Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yutubun baş direktoru Nil Mohan dərc olunan illik məktubunda platformanın gələcəyi ilə bağlı həm maraq doğuran, həm də mübahisəli yenilikləri açıqlayıb.
Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, yutub kontent yaradıcılarına öz üz və səslərindən istifadə etməklə süni intellekt əsaslı “rəqəmsal əkizlər” yaratmağa imkan verən yeni funksiyanı istifadəyə verməyə hazırlaşır.
Yeni imkan sayəsində yaradıcılar kamera qarşısına çıxmadan, özlərinin süni intellektlə yaradılmış versiyalarından istifadə edərək, “YouTube Shorts” videoları hazırlaya biləcəklər.
Mohan vurğulayıb ki, bu texnologiya insan yaradıcılığını əvəz etməyəcək, əksinə, kontent istehsalını daha sürətli və çevik edən yeni bir ifadə vasitəsi rolunu oynayacaq.
Belə ki, kontent yaradanlar öz səslərini və vizual görüntülərini kopyalayaraq, rəqəmsal məzmunlarında istifadə edə biləcəklər.
Qısametrajlı videolar “Google”un qabaqcıl video istehsal aləti olan “Veo 3” vasitəsilə sadəcə mətn əmrləri ilə yaradılacaq.
İstifadəçilər mətn əsaslı əmrlərlə oyunlar dizayn edə, yeni musiqi janrları ilə təcrübələr apara biləcəklər.
Yutub süni intellekt texnologiyalarını fəal şəkildə tətbiq etsə də, Nil Mohan tamamilə sintetik və aşağı keyfiyyətli məzmunun yayılmasına qarşı ciddi mübarizə aparıldığını bildirib. İnternet mühitində “slop” (süni zibil) kimi tanınan, dəyər daşımayan avtomatik yaradılmış spam məzmunun qarşısını almaq üçün platformanın moderasiya sistemləri yenilənəcək.
Yutub yeni texnologiyaların sui-istifadə risklərini azaltmaq üçün əlavə qoruyucu mexanizmlər tətbiq edir. Başqasının üz və ya səsinin icazəsiz istifadə olunduğu süni intellekt videoları avtomatik şəkildə aşkar ediləcək. Eyni zamanda, süni intellektlə yaradılan və ya manipulyasiya edilən real məzmunun “sintetik” kimi etiketlənməsi məcburi olacaq.
Bundan əlavə, kontent müəllifləri öz rəqəmsal şəxsiyyətlərinin üçüncü şəxslər tərəfindən necə və harada istifadə olunduğunu idarə etmək üçün yeni nəzarət alətləri əldə edəcəklər.