Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Fərdi məlumatların qorunması da sual doğurur
Rəqəmsal keçid dövründə süni intellekt alqoritmləri artıq yalnız məlumat emal etmir, mətn, musiqi, vizual sənət nümunələri ərsəyə gətirməklə yanaşı, proqram kodlarının yazılmasından tutmuş, elmi tədqiqatların aparılmasına və mürəkkəb memarlıq layihələrinin dizaynına qədər bir çox işlərin görülməsində əsas mexanizmə çevrilib. Bu irəliləyiş yaradıcılıq dünyasında yeni dövr açsa da, mövcud qanunvericilik texnoloji yenilikləri tənzimləmək üçün kifayət etmir. Müəlliflik hüquqlarının kimə məxsus olması və fərdi məlumatların qorunması məsələsi hazırda ən aktual hüquqi müzakirələrdəndir.
Süni intellektin yaratdığı mətn, şəkil və ya musiqi nümunələri ənənəvi “müəllif” anlayışı ilə uyğun gəlmir. Beynəlxalq qanunvericilikdə müəllif hüququ insanın intellektual əməyinin məhsuluna verilir. Lakin Sİ yalnız verilmiş komandalar və mövcud verilənlər bazası əsasında nəticə təqdim edir. Bu məqamda ortaya belə bir sual çıxır: əgər məhsulu insan deyil, alqoritm yaradıbsa, onun hüquqi sahibi kimdir: proqramı yaradan şirkət, ondan istifadə edən şəxs, yoxsa süni intellektin özü?
İkinci ciddi problem isə fərdi məlumatların qorunması ilə bağlıdır. Süni intellekt modelləri təlim keçmək üçün internetdəki milyardlarla məlumatdan, o cümlədən insanların şəxsi yazışmalarından, fotolardan və əsərlərdən istifadə edir. Bu isə müəlliflik hüquqlarının pozulması və insanların şəxsi məlumatlarının icazəsiz şəkildə bazaya daxil edilməsi deməkdir. Bəs problemin qarşısını almaq üçün hansı hüquqi mexanizmlər və ya beynəlxalq tənzimləmələr tətbiq olunur?
Mövzu ilə əlaqədar XQ-yə açıqlama verən Müvəkkil Hüquq Mərkəzinin sədri, tədqiqatçı-hüquqşünas Səməd Vəkilov bildirdi ki, mövcud hüquq sistemində müəlliflik insan yaradıcılığına əsaslanır və süni intellekt müəllif kimi tanınmır:
– Mövcud milli və beynəlxalq qanunvericilikdə süni intellekt müstəqil subyekt deyil, fotoaparat və ya proqram təminatı kimi texniki alət hesab olunur. Buna görə də süni intellektə hüquq verilmir. Məhsulun kimə məxsus olması məsələsində isə yanaşmalar fərqlidir: əgər insan tərəfindən kifayət qədər yaradıcı müdaxilə (təşəbbüs, dizayn, seçimlər) mövcuddursa, hüquq istifadəçiyə verilə bilər. Lakin yalnız avtomatik sorğu ilə əldə edilən nəticələr üçün müəlliflik hüququ, ümumiyyətlə, tanınmır və həmin məhsullar ictimai mülkiyyət hesab edilir.
Süni intellekt məhsullarına müəllif hüququ verilməməsinin səbəbi qanunvericiliyin əsərin insan tərəfindən yaradılmasını tələb etməsidir. Sistemlərin internet məlumatlarını ümumiləşdirməsi isə hələlik plagiat sayılmır. Texnologiyanın sürətli inkişafından geri qalan qanunvericilikdəki hüquqi boşluqlar hər bir məhsul üzrə fərdi qaydada araşdırılmalıdır.
Ölkəmizdə qlobal çağırışlara uyğun olaraq süni intellekt sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılır. 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasında iqtisadiyyat, təhlükəsizlik və kiberçinayətkarlıq məsələləri təhlil olunmuş, texnologiyanın inkişafını dəstəkləyən hüquqi mühitin formalaşdırılması əsas vəzifə kimi müəyyənləşdirilmişdir.
Vəkil Əkrəm Həsənov isə söylədi ki, süni intellekt məhsullarının yaradıcısı məhsulu formalaşdıran və redaktə edən şəxs sayılsa da, məlumatların dəyişdirilərək yenidən işlənməsi səbəbindən məhkəmədə plagiatı sübut etmək çətindir və hüquqi baza hələ formalaşma mərhələsindədir:
– Ümumi yanaşmaya görə, süni intellekt məhsulunun sahibi onun yaradılmasında əməyi olan şəxsdir. İstifadəçi süni intellektə düzgün suallar və tapşırıqlar verib, onun yazdığı mətni sonradan təhlil edib, üzərində düzəlişlər və redaktələr aparıbsa, bu halda həmin məhsul üzərində sahiblik hüququ qazana bilər. Lakin əqli mülkiyyət hüququnun pozulması və ya plagiat hallarının məhkəmədə sübut olunması mürəkkəb prosesdir. Çünki sistemlər məlumatları, sadəcə, kopyalamır, onları dəyişdirərək yenidən formalaşdırır. Mövcud qanunvericilik hələ ki, bu cür rəqəmsal dəyişiklikləri tənzimləməkdə çətinlik çəkir.
Hüquqlarının pozulduğunu iddia edən şəxs məhkəməyə müraciət edərək həmin nəticənin onun əsəri əsasında icazəsiz yaradıldığını sübuta yetirməlidir. Süni intellektin hüquqi şəxsiyyəti olmadığı üçün məsuliyyət, bütünlüklə, sorğunu verən və nəticəni tətbiq edən istifadəçinin üzərinə düşür. Yeni qaydaların tətbiqi və dövlət səviyyəsində tənzimləmələrin aparılması istiqamətində müəyyən addımlar və proqramlar nəzərdən keçirilsə də, qanunvericilik bazası hələ formalaşma mərhələsindədir. Yaxın gələcəkdə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün aparıcı ölkələrin qabaqcıl praktika və təcrübələrinə istinad olunacağı gözlənilir.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov qeyd etdi ki, süni intellektin məlumat toplamasından qorunmaq üçün rəqəmsal təhlükəsizlik və müdafiə qaydalarına əməl olunmalıdır. Ekspertin fikrincə, öyrənilmiş məlumatların modeldən silinməsi texniki olaraq qeyri-mümkündür:
– Süni intellekt modellərinin internetdən kütləvi məlumat toplamasına qarşı vətəndaşların fərdi səviyyədə ata biləcəyi addımlar rəqəmsal qorunma qaydalarına və profilaktik alətlərə əsaslanır. İctimaiyyətə tam açıq profillər botlar üçün ən asan resurs olduğundan, hesabların gizli rejimə keçirilməsi və şəxsi fotoların yalnız dostlara qapadılması ilkin qorunma baryeridir. Bundan əlavə, qlobal platformaların parametrlər bölməsindən fərdi məlumatların süni intellekt təlimində istifadəsinə etiraz bildirmək mütləqdir. Vizual məzmun yaradıcıları isə işlərini paylaşmazdan əvvəl şəkillərə insan gözünün görmədiyi, lakin alqoritmləri korlayan kiçik nöqtələr (piksellər) əlavə edən xüsusi proqramlardan yararlana bilərlər.
İstifadəçilərin öz məlumatlarını süni intellektin təlim bazasından tamamilə sildirməsi müasir texnologiyanın mürəkkəb problemlərindəndir. Çünki məlumatı ilkin mənbədən silmək mümkün olsa da, təlim keçmiş modeli neyron şəbəkəsindən çıxarmaq çətindir. Beynəlxalq qanunvericiliyin tələbi ilə şirkətlər şəxsin məlumatlarını gələcək təlimlər üçün istifadə olunan serverlərdən silə bilirlər. Lakin süni intellekt modeli məlumatı qovluq kimi yaddaşda saxlamayıb milyonlarla parametr arasında riyazi əlaqə quraraq öyrəndiyi üçün, onu sistemdən çıxarmaq, demək olar ki, qeyri-mümkündür. Hazırda alimlər maşının unudulması texnologiyaları üzərində işləsələr də, hələ ki, ən etibarlı texniki həll zərərli məlumatı çıxardıqdan sonra modeli böyük xərc və zaman hesabına sıfırdan yenidən işə salmaq deməkdir.
Süni intellektin yaratdığı məzmunlarda hüquq pozuntusu aşkar edildikdə, ədalətli yanaşma məsuliyyətin bölgüsü prinsipinə əsaslanmalıdır. Bu sahədə iki əsas pozuntu növü mövcuddur. Birincisi, süni intellekt sisteminə icazəsiz şəkildə müəlliflik hüququ ilə qorunan əsərlər və ya fərdi məlumatlar yükləndiyi hallardır. Burada şirkət filterləri düzgün qurmadığı üçün məhsulun məsuliyyətini daşıyır. İkincisi isə istifadəçinin süni intellektdən məqsədli fırıldaqçılıq, şantaj və ya nüfuza xələl gətirən saxta məzmun hazırlamaq üçün alət kimi istifadə etməsidir ki, bu zaman törədilən əmələ görə həmin şəxs cavabdehdir.
Ekspertlərin fikirləri də göstərir ki, süni intellektin sürətli inkişafı cəmiyyətə əvəzsiz imkanlar bəxş etsə də, mürəkkəb hüquqi və etik problemlər yaradır. Bu səbəbdən həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də vətəndaşların rəqəmsal qorunma qaydalarına riayət etməsi müasir dövrün çağırışlarına cavab vermək üçün mühüm əhəmiyyət daşıyır.
Elenora HƏSƏNOVA
XQ