəni bu müharibələrin sonu olacaqmı? Heç kim bilmir. Nə ilə nəticələnəcək? Heç kim bilmir. Bu müharibələrin qalibi kimdir? Onu da demək çətindir, hərə deyir ki, mən qalibəm”.
Azərbaycanın təhlükəsizliyindən hazırda özünü göstərən yüksək risklər və qeyri-müəyyənliklərlə dolu qlobal geosiyasi mənzərənin fonunda bəhs etmək lazım gəlir. Bu bağlılıqda da rəqəmsallıq, süni intellekt, kiberalətlər və informasiya texnologiyalarının təhlükəsizlik aspektində tətbiqi ön sıraya çıxır. Həmin bağlılıqda bir neçə xüsusiyyətin üzərində dayanaq.
İki bəyannamə və təhlükəsizlik strategiyası
Şuşa Bəyannaməsində (2021-ci il 15 iyun) yazılmışdır: “Tərəflər regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlıqlarını genişləndirəcək və dərinləşdirəcəklər”.
Bu mövqe 2024-cü il 6 iyulda Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə qəbul edilmiş Qarabağ Bəyannaməsində daha geniş kontekstdə inkişaf etdirilmişdir. Bəyannamədə vurğulanır ki, “Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışlarının türk dövlətlərinin vahid güc kimi çıxış etməsini tələb etdiyini və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələrin aparılmasının zəruriliyini etiraf edirik”.
Beləliklə, TDT-nin hər bir üzvünün təhlükəsizliyi türk dövlətlərinin vahid güc kimi çıxış etməsini tələb edir və bu anlamda təşkilatın təhlükəsizliyi ilə səsləşir. Bunun real həyata keçməsi üçün TDT üzvləri liderlərinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələri zəruri hesab olunur.
Təhlükəsizliyin Türk dünyası kontekstinə bu cür sıx bağlanmasını təmin edən başlıca mexanizmlər sırasında TDT-nin Yaşıl Rəqəmsal Platforması və Rəqəmsal hökumət (e-Hökumət) infrastrukturlarının daha da inkişaf etdirilməsinin, elektron sənəd mübadiləsi üçün e-imza/rəqəmsal imza mexanizmlərinin uyğunlaşdırılmasının və onlayn dövlət xidmətlərinin inteqrasiyasının; kiberinsidentlərə və kiberhücumlara qarşı ümumi kibertəhlükəsizliyin qorunması tədbirlərinin; süni intellekt üzrə siyasətlərin, təlimatların və tərəfdaşlıqların qurulmasının; məlumat mərkəzlərinin və bulud infrastrukturlarının yaradılması üzrə siyasət və ən yaxşı təcrübələrin inkişaf etdirilməsinin təşviqi ayrıca yer tutur.
Yeni dünya nizamında təhlükəsizlik
Bütün bunların fonunda rəqəmsal dövlətlə təhlükəsizlik arasında qarşılıqlı bağlılığın çox mühüm bir aspektini Prezident İlham Əliyev 15 iyun 2026-cı il tarixində Şuşada keçirilən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına etdiyi müraciətdə yer almış aşağıdakı fikirlər çox əhəmiyyətli və aydınlaşdırıcı məqam kimi görünür.
Dövlət başçısı müraciətində ifadə etmişdir: “Ədalətli dünya nizamının və bəşəriyyət üçün təhlükəsiz həyat şəraitinin yaradılmasının tərəfdarı olan Azərbaycan təkcə regionun deyil, eləcə də bütövlükdə Avrasiyanın etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışmaqdadır. Dost və qardaş ölkələrlə, xüsusən Türk dünyası ilə birlikdə atılan qətiyyətli addımlar beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır və ailəmiz olan Türk dünyasını XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevirir”.
Azərbaycanın mövqeyində qlobal nizamda təhlükəsiz həyat şəraiti prioritetlərdən biri statusundadır. Əslində, bu məsələ XXI əsrin xüsusiyyətlərinə uyğun olaraq insan kapitalının ön sıraya çıxarılmasını əks etdirir. Dünyanın hər bir ölkəsində insanların təhlükəsiz həyat şəraiti təmin edilməlidir. O cümlədən rəqəmsallıq, süni intellekt, informasiya texnologiyaları və kiberalətlər, ilk növbədə, bu məqsədə xidmət etməlidir. Buna görədir ki, Azərbaycanın irəli sürdüyü sülh gündəliyi beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünün qorunmasına və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanır. Bununla regional münasibətlərdə qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri aparıcılıq təşkil edir. Vurğulanan yanaşma Cənubi Qafqazın sabit, təhlükəsiz və firavan gələcəyini qurmağa əsas yaradır.
Strateji məqam
Azərbaycanın rəqəmsal dövlət kimi vurğulanan özəllikləri təhlükəsizliyin strateji aspekti ciddi surətdə nəzərə almaqla çoxşaxəli model üzrə təmin edildiyi aydınlaşır. Burada nəqliyyat-logistika ilə infrastrukturun yeniləşməsinin vahid sistemdə birləşdirildiyi görünür. Onun təzahürü olaraq “Yeni İpək Yolu” layihəsi çərçivəsində Orta Dəhliz və Zəngəzur dəhlizinin geosiyasi funksiyalarının göstərə bilərik. Mütəxəssislər artıq Zəngəzur dəhlizinin çoxstrukturlu geosiyasi şəbəkənin elementi statusunda qəbul edildiyini vurğulayırlar. Bunun anlamı dərin və əhatəlidir. Bir aspekti də regional təhlükəsizlik sisteminin yaradılması ilə əlaqəlidir. Onun iki aspektini qeyd etmək olar.
Birincisi, Zəngəzur dəhlizinin “3+3” formulu kontekstində təhlükəsizliyin vacib tərkib hissəsi kimi qəbul edilməsi. Həmin kontekstdə TRIPP daha geniş geosiyasi təhlükəsizlik sisteminin bir hissəsidir. Bu formulun təşəbbüskarının Azərbaycan olduğu məlumdur.
Deməli, Zəngəzur dəhlizi ümumi Orta Dəhliz layihəsinin bir hissəsi olaraq ciddi geosiyasi statusa malik olur. Rəqəmsallıq və süni intellekt bu baxımdan multimodal xarakterli Zəngəzur dəhlizi layihəsinin reallaşmasında nəqliyyat-logistika məkanı olmaqla yanaşı, bütövlükdə “Yeni İpək Yolu” layihəsinin təhlükəsizlik sisteminin bir parçası statusuna da malik olur.
İkincisi, Zəngəzur dəhlizi Şərqlə Qərbi birləşdirən multimodal nəqliyyat və logistika sisteminin Cənubi Qafqaz hissəsinin mühüm elementi olaraq qəbul edilməlidir. Geosiyasi proseslərin ümumi məntiqi bu dəhlizin reallaşmasını artıq zərurətə çevirmişdir. Onun təhlükəsizliyinin təminatçısı kimi isə Azərbaycan da daxil olmaqla bir neçə dövlət çıxış edəcək.
Mürəkkəb nəqliyyat, logistika, informasiya-kommunikasiya, daşımaların müxtəlif növləri vahid sistemdə cəmləşdirilir. Onun idarə edilməsi isə rəqəmsallıq, kiberalətlər və süni intellektin eyni sistemdə bir-birini tamamlayaraq tətbiq olunmasını nəzərdə tutur. Lakin bu zaman müəyyən risklərin meydana çıxa biləcəyi ehtimalı istisna edilmir.
Kibertəhdidlər və dələduzluqla mübarizə
Məsələn, kibertəhdidlər və dələduzluğun səviyyəsi yüksələ bilər. Digər tərəfdən, çox güclü rəqəmsal infrastrukturun yaradılması zərurəti meydana gələ bilər. Bir tərəfdən, kiberalətlər vasitəsilə mövcud təhlükəsizlik sistemini korlaya bilərlər. Digər tərəfdən, bu da özlüyündə daha güclü rəqəmsal infrastrukturun yaradılması tələbəni ortaya çıxarar ki, zamanlamada gecikmə halı ola bilər.
Əgər Zəngəzur dəhlizi məkanında baş versə, kommunikasiyada ciddi fasilələr yaranar ki, bütövlükdə “Yeni İpək Yolu” layihəsi zərər görər. Belə alınır ki, təhlükəsizliyin təmini aspektində “3+3” və rəqəmsallaşmanın qarşılıqlı əlaqələri geosiyasi və konkret ixtisaslaşma kontekstlərinin bir-birini tamamlamasını tələb edir. Həmin çərçivədə rəqəmsallaşma transsərhəd inteqrasiyanı, rəqəmsal nəqliyyat dəhlizlərinin yaradılmasını, logistikaya texnologiyaların tətbiqini və rəqəmsal iqtisadiyyatın inkişafını ehtiva edir. Önəmli olanı, bu elementlər kompleksini vahid təhlükəsizlik sistemində birləşdirməkdən ibarətdir.
Bu cür mürəkkəb sistem özlüyündə pilləli təhlükəsizlik sisteminin qurulmasını tələb edir. Burada nəqliyyat, informasiya və tranzit aspektləri bir-birini vahid sistem daxilində tamamlamalıdırlar. Azərbaycan bu prosesin çox fəal iştirakçısıdır. Prezident İlham Əliyev “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” konfransının iştirakçılarına ünvanladığı müraciətdə xüsusi vurğulamışdır: “Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması və qorunması istiqamətində qətiyyətli siyasət həyata keçirməkdədir”. Bakı regional sabitlik və sülhün yaradılması ilə onun qorunmasını (yəni təhlükəsizliyinin təminini) bir-biri ilə sıx əlaqədə həyata keçirən rəqəmsal dövlətdir.
Bu prosesin təməlini Şuşa Bəyannaməsi təşkil edir ki, burada Azərbaycan-Türkiyə münasibətləri regional təhlükəsizlik arxitekturasının ən önəmli sütunlarından biridir.
Beləliklə, Azərbaycanın rəqəmsal dövlət kimi çox mühüm funksiyası geniş bir geosiyasi məkanda əməkdaşlıq platformaları ilə rəqəmsal təhlükəsizlik sisteminin yaradılmasının səmərəli sintez edilməsinə nail olmaqdan ibarətdir. Bu proses son illər daha da intensivləşdirilmişdir və 2025-2026-cı illərdə dalbadal keçirilən mötəbər tədbirlər onun sistemli və davamlı olaraq inkişaf etdiyini göstərir.
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru