Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura (AQUDK) və Bakı 29 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Rəqəmsal həyatın ailəyə təsiri: hüquqi və sosial yanaşmalar” mövzusunda tədbir keçirilib.
Mediasiya Təşkilatından AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi müasir dövrdə rəqəmsal mühitin ailədaxili münasibətlərə təsirini araşdırmaq, uşaqların onlayn təhlükəsizliyinin təmin olunması və rəqəmsal məkanda baş verən hüquq pozuntularına qarşı effektiv mübarizə mexanizmlərini müzakirə etmək olub.
Açılış mərasimində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, AQUDK-nın Analitik təhlil və informasiya şöbəsinin müdiri Elgün Səfərov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Qəmərxanım Cavadlı çıxış ediblər.
Çıxışlarda rəqəmsallaşma dövründə ailə dəyərlərinin qorunmasının, eləcə də bu sahədə dövlət və ictimaiyyət arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Tədbirin panel hissəsində müxtəlif sahələri təmsil edən mütəxəssislər aktual mövzularla bağlı məruzələr təqdim ediblər.
ICF-in Azərbaycan bölməsinin prezidenti, PCC sertifikatlı mütəxəssis Ebru Kaya Çaymaz “Virtual dünya, real münasibətlər: rəqəmsal mühit ailədə nəyi dəyişir?” mövzusunda çıxış edərək rəqəmsal texnologiyaların ailədaxili ünsiyyətə psixoloji və sosial təsirlərindən bəhs edib.
Vəkillər Kollegiyasının üzvü Şəbnəm Tağıyeva “Süni intellekt, sosial media və uşaqların rəqəmsal təhlükəsizliyi” mövzusunda məruzəsində uşaqların internet mühitində qarşılaşa biləcəyi risklər və onların qorunması yolları barədə məlumat verib.
Bakı 29 saylı Mediasiya Təşkilatının direktoru, mediator və hüquqşünas, İctimai Şuranın sədr müavini Venera Əsgərova “Ailə mübahisələrinin mediasiya yolu ilə həlli” mövzusunda çıxışında ailə münaqişələrinin məhkəməyəqədər sülh yolu ilə tənzimlənməsinin üstünlüklərini diqqətə çatdırıb.
Vəkil və auditor, hüquq üzrə fəlsəfə doktoru Vüsalə Muradxanlı isə “Kiberbullinq, rəqəmsal mühitdə hüquq pozuntuları və müdafiə vasitələri” mövzusunda təqdimatla çıxış edərək onlayn zorakılıq halları və vətəndaşların hüquqi müdafiə mexanizmləri haqqında məlumat verib.
Tədbir ümumi müzakirələr və sual-cavab sessiyası ilə yekunlaşıb.