Rəqəmsal idarəetmə dövrü başlayır

10.07.2026

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan müasir çağırışları və ölkəmizin reallıqlarını nəzərə almaqla rəqəmsal idarəçilik modelinə keçidi özünün prioritetlərindən biri kimi müəyyənləşdirib. Effektiv keçidi təmin etmək məqsədilə institusional və hüquqi bazanın yaradılması istiqamətində müəyyən yol keçilib və ilk nəticələr əldə olunub. Cari ilin yanvar ayında Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib.  Fevral ayında dövlətimizin başçısının sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib və “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurası çevik fəaliyyət göstərir. İyunun 29-da Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda önəmli müzakirələr aparılıb, Birinci vitse-prezident müvafiq qurumlara öz tapşırıqlarını verib.

Beləliklə, ölkədə rəqəmsal idarəçilik modelinə keçidlə bağlı dövlətin siyasi iradəsi ortadadır. Buna uyğun olaraq da ölkə miqyasında rəqəmsal idarəçilik modelinə keçidin, mərkəzi və yerli icra strukturlarında fəaliyyətlərin elektron platformalar üzərindən həyata keçirilməsinin əhatə dairəsi getdikcə genişlənir.

“E-müqavilə” sisteminin əhatə dairəsi genişlənir

 Yuxarıda xatırlatdığımız “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə” sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən etməklə dövlət maliyyəsinin daha səmərəli, şəffaf və çevik idarə olunmasını təmin etmək, maliyyə proseslərində rəqəmsal texnologiyaların tətbiqini genişləndirmək məqsədi daşıyır. Yeni informasiya sistemi dövlət maliyyəsinin planlaşdırılması, icrası, nəzarəti və təhlili sahələrində vahid rəqəmsal mühitin formalaşdırılmasını hədəfləyir.

RDMİS-nin sahibi və operatoru kimi Maliyyə Nazirliyi müəyyənlədirilib. Sistem müxtəlif istiqamətlərdə rəqəmsal idarəetməni təmin edən 13 əsas altsistemdən ibarətdir. “Büdcə məlumatlarını idarəetmə”, “Dövlət maliyyə nəzarəti”, “Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi”, “Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi”, “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi”, “e-azadolma”, “e-müqavilə”, “e-muhasibat”, “e-rüsum”, “e-mədaxil”, “Elektron ciddi hesabat blankları”, “Xəzinədarlığın rəqəmsal idarə edilməsi” və “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” bu altsistemlərə daxildir.

Artıq yeni əsasnaməyə uyğun olaraq praktiki müstəvidə fəaliyyətlər həyata keçirilir. Maliyyə Nazirliyindən verilən məlumata görə, dövlət maliyyəsinin idarə edilməsi sahəsində səmərəliliyin və şəffaflığın artırılması istiqamətində həyata keçirilən islahatların tərkib hissəsi kimi, büdcə təşkilatları tərəfindən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət proseslərinin həyata keçirilməsi məqsədilə istifadəyə verilən “e-müqavilə” altsistemində cari ilin birinci yarısı üzrə yüksək istifadəçi aktivliyi qeydə alınıb.

Belə ki, hesabat dövrü ərzində 872 satınalan təşkilat sistemdə qeydiyyatdan keçib, 1487 təchizatçı isə platformaya uğurla qoşulub. İstifadəçilər tərəfindən sistemdə imzalanmış müqavilələrin 45,43 faizi xidmətlərin göstərilməsi, 40,2 faizi malların satınalınması, 14,37 faizi isə işlərin görülməsi ilə bağlı olub. Ümumilikdə, qeyd olunan dövr ərzində “e-müqavilə” altsistemi vasitəsilə ümumi məbləği 1 milyard manatdan çox olan 2414 müqavilə bağlanıb.

Qeyd edək ki, “e-müqavilə” altsistem cari ilin 10 aprel tarixindən istifadəyə verilib və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir.

