Rəqəmsal satınalmaya etimad artır

03.07.2026

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Məqsəd daha səmərəli idarəetmə sisteminin yaradılmasıdır

Azərbaycanın uğurlu inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, ölkənin milli maraqlar üzərində qurulan siyasətində qlobal miqyasda yaranan yeni çağırışlar mütləq qaydada nəzərə alınır. Hazırda dünyada süni intellekt, müxtəlif idarəetmə sahələrində rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi artıq gələcəyin deyil, bu günün əsas inkişaf amili qismində çıxış edir.

Azərbaycan da müxtəlif idarəetmə sahələrində rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsini özünün starteji hədəflərindən biri kimi müəyyənləşdirib. Bununla bağlı bu günlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında önəmli fikirlər ifadə olunub. Birinci vitse-prezident vurğulayıb ki, qarşıya qoyulan əsas məqsədlərdən biri daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır.

Ölkəmizin rəqəmsallaşma strategiyasında vacib məqamlardan biri də beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Mehriban xanım Əliyeva bildirib ki, biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır. Bu baxımdan Azərbaycanın müvafiq təsisatlarının Ali Audit Qurumların Beynəlxalq Təşkilatı (INTOSAI) ilə sıx əməkdaşlığı təqdirəlayiqdir. Bu günlərdə Bakıda Ali Audit Qurumların Beynəlxalq Təşkilatının Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısı baş tutub. Tədbirdə müzakirə olunan əsas məsələlərdən biri də dövlət satınalmalarında və onların auditində rəqəmsallaşmanın genişləndilməsinin önəmi olub.

Dövlət satınalmaları sahəsində qlobal trend - rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq əsas prioritetlərdəndir

Hazırda dünya üzrə dövlət satınalmalarının həcmi 13 trilyon dollara çatır və bu sahə ölkələrin iqtisadi inkişafında mühüm rol oynayır. Dövlət satınalmaları əksər ölkələrdə ümumi daxili məhsulun 13-20 faizini təşkil edir. Bu səbəbdən satınalmaların şəffaf, səmərəli və milli maraqlara uyğun həyata keçirilməsi ali audit orqanlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Bu sahədə əsas qlobal trend isə heç şübhəsiz ki, rəqəmsallaşmanın tətbiqinin genişləndilməsidir. Rəqəmsal həllər auditin səmərəliliyinin artırılmasına, korrupsiya risklərinin vaxtında aşkarlanmasına və dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə mühüm töhfə verir. Dövlət satınalmalarında rəqəmsallaşma öz-özlüyündə insan təmaslarına son qoyulması anlamına gəlir ki, bu da neqativ halların əhatə dairəsinin daralması deməkdir.

“Dövlət satınalmalarının auditində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, metodoloji bazanın gücləndirilməsi, rəqəmsallaşma və süni intellekt imkanlarından istifadə bu sahədə səmərəliliyin artırılması üçün əsas istiqamətlərdəndir”. Bu sözləri Ali Audit Qurumların Beynəlxalq Təşkilatının Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupuna sədrlik edən Rusiyanın Hesablama Palatasının auditoru Svetlana Orlova Bakıda keçirilən illik toplantıdakı çıxışı zamanı deyib.

O bildirib ki, İşçi Qrupunun fəaliyyəti çərçivəsində BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, Avropa İttifaqı və digər beynəlxalq qurumların yanaşmalarını, eləcə də müxtəlif ölkələrin uğurlu milli təcrübələrini özündə birləşdirən vahid rəqəmsal bilik bazası formalaşdırılıb və bu baza mütəmadi olaraq yenilənir.

Çıxışında rəqəmsallaşma məsələlərinə xüsusi diqqət ayıran Svetlana Orlova vurğulayıb ki, texnoloji inkişaf nə qədər sürətlə getsə də, auditorun peşəkar qiymətləndirməsi və insan amili hər zaman həlledici əhəmiyyət daşıyacaq. O qeyd edib ki, rəqəmsal həllər auditin səmərəliliyinin artırılmasına, korrupsiya risklərinin vaxtında aşkarlanmasına və dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə mühüm töhfə verir.

Azərbaycanda dövlət satınalmalarının rəqəmsal auditinə keçid genişlənir

Toplantıda Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ölkəmizdə dövlət satınalmaları sahəsində vəziyyətə diqqət çəkib. Onun təqdim etdiyi 2023-2025-ci illəri əhatə edən müqayisəli təhlilə əsasən, 2025-ci ildə dövlət satınalmalarının sayı 2023-cü illə müqayisədə təxminən 52 faiz, ümumi məbləği isə 43 faiz artıb. Bu dinamika dövlət satınalmalarının büdcə xərclərinin icrasında rolunun daha da gücləndiyini göstərir.

O qeyd edib ki, 2025-ci ildə satınalmaların say baxımından 52,4 faizi müsabiqə üsulu ilə keçirilsə də, ümumi məbləğin 54,6 faizi bir mənbədən satınalma üsulunun payına düşüb.

Hesablama Palatasının sədrinin sözlərinə görə, təhlillər zamanı müəyyən edilib ki, müsabiqə əsaslı satınalma həyata keçirən 1400-dən çox təşkilatın 64 faizi satınalma fəaliyyətinə yalnız ikinci rübdən başlayıb: “Həmçinin tikinti müqavilələrinin 40 faizindən çoxunda icra müddətində dəyişikliklər edilib və bu dəyişikliklərin əhəmiyyətli hissəsi satınalan tərəfin maraqlarına uyğun olmayıb. Bir mənbədən keçirilmiş 9035 satınalma arasında cəmi 171 müqavilə üzrə ehtimal olunan məbləğ göstərilib. Bundan başqa, bəzi hallarda elektron açıq tenderlər nəticəsində formalaşan qiymətlərin eyni predmet üzrə bir mənbədən bağlanmış müqavilələrdən daha yüksək olması əlavə təhlillərin aparılmasını zəruri edir”.

Hesablama Palatasının sədrinin sözlərinə görə, Azərbaycanda dövlət satınalmaları sahəsində son illər genişmiqyaslı institusional və rəqəmsal islahatlar həyata keçirilir. Sədr qeyd edib ki, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” yeni qanun satınalma proseslərinin daha şəffaf, rəqabətli və səmərəli təşkilinə hüquqi baza yaradıb: “Həmçinin bu sahədə dövlət siyasətini həyata keçirən qurumun idarəetmə modelində institusional dəyişikliklər aparılıb”.

Onun sözlərinə görə, Hesablama Palatası dövlət satınalmalarının auditi üzrə metodiki sənəd qəbul edib və beynəlxalq təcrübə nəzərə alınmaqla həmin sənədin yenilənməsi nəzərdə tutulur. “Bununla yanaşı, dövlət satınalmaları informasiya sistemində toplanan məlumatların xüsusi proqram təminatı vasitəsilə avtomatlaşdırılmış qaydada emalına başlanılır. Elektron platformaların tətbiqi auditorlara satınalma prosesini real vaxt rejimində izləmək, riskləri daha operativ müəyyənləşdirmək və auditin keyfiyyətini yüksəltmək imkanı yaradacaq”, - deyə Vüqar Gülməmmədov vurğulayıb.

Hesablama Palatasının sədri bildirib ki, ali audit orqanlarının fəaliyyətində yaşıl satınalmalar, sosial satınalmalar, rəqəmsal satı?almalar və riskəsaslı audit yanaşmaları xüsusi əhəmiyyət kəsb edir. Vüqar Gülməmmədov vurğulayıb ki, dövlət satınalmalarının effektiv auditi yalnız maliyyə intizamını möhkəmləndirmir, həm də iqtisadi artımın sürətlənməsinə, rəqabət mühitinin inkişafına və cəmiyyətin dövlət institutlarına etimadının güclənməsinə xidmət edir.

Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 17,9 faiz qənaət təmin olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov toplantıdakı çıxışında son illər ölkədə dövlət satınalmalarının həcminin əhəmiyyətli dərəcədə artdığını bildirib. 2020-ci ildə ümumi həcmi 6,6 milyard manat olan dövlət satınalmaları 2025-ci ildə 1,6 dəfə artaraq 10,8 milyard manata çatıb.

Agentlik sədri qeyd edib ki, dövlət satınalmalarının genişlənməsi iqtisadi fəallığın artmasına, yerli müəssisələrin sifariş portfelinin böyüməsinə, yeni iş yerlərinin yaradılmasına və özəl sektorun inkişafına mühüm töhfə verir.

Elnur Bağırov əlavə edib ki, ötən il 2 mindən çox satınalan təşkilat tərəfindən keçirilən 19 min satınalmada 9 minə yaxın təchizatçı iştirak edib, bu da dövlət satınalmalarında rəqabət mühitinin inkişaf etdiyini göstərir.

Onun sözlərinə görə, ötən il elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş vəsaitin ehtimal olunan qiymətdə xüsusi çəkisi 17,9 faiz təşkil edib. Bu nəticə rəqabətli satınalma mühitinin gücləndirilməsi, elektron satınalma mexanizmlərinin geniş tətbiqi və rəqəmsal transformasiya sahəsində həyata keçirilən islahatların effektivliyini nümayiş etdirir.

Elnur Bağırovun sözlərinə görə, dövlət satınalmalarının elektronlaşdırılması satınalma sistemində şəffaflığın və səmərəliliyin artırılmasına mühüm töhfə verir. Agentlik sədri vurğulayıb ki, dövlət satınalmalarının vahid internet portalının funksionallığının genişləndirilməsi satınalma proseslərinin daha əlçatan və operativ həyata keçirilməsinə imkan yaradıb. “2025-ci ildə 2020-ci illə müqayisədə elektron satınalmaların sayı 4,3 dəfə, məbləği isə 5,3 dəfə artıb. Bu göstəricilər rəqəmsal satınalma mexanizmlərinə etimadın yüksəldiyini nümayiş etdirir”, - deyə qurum sədri vurğulayıb. O əlavə edib ki, elektron sənəd dövriyyəsi, dövlət informasiya sistemləri arasında inteqrasiya və inzibati prosedurların sadələşdirilməsi audit imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirir.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью