Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Bildirilib ki, təkcə sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 977 milyon manat təşkil edib. Bunun da 7 milyard 755 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1 milyard 220 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. Ümumilikdə isə, ilin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,7 faizini təşkil edib.
Bu arada, Mərkəzi Bank Azərbaycanda ödəniş kartlarının sayı ilə bağlı da açıqlama yayıb. Qurumun məlumatına əsasən, cari ilin avqust ayından “Card to card” əməliyyatlarına limit qoyulması fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfə sürətlənib. Qeyd olunub ki, sentyabrın sonuna Azərbaycanda 23 milyon 388 min ədəd ödəniş kartı olub. Bu, avqustun sonu ilə müqayisədə 414 min ədəd və yaxud 1,8 faiz çoxdur. Avqustda isə ödəniş kartlarının sayı əvvəlki aya nisbətən 189 min ədəd və yaxud 0,8 faiz artaraq 22 milyon 974 min ədədə çatmışdı.
Xatırladaq ki, Azərbaycanda nağdsız hesablaşmalar “Nağdsız hesablaşmalar haqqında” Qanun və Vergi Məcəlləsi ilə tənzimlənir. Mütləq nağdsız həyata keçirilməli olan ödənişlərə isə vergilər, gömrük rüsumları və sığorta haqları, keditlər, lizinq ödənişləri və kommunal xərclər, əməkhaqları, pensiyalar, təqaüdlər, müavinətlər, təhsil haqları və stasionar telefon xərcləri, avtomobil satışı və daşınmaz əmlakın alqı-satqısı, eləcə də pərakəndə ticarətdə bir çek üzrə 4 min manatdan çox olan alışlar, tibbi xidmətlər üzrə bir çek ilə 500 manatdan çox olan ödənişlər, daşınar/daşınmaz əmlak, qiymətli metallar və daşlar üzrə 15 min manatdan artıq ödənişlər, uduş və oyunlarda 3 min manatdan çox məbləğlər və biznes subyektləri üçün aylıq nağd ödəniş limitləri daxildir.
XQ