1,5 milyondan çox insan proaktiv təyinat xidmətlərindən faydalanıb

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkə vətəndaşlarına müxtəlif xidmətlərin rəqəmsal platformalar üzərindən təqdim olunmasında yaxşı təcrübə qazanıb. Belə ki, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət sahələrində son illər həyata keçirilən islahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan, ədalətli və inklüziv olmasına imkan yaradıb. Burada 2019-cu ildən tətbiq olunan proaktiv mexanizmlər nəticəsində sosial ödənişlər  hüququ yaranan şəxslərə müraciət və sənəd təqdim edilmədən, hüquq yarandığı gün elektron sistemlər üzərindən, proaktiv qaydada təyin edilir. Təyinat üçün əvvəllər mövcud olmuş uzun müddət gözləmə halları, bürokratik maneələr, məmur-vətəndaş təmasları, korrupsiya və subyektiv qərarvermə riskləri, habelə artıq sənədləşmə və inzibati yük də bu innovativ həll vasitəsilə aradan qalxıb.

Proaktiv təyinat mexanizmi ilə əlaqədar 60-dan çox qurumun 80-ə yaxın informasiya sistemi ilə inteqrasiya təmin edilib və məlumat mübadiləsi real vaxt rejimində həyata keçirilir. Artıq 1,5 milyondan çox insan proaktiv təyinat xidmətlərindən faydalanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu 98 faizdən çoxdur.

BMT-nin xüsusi mükafatı

Azərbaycanın sosial müdafiə sahəsində proaktiv xidmət təcrübəsi beynəlxalq səviyyədə böyük maraqla qarşılanıb. Son illər ölkəmizdə aparılan uğurlu sosial islahatlara BMT tərəfindən də yüksək qiymət verilməsinin əyani təsdiqi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu  “Heç kəsi geridə qoymamaq naminə inklüziv və ədalətli xidmətlərin göstərilməsi” kateqoriyası üzrə “Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri” təşəbbüsünə görə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb.

BMT-yə 63 ölkədən təqdim olunmuş 700 təşəbbüs arasından DSMF və digər ölkələrdən 7 müvafiq dövlət qurumu bu mükafatla təltif edilib. Gürcüstan paytaxtında keçirilən, 100-ə yaxın ölkədən 420 nümayəndənin iştirak etdiyi BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində təşkil olunan təltifetmə mərasimində mükafat DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyevə təqdim olunub.

Fond BMT-nin Dövlət Xidmətləri Mükafatına sosial təminat sahəsində son illər həyata keçirdiyi innovativ islahatlara, xüsusilə sosial ödənişlərin proaktiv qaydada təyin olunmasına, rəqəmsal texnologiyalar əsasında qurulmuş vətəndaşyönümlü xidmət modelinə, sosial xidmətlərin əlçatanlığının, operativliyinin, şəffaflığının və inklüzivliyinin artırılması istiqamətində əldə etdiyi mühüm uğurlara görə layiq görülüb.

BMT-nin rəsmi bəyanatına görə, onun Dövlət Xidməti Mükafatı (“UN PSA”) dövlət xidmətləri sahəsində mükəmməlliyin tanınmasıdır. Bu mükafatla dünyanın müxtəlif ölkələrində daha səmərəli və çevik dövlət idarəçiliyinin formalaşmasına töhfə verən dövlət qurumlarının yaradıcı nailiyyətləri və fəaliyyət nəticələri təltif edilir.

Qeyd edək ki, Forumun “Heç kəsi geridə qoymamaq üçün inteqrasiya olunmuş xidmət göstərmə sistemləri” mövzusunda keçirilən panel iclasında da Azərbaycanda son illər sosial sığorta və sosial təminat sahəsində aparılan islahatların uğurları, bu sahədə tətbiq olunan innovativ yeniliklər barədə ətraflı məlumat verilib.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью