Rəqəmsal gələcəyin üçbucağı: Dövlət, Valideyn və Təlhsil

06.08.2026

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Müasir dövrdə rəqəmsal mühit qlobal miqyasda inqilabi dəyişikliklərə yol açan əhəmiyyətli transformativ qüvvəyə çevrilmişdir. Rəqəmsal transformasiya prosesi ölkəmizdə də dövlət səviyyəsində ciddi şəkildə dəstəklənir. Buna parlaq misal olaraq, 2025–2028-ci illəri əhatə edən “Süni İntellekt Strategiyası”nı göstərmək olar. Bu strategiyanın əsas mahiyyəti ölkədə süni intellekt texnologiyalarının tətbiqini genişləndirməklə innovasiya mühitini gücləndirməkdən və məlumat əsaslı idarəetməni təşviq etməkdən ibarətdir. Strategiya çərçivəsində bütün aparıcı sahələrdə süni intellektə əsaslanan həllərin tətbiqi planlaşdırılır.
Rəqəmsallaşmanın inkişafı istiqamətində atılan digər əhəmiyyətli addım isə ölkə Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”dır. Bu fərman dövlət xidmətlərinin tam rəqəmsallaşdırılmasını və rəqəmsal iqtisadiyyatın tərəqqisi üçün zəruri infrastrukturun qurulmasını ehtiva edir.
Bununla belə, rəqəmsal mühitin sürətli inkişafı müsbət meyllərlə yanaşı, müəyyən risklər də vəd edir. Kibertəhdidlərin artması, fərdi məlumatların sızması, sosial izolyasiya, psixoloji gərginlik və dezinformasiyanın yayılması kimi mənfi hallar buna nümunədir. Bu fəsadlardan ən çox zərər çəkən həssas qrup isə uşaqlar və yeniyetmələrdir. Rəqəmsal mühitdən düzgün istifadə edilmədikdə, onların psixoloji, mənəvi və fiziki təhlükəsizliyi ciddi sual altında qalır.
Bu cür neqativ halların qarşısının alınması üçün uşaqların rəqəmsal mühitdən səmərəli istifadəsinə dair strateji addımların atılması və rasional qərarların qəbulu zəruri idi. Bu baxımdan, ölkə Prezidentinin uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı Sərəncamı müstəsna əhəmiyyət kəsb edir. Sərəncamın əsas məqsədi uşaqların psixoloji, mənəvi və fiziki təhlükəsizliyini təmin etmək, yəni onların həm rəqəmsal, həm də real mühitdə hərtərəfli mühafizəsini təşkil edərək, sağlam bir şəxsiyyət kimi formalaşması üçün mövcud riskləri neytrallaşdırmaqdır.
Sözügedən təhlükəsizlik istiqamətlərinin mahiyyəti və məzmunu aşağıdakı kimidir:
- Psixoloji təhlükəsizlik: Uşağın emosional sabitliyini, zehni sağlamlığını və şüurunu kənar zərərli təsirlərdən qorumaq deməkdir. Buraya onlayn təhdidlər, rəqəmsal asılılıq, stress və təhlükəli trendlər daxildir.
- Mənəvi təhlükəsizlik: Uşağın mənəvi-əxlaqi dəyərlərinin, milli-mədəni identikliyinin və sağlam dünyagörüşünün təhrif olunmasının qarşısını almaqdır. Buraya zərərli məzmunlardan qorunma, dəyərlər sisteminin mühafizəsi və informasiya gigiyenası daxildir.
- Fiziki təhlükəsizlik: Uşağın bədən sağlamlığını, həyatını və fərdi təhlükəsizliyini rəqəmsal və real aləmin təhlükələrindən mühafizə etməkdir. Buraya kiber-pedofiliya, pedaqogika xarici təhlükələr, fərdi məlumatların sızması və fiziki sağlamlığın qorunması daxildir.
Psixoloji, mənəvi və fiziki təhlükəsizliyin tam təmin olunması uşaqların həm virtual aləmdə, həm də real həyatda sağlam, təhlükəsiz və cəmiyyət üçün faydalı fərd kimi böyüməsi üçün “dövlət – təhsil müəssisəsi – valideyn” üçbucağının sıx və birgə əməkdaşlığı sayəsində mümkündür. Bu baxımdan, ölkə Prezidentinin uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı Sərəncamı yalnız qadağanedici xarakter daşımır, həmçinin “dövlət – təhsil müəssisəsi – valideyn” üçbucağında birgə nəzarət və maarifləndirmə sisteminin qurulmasını hədəfləyir.
Ruhiyyə Mehdiyeva,
"Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini, fəlsəfə doktoru
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью