Rəqəmsal inkişafda yeni dövr

04.07.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın sədrliyi ilə iyunun 29-da keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası Azərbaycanın inkişafının yeni yol xəritəsi hesab edilən rəqəmsal dövlət quruculuğu yönündə aparılan dərin islahatların mahiyyətini əks etdirməklə, dövlətin yeni rəqəmsal çağırışlara hazırlıq imkanlarını və potensialını da təsdiqlədi. İclas yeni yaradılan Şuranın fəaliyyətindən qısa müddət keçməsinə baxmayaraq, kifayət qədər genişplanlı iş üslubunu və strateji niyyətini, hazırlıq səviyyəsini nümayiş etdirdi.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Rəqəmsal İnkişaf Şurasına Birinci vitse-prezident Mehriban Əliyevanı sədr təyin edilməsi müasir dövlət quruculuğunda ona olan yüksək etimadın və etibarın növbəti nümunəsidir. Mehriban xanım Azərbaycanın tərəqqisinə misilsiz töhfələr vermiş peşəkar dövlət xadimi kimi ona həvalə edilmiş bütün vəzifələri layiqincə və yüksək səviyyədə icra etmiş şəxsdir.
Bu baxımdan, olduqca məsul və strateji funksiya daşıyan yüksək rəqəmsallaşma kimi fövqəladə və nəhəng bir sektorda islahatların bilavasitə onun sədrliyi altında həyata keçirilməsi Azərbaycanın rəqəmsal sıçrayışa çatmasında mühüm mərhələnin başlanması kimi qiymətləndirilir.
Rəqəmsal İnkişaf Şurasının iclasında diqqətə çatdırılan mesajlardan belə qənaət formalaşır ki, Prezident İlham Əliyevin bu sahədə müəyyən etdiyi mühüm prioritetlərin və strateji hədəflərin həyata keçirilməsi istiqamətində dövlət qurumlarının yekdil və koordinasiyalı fəaliyyəti qurulub, Şuranın tərkibində daxil olan müvafiq strukturlar öz səlahiyyətlərinə aid bölmələr üzrə zəruri tədbirlərin icrasında vaxt itirmədən çalışmaqdadırlar.
Qeyd edək ki, Birinci vitse-prezidentin rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının strateji vəzifə və prioritetləri aydındır: rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiyalar, texnoloji potensialın yeni hərəkətverici qüvvəsi olan startap biznesini dəstəkləmək, bu sahələrə sərmayələri cəlb etmək və rəqəmsal suverenliyi möhkəmləndirməkdir.
Həmçinin Şuranın fəaliyyətinə icraçı dövlət orqanları arasında rəqəmsal siyasəti vahid mərkəzdən idarə etmək, “e-hökumət” idarəçiliyində pərakəndəliyi aradan qaldırılmaq, innovasiya ekosistemini möhkəmləndirməklə ölkə iqtisadiyyatına təkan vermək, rəqəmsal xərcləri və dövlət investisiyalarını vahid pəncərədə optimallaşdırmaq yönündə prinsipial addımlar atmaq kimi mühüm hədəflər daxildir. Bu müasir yanaşma dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinin əsaslı təminatı deməkdir.
Rəqəmsal Şura öz fəaliyyət manifestini “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”na əsasən tərtib edib ki, həmin konsept üzrə artıq dəqiq institusional məsuliyyət mexanizmi formalaşdırılıb, hər bir dövlət orqanında rəhbər müavini səviyyəsində rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizliyə birbaşa cavabdeh məsul şəxsin təyin edilməsi qərara alınıb.
Rəqəmsal inkişafa gedən yol institusional çərçivənin möhkəmləndirilməsidir ki, Şuranın prioritetlərinə uyğun olaraq rəqəmsal inkişaf sahəsində genişmiqyaslı qanunvericilik islahatları hazırlanıb. İslahatlar innovasiya və rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləyən hüquqi mühitin təkmilləşdirilməsini əhatə edir və qabaqcıl beynəlxalq təcrübəyə əsaslanır.
Fəaliyyət Planı İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiya, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb və bu sənədlərdə müəyyən edilmiş məqsədlərin icrasını təmin edən konkret tədbirləri birləşdirir.
Həmçinin kibertəhlükəsizlik üzrə vahid idarəetmə modelinin yaradılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi təsis olunub. Agentliyin fəaliyyəti çərçivəsində Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Tədqiqat Mərkəzi fəaliyyət göstərəcək. Bununla da, strateji baxış, prioritetlər və icra mexanizmləri vahid idarəetmə modelində cəmlənir.
Rəqəmsal baxışa və Fəaliyyət Planına əsasən, rəqəmsal infrastrukturun müasirləşdirilməsini, yeni rəqəmsal bizneslərin təşviqini, startap və innovasiya yönümlü ekosistemin dəstəklənməsi, iqtisadi qərarvermədə data əsaslı analitikanın tətbiqi nəzərdə tutulur ki, artıq bu istiqamətdə yeni modellər hazırlanıb və davam etdirilir.
Azərbaycanın xarici iqtisadi innovasiya zəncirinə sıx qoşulması və yenilikçi texnologiyaların ölkəyə gətirilməsində nümayiş etdirdiyi iradə beynəlxalq rəqəmsal inteqrasiyanı da dərinləşdirməkdədir. Həmin inteqrasiya proseslərində süni intellekt üzrə innovativ mübadilələr isə xüsusi önəm daşıyır.
Hazırda süni intellektin dövlət idarəçiliyində və e-xidmətlərdə geniş tətbiqi, virtual vətəndaş köməkçisi ilə əlaqələndirilmiş iş üslubu, “Regulatory Sandbox” mexanizminin yaradılması Azərbaycanın bu sahədə qlobal texnoloji sıçrayışa çatmasına dərin inam yaradır. Bu siyasətin həyata keçirilməsində isə milli dövlət anlayışı əsas niyyət kimi diqqətdə saxlanılacaq.
Mehriban xanım Əliyevanın iclasda texnoloji həllərin tətbiqində və qərarvermədə milli maraqları ön plana çəkməsi süni intellekt texnologiyalarının milli təhlükəsizlik və rəqəmsal suverenlik prinsipləri çərçivəsində tətbiqinin strateji vəzifə olduğuna işarə edir. Məhz bu prizmadan yanaşdıqda, Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli CERT və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin formalaşdırılması, kritik informasiya infrastrukturunun qorunması, dövlət informasiya sistemlərinin Hökumət Buluduna keçirilməsi və süni intellekt əsaslı kibermüdafiə mexanizmlərinin tətbiqi milli rəqəmsal müstəqilliyin güclü arxitektutasının qurulmasına hesablandığını təsdiqləyir.
Beləliklə, Rəqəmsal İnkişaf Şurasının ilk iclasında diqqətə çatdırılan fikirlər onu təsdiq edir ki, Azərbaycanın iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi, texnoloji rəqabətdə irəliyə çıxmasında və rəqəmsal dünyada layiqli yer tutmasında konseptual və praktiki addımlar atılır.
Mehriban xanım Əliyevanın bəyan etdiyi kimi, əsas məqsədlərdən biri “Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir”.

Ramid Namazov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью