“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

06.10.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026–2027-ci tədris ilindən etibarən “Rəqəmsal məktəb” platforması Bakı şəhəri ilə yanaşı, ölkənin digər regionlarında da tətbiq olunacaq. Yeni tədris ilindən etibarən platformadan Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvanda 20 məktəbdə istifadə ediləcək. Beləliklə, ümumilikdə daha 194 məktəb platformaya qoşulacaq.

Bu barədə APA-ya Elm və Təhsil nazirliyindən məlumat verilib.

Bildirlib ki, layihənin əsas məqsədi təhsil prosesinin rəqəmsallaşdırılmasını sürətləndirmək, məktəb idarəetməsində müasir texnologiyalardan istifadə imkanlarını genişləndirmək, şagird, müəllim, valideyn və məktəb rəhbərliyi arasında qarşılıqlı əlaqəni daha çevik və səmərəli şəkildə təmin etməkdir.

“Rəqəmsal məktəb” platformasının genişləndirilməsi ilə müəllimlər üçün tədris prosesinin idarə olunmasında yeni rəqəmsal imkanlar yaradılacaq. Belə ki, müəllimlər dərs jurnallarını elektron qaydada aparacaq, bununla da kağız daşıyıcılardan istifadənin mərhələli şəkildə azaldılması və tədris məlumatlarının vahid rəqəmsal mühitdə idarə olunması təmin ediləcək.

Bununla yanaşı, platforma istifadəçiləri süni intellekt əsaslı rəqəmsal həllərə çıxış əldə edəcəklər. Bu imkanların tədris prosesində müasir texnologiyalardan daha səmərəli istifadəyə, müəllimlərin gündəlik fəaliyyətinin optimallaşdırılmasına və təhsil prosesinin fərdiləşdirilməsi imkanlarının genişləndirilməsinə xidmət etməsi nəzərdə tutulur.

Şagirdlər platforma üzərindən müxtəlif tədris resurslarına çıxış əldə edəcək, gündəlik dərs cədvəlləri ilə tanış olacaq, həmçinin qiymətlərini elektron qaydada izləyə biləcəklər. Bu imkanlar şagirdlərin tədris prosesində öz nəticələrini və gündəlik fəaliyyətlərini daha rahat izləməsinə şərait yaradacaq.

Valideynlər isə şəxsi kabinetləri vasitəsilə övladları ilə bağlı məlumatları elektron qaydada izləyə biləcəklər. Onlar platformada övladlarının davamiyyəti, qiymətləri və nizam-intizam göstəriciləri barədə məlumat əldə edə, bununla da övladlarının təhsil prosesi və məktəbdəki fəaliyyəti barədə daha operativ məlumatlı ola biləcəklər.

“Rəqəmsal məktəb” platforması vasitəsilə təhsil prosesinin müxtəlif istiqamətlərinin vahid rəqəmsal mühitdə təşkili, təhsil iştirakçıları üçün məlumat və xidmətlərə çıxışın asanlaşdırılması, məktəblərdə idarəetmə və kommunikasiya imkanlarının təkmilləşdirilməsi hədəflənir.

Platformanın yeni regionlarda tətbiqi ilə daha çox məktəbin və təhsil iştirakçısının rəqəmsal həllərdən yararlanması təmin olunacaq. Bununla da rəqəmsal təhsil imkanlarının ölkə üzrə mərhələli şəkildə genişləndirilməsi və vahid rəqəmsal təhsil ekosisteminin formalaşdırılması istiqamətində növbəti addım atılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